Milli Şura noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Bildiyiniz kimi Azərbaycan Milli Məclisinə bu ilin noyabr ayının 1-də keçiriləçək seçkilərə bir neçə gün qalıb. Hətta bu mərhələdə belə parlament seçkiləri kimi mühüm siyasi kampaniya ölkə gündəminə daxil ola bilmir. Seçki şəraitinin olmaması, seçki təbliğatının hiss edilməməsi, azad rəqabət imkanlarının aradan qaldırılması, məhdud zaman daxilində belə namizədlərin ənənəvi televiziya debatlarının ictimai müzakirədən çıxarılması parlament seçkilərinə olan marağı sıfıra endirmişdir. Yeri gəlmişkən namizədlərin televiziya debatların gündəlikdən çıxarılması bir tərəfdən hakimiyyətin Milli Şuranın 2013-cü il prezident seçkiləri təcrübəsindən çıxardığı acı dərsin bilavasitə nəticəsi, digər tərəfdən isə 2018-ci ilin prezident seçkilərinə presedent yaratmaq cəhdidir. Biz Milli Şura olaraq uzun müddət seçkiqabağı vəziyyəti dəyərləndirmiş və 1 noyabr Məclis seçkilərini boykot etmək, hakimiyyətin görüntü tamaşasında iştirak etməmək haqqında qərar vermişdik. Əslində seçkilərə start verilən ana qədər ölkədəki mövcud sosial-siyasi vəziyyət, hüquqi-mənəvi durum, insan haqları sahəsindəki acınacaqlı mənzərə seçki adına təqdim edilən bu tamaşada bizim iştirakımızı mümkünsüz edirdi. Ölkə ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən dəfələrlə seçki islahatının keçirilməsi zərurəti ortaya qoyulsa da Azərbaycan hakimiyyəti xalqın səsinə dayanan parlament formalaşdırmağa deyil, təyinatlı deputat korpusu yaratmağa üstünlük verdi. Bu istiqamətdə olan tələblərimizin mərkəzində əhalinin seçki aktivliyinin artırılması, millətin səsinə dayanan qanunverici məclisin formalaşdırılması, xalqın mənimsənilmiş seçki hüququnun bərpa edilməsi zərurəti dayanırdı. Belə qənaətimiz son illərin acı seçki təcrübəsindən qaynaqlanırdı. Artıq kütləvi xarakter almış seçki saxtakarlığı ilə bağlı dinamikanı təsəvvür etmək üçün bircə fakt yetərlidir. Avropa məkanında seçkiləri müşahidə etməyə yeganə rəsmi mandatı olan ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun qiymətləndirməsinə görə ölkəmizdə 2008-ci ilin prezident seçkilərində saxtakarlığı səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olmuşdur. Saxtakarlığın bələ dinamikası Azərbaycanda seçki demokratiyası üçün çalınmış əcəl zəngi xarakteri daşıyırdı və seçki islahatı tələbimiz də məhz bu həyəcandan irəli gəlirdi. 1 noyabr seçkilərinə münasibətdə siyasi məhbus məsələsi bizim üçün müəyyənedci amil idi. Milli Şura üçün bu məsələnin prinsipial məzmuna malik olması siyasi məhbusların bir çoxunun potensial namizədlər olması ilə bağlı idi. Eyni zamanda son illərdə siyasi partiya təmsilçiləri, ictimai hərəkat fəalları, insan haqları müdafiəçiləri, seçki və hüquq maarifçiliyi ilə məşğul olan tanınmış şəxslərin və araşdırmaçı jurnalistlərin kütləvi həbsi təkcə vətəndaş cəmiyyətinin deyil, ilk növbədə seçki ideyasının çökdürülməsinə hesablanmışdı. Təəssüflər olsun ki, parlament seçkiləri ərəfəsində siyasi məhbusların azad edilməsi istiqamətində heç bir real addım atılmadı. Etibarlı beynəlxalq müşahidənin təmin edilməsi, ATƏT-in Varşava Bürosunun seçki monitorinqinə şərait yaradılması kimi mühüm məsələ də Milli Şuranın seçki strategiyasının önəmli hissəsi sayılırdı. Burada da vəziyyət ürəkaçan deyil. Müxtəlif süni maneələrlə hakimiyyət üzvü olduğu ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun 1 noyabr seçkilərinə gəlişini əngəlləyə bildi. Bununla da oktyabr ayının 9-dan başlanan təbliğat kampaniyası ölkəmizdə seçki demokratiyasının son işartılarının da sönməsi ilə nəticələndi. Nəinki xalqın, hətta siyasi mövqeyindən asılı olmayaraq namizəd kimi bu seçkiyə qatılan yüzlərlə insanların azad, ədalətli, demokratik seçkiyə olan inamı sarsıldı. 1200 nəfərdən bir qədər çox olan namizədlərin 500 nəfərə yaxını öz namizədliyini geri çəkmək məcburiyyəti qarşısında qaldı. Son 20 ilin parlament seçkiləri təcrübəsində bu ən aşağı göstəricidir. Milli Şura olaraq boykot qərarımızın doğruluğu öz təsdiqini tapdı. Milli Şura sədrinin oktyabr ayının 9-da açıqladığı yeni deputat korpusunun siyahısı ölkədə müəyyən gözlənilməz hadisələr baş verdikdən sonra belə, öz reallığını saxlamaqdadır. Ona görə də 1 noyabr seçki deyil, nəticəsi qabaqcadan bəlli olan, listəsi cəmiyyətə təqdim edilən təyinatların rəsmiləşdirilməsi mərasimidir. Heç şübhəsiz ki, Milli Şura olaraq bizim boykot qərarımız xalqın seçkiyə münasibətinin ifadəsi idi. Hakimiyyət xalqın seçki hüququnu mənimsədiyindən əhalinin seçici aktivliyinə ağır zərbə vurmuşdur. Xalq onsuz da heç bir əlavə çağırış olmadan bu seçkiləri boykot edir. Bunun üçün xüsusi hazırlığa və təşkilatlanmaya ehtiyac duyulmur. İndiyə qədər baş verənlər 1 noyabr seçkilərinin qiymətləndirilməsi üçün yetərlidir. Əslində, seçki hazırlıqları deyil, hakimiyyətin növbəti dəfə mənimsənilməsi prosesi başa çatdırılır. 1 noyabrın tədbirinin siyasi məzmunu və mahiyyəti bundan ibarətdir. Ona görə həmin tarixdə seçki adı ilə keçiriləcək məzhəkə milli iradənin ifadəsi ola bilməz. Bu səbəbdən Milli Şura xalqın səsinə dayanmayan seçkilərin nəticələrini tanımayacaqdır”.
Milli Şuradan seçki bəyanatı
•
•