Ötən əsr musiqi epoxasının son mogikanı

Iki dahinin tələbəsi

XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin korifeylərindən biri Cövdət Hacıyev musiqidə öz təkrarolunmaz üslubunu yaratmış sənətkarlardandır. Onun musiqiyə gəlişi keçən əsrin 30-cu illərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqisinin yeni yüksək zirvələr fəth etdiyi bir dövr idi və musiqi həyatına yeni qədəm basan gənclərə, “Koroğlu” melodiyaları ilə böyüyüb tərbiyə alan cavan kadrlara böyük ümidlər bəslənilirdi. Bu yeni nəsil artıq XX əsrin müasir, mürəkkəb ruhunu dərindən duyub təcəssüm etdirmək, yeni üslub və cərəyanları əxz etmək iqtidarında idi.
Cövdət Hacıyevin iki dahi müəllimi olub – Üzeyir Hacıbəyov və Dmitri Şostakoviç. Bu dahilərin hər birindən C.Hacıyev ən qiymətli ənənələri əxz edib, bəstəkarlığın müxtəlif sirlərinə yiyələnib. Xalq musiqisinə böyük sevgi və ehtiram, onun qanunauyğunluqlarına tam yiyələnmək istəyini onda məhz Ü.Hacıbəyov formalaşdırmışdı. Bəstəkarın özünün dediyi kimi xalq ruhunu kamil, klassik formalarda canlandıran Üzeyir musiqisi onun üçün həmişə nümunə olmuşdur.
Bəstəkar 5 iyun 1917-ci ildə Şəkidə dünyaya göz açmışdır. Azərbaycan Dövlət Konservatoriyasını, Moskva Konservatoriyasını bitirmişdir. Illərlə sevib-seçdiyi sənətdən dərs demiş, konservatoriyanın direktoru işləmişdir. Istedadlı bəstəkar, pedaqoq idi. Xalq artisti fəxri adı və dövlət mükafatları, orden-medallar almışdı. “Simfoniya”, “Azərbaycan süitası”, Qara Qarayevlə birlikdə “Vətən” operasını yazmışdır.
Rəqqasə Əminə Dilbazinin həyat yoldaşıdır.
1937-ci ildə dahi Bülbülün rəhbərliyi altında elmi-tədqiqat musiqi kabinetində fəaliyyət göstərməyə başlayan C.Hacıyev tələbə dostları – Qara Qarayev, Zakir Bağırov və b. ilə birgə Azərbaycanın rayonlarına folklor ekspedisiyalarına getdi. Bu səfərlər onun qarşısında milli musiqinin dərin, açılmamış qatlarını açır. 1938-ci ildə Qara Qarayevlə birgə Moskvaya, dünyanın mötəbər və ən nüfuzlu musiqi mərkəzlərindən birinə oxumağa yollanan Cövdət Hacıyev tamamilə Qərb, Avropa mühitinə düşməsinə baxmayaraq, aldığı savadı, biliyi, yiyələndiyi texnikanı milliliyin, xəlqiliyin təcəssümünə yönəldir. Müasir musiqi dili bəstəkar üçün məhz milli ruhun, milli xüsusiyyətlərin açılması üçün bir vasitəyə çevrilir. Şostakoviçin sinfində C.Hacıyevin şəxsiyyət kimi formalaşması başa çatır. Şostakoviç məktəbinin təsiri Hacıyevin bütün yaradıcılığında – istər monumental simfonik konsepsiyalarda, istərsə də kamera – instrumental əsərlərdə özünü büzurə verir. Dərin psixologizm, intellektual təfəkkür, ciddi və dəqiq dramaturji inkişaf xəttləri, həyat təzadlarının qabardılması – bütün bunları Hacıyev – simfonist Şostakoviçdən əxz etmişdi. C.Hacıyevin yazdığı kimi “hamımız üçün nümunə, zirvə təkcə Şostakoviçin partituraları deyildi. Onun özü ilə ünsiyyətin əhəmiyyəti daha güclü və təsirli idi – bu ünsiyyətdən yaradıcılıq alovu ilə yanırdıq, olduğumuzdan da yaxşı görünməyə, bacardığımızdan da çox etməyə can atırdıq”. Öz növbəsində D.Şostakoviç də daim yetirmələri Q.Qarayev və C.Hacıyevin yaradıcılığı ilə maraqlanır, onlara sanki himayədarlıq edirdi.
Dünya səviyyəli musiqi incilərinin müəllifi
Ömrünün son günlərinədək D.Şostakoviç Cövdət Hacıyevlə səmimi dostluq əlaqələrini saxlamışdı. Məhz Şostakoviçin sinfində iki böyük sənətkarın – Q.Qarayevlə C.Hacıyevin dostluğu möhkəmlənmiş, bərkimişdi. 1967-ci ildə həmin bu gündə Qara Qarayev öz dostuna belə yazmışdı: “Əziz qardaşım və dostum! Sənin 50 illiyini təbrik etmək məqamı da gəlib çatdı. Bu 50 ildən qırxını biz çiyin-çiyinə keçirmişik və həyatda, sənətdə həqiqət naminə çalışmışıq. 40 il bir yerdə. Bizim günlərdə belə sadiq dostluqla kim öyünə bilər? Mən səni çox görkəmli, yüksək istedadlı, yaradıcılıqda heç bir güzəşt bilməyən bəstəkar kimi yüksək qiymətləndirirəm. Mən bizim dostluğu da taleyin mənə bəxş etdiyi nadir sevinclərdən biri hesab edirəm. Bu dostluğu mən daim qoruyacam və onu övladlarımıza miras qoymağa çalışacağam”.
Cövdət Hacıyev, sözün əsl mənasında simfonik təfəkkürlü bəstəkar idi. Bəstəkarın ilk iri əsəri də birhissəli simfoniya olmuşdur. Doğrudur, bəstəkar bu əsərini 8 simfoniyasının sırasına daxil etməmişdir, lakin bu əsər gənc bəstəkarın simfonik özünüifadə meylindən açıq-aşkar xəbər verirdi.
C.Hacıyevin 1 saylı simfoniya kimi təqdim etdiyi əsər isə ilk dəfə 1944-cü ildə dinləyicilərin mühakiməsinə verilib. Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyünün proqramında ifa edilmiş bu əsər ilk Azərbaycan simfoniyalarından biri idi. Bu simfoniya Ü.Hacıbəyov, R.Qliyer və S.Vasilenko kimi bəstəkarlar tərəfindən mətbuatda yüksək qiymətləndirilmişdi. Gənc bəstəkar isə özünün “Ən mühüm nəticə” başlıqlı məqaləsində belə yazmışdı: “Mən özümün gələcək fəaliyyətimə üç əsas tələbi irəli sürürəm – xəlqilik, millilik və sənətkarlıq”. Ömrünün sonuna kimi də C.Hacıyev bu tələblərə sadiq qalmışdı.
Bəstəkarın növbəti uğuru 1945-ci ildə Q.Qarayevlə birgə yazdığı “Vətən” operası oldu. Ağır müharibə illərində tamaşaya qoyulmuş və “Koroğlu” operasının ənənələrini özünəməxsus tərzdə təcəssüm etdirən bu əsər C.Hacıyevin yaradıcılığında bu janrın yeganə nümunəsidir. Bütövlükdə o dövrün yaradıcılıq eksperimenti kimi maraq doğuran operanın bir çox səhifələri indi də gözəlliyini və təravətini itirməmişdir. Bu operaya görə müəlliflər SSRI Dövlət mükafatına layiq görülmüşlər.
Cövdət Hacıyevin yetkinlik yolunda növbəti uğuru 1947-ci ildə diplom işi kimi yazılmış 3 saylı “Gənclik” simfoniyası oldu. Gənclik təravəti ilə aşıb-daşan bu əsəri musiqi ictimaiyyəti yüksək qiymətləndirdi.
Bəstəkarın şəxsi arxivində D.Şostakoviçin ona yazdığı belə bir məktub var: “Əziz Cövdət, məktubunuzu almamışdan azca əvvəl Niyazinin idarəsi ilə Sizin simfoniyanızın 1-ci hissəsini dinləmişdim, gözəl səslənir. Mənə son dərəcə həyati təsir bağışladı”.  Lakin onu da xatırlatmaq lazımdır ki, bu gözəl əsəri tənqid edib, formalizmdə günahlandıranlar da tapıldı. 1948-ci ildə Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin “çox məşhur” bir qərarında D.Şostakoviç və S.Prokofyev kimi sənətkarlar “başda” olmaqla bir çoxlarını formalizmdə suçladılar. C.Hacıyev də belə bəstəkarların sırasına düşdü. Əlbəttə, bu, gələcəyə böyük ümidlə baxan gənc bəstəkar üçün güclü sarsıntı idi. Lakin mənəvi zərbə bəstəkarı ruhdan salmadı. Əksinə, C.Hacıyevin sonrakı əsərləri Azərbaycan musiqisinin qızıl fonduna daxil oldu.
Şöhrət zirvəsinə aparan simfonik əsərləri
C.Hacıyev yaradıcılığının yetkinlik dövrü Azərbaycan musiqi mədəniyyətinin çiçəklənmə dövrünə – 50-ci illərə təsadüf edib. Bəstəkar bu illərdə iki şah əsərini – “Sülh uğrunda”  simfonik poemasını və IV simfoniyasını yazır. 1951-ci ildə ilk dəfə səslənən “Sülh uğrunda” poeması parlaq milli koloriti, orijinal musiqi proqramı, bənzərsiz üslubü ilə tezliklə ölkənin sərhədlərini aşdı, Çexoslovakiyada, Polşada, Bolqarıstanda özünə çoxsaylı pərəstişkarlar tapdı. Bu əsərə görə bəstəkar II dəfə SSRI Dövlət mükafatına layiq görüldü.
1956-cı ildə bəstəkarın qələmindən çıxan IV simfoniya respublikanın musiqi həyatında hadisəyə çevrildi. Bu əsər Azərbaycan musiqi tarixində yeni, bütöv bir mərhələni açdı. Simfoniya sözün əsl mənasında vətənimizin qanlı tarixi, acılı-ağrılı, şirinli günləri, qəhrəmanlıq səhifəsi haqqında bütöv bir dastan, ürəkdən gələn bir hekayətdir. Əsər ilk dəfə 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayında ifa olunub. Daha sonra onu böyük dirijorumuz Niyazinin idarəsi ilə Moskva Dövlət Filarmoniyasının orkestri çalmış və bu əsərlə SSRI Bəsətəkarlarının III Qurultayı açılmışdı. Şostakoviç bu simfoniyanı yüksək qiymətləndirərək belə yazmışdır: “Cövdət Hacıyevin simfoniyası ölkəmizdə son dövrdə yazılmış ən yaxşı simfonik əsərlərdən biridir”.
Cövdət Hacıyev bu möhtəşəm musiqi lövhəsində bütün əsrlər boyu sənətkarları narahat edən həyat və ölüm, mübarizə və həqiqət kimi bəşəri suallara öz cavabını axtarır. Dördüncü simfoniyanın dili müasir olduğu qədər də millidir. Məlumdur ki, onun intonasiya özəyini “Bayatı-Şiraz” muğamı təşkil edir. Bəstəkar muğam ilə simfoniya qovşağında xalq, Vətən obrazını fəlsəfi-epik ümumiləşdirmələr səviyyəsinə qaldırmağa müvəffəq olmuşdur.
“Insan, Yer, Kosmos” adlanan V simfoniyanın 7 fəsildən ibarət quruluşu vahid muğam kompozisiyasını xatırladır. Simfoniyanın gərgin inkişaf yekunu isə paklığa, xeyirxahlığa, saf mənəviyyata himn kimi qavranılır. Müasir dövrün ən mühüm problemləri öz vətənini coşğun, saf məhəbbətlə sevən vətəndaş sənətkarın daim diqqət mərkəzində durmuşdur. Milləti, torpağı ilə qırılmaz tellərlə bağlı olan bəstəkar Azərbaycanın təhlükəli, çətin anlarında da öz vətəndaşlıq mövqeyini son illər yaratdığı iki böyük əsərində – “Zirvələrə” adlanan VI və Kamera orkestri üçün “Şəhidlər” simfoniyalarında parlaq təcəssüm etdirmişdir.
C.Hacıyevin musiqi ictimai xadim kimi fəaliyyəti də son dərəcə önəmli olmuşdur. O, uzun illər – 1957-ci ildən 1969-cu ilədək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışdığı zaman burada Azərbaycan xalq musiqisi kafedrası açılmış, Konservatoriyanın nəzdində Opera studiyası, habelə xalqın ən müxtəlif təbəqələrini musiqi sənətinə cəlb edən Xalq Konservatoriyası yaradılmışdır.
Cövdət Hacıyev Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur. O, 40 ildən çox işlədiyi Konservatoriyanın bəstəkarlıq kafedrasında Azərbaycan musiqisini ən tələbkar auditoriya qarşısında layiqincə təmsil edən bəstəkarlar tərbiyə etmiş, yüksək keyfiyyətli musiqiçi kadrları hazırlamışdır. Hazırda bəstəkarlıq məktəbimizin parlaq nümayəndələri olan Aqşin Əlizadə, Ramiz Mirişli, Nəriman Məmmədov, Cavanşir Quliyev və başqaları məhz Cövdət Hacıyevin tələbələri olmuşlar.
Cövdət Hacıyev 18 yanvar 2002-ci ildə vəfat edib. Onun  vəfatı ilə elə bil bizim ötən əsrin nəhəng musiqi epoxası ilə canlı əlaqəmiz də qırıldı…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir