Özünü vətənpərvər kimi göstərənlər niyə susur?
Reallıq budur ki, hakimiyyətin xarici siyasəti tam iflasa uğrayıb. Daha dəqiq desək, dövlətin və millətin maraqlarına xidmət etməli olan siyasət şəxslərin maraqlarına xidmət edib. Məhz buna görə də bu gün Azərbaycan hakimiyyəti demokratik dünya ilə konfrontasiya vəziyyətindədir və beynəlxalq aləm YAP hakimiyyətini açıq şəkildə ifşa edir.
Hakimiyyət isə avtoritar siyasətini davam etdirmək üçün Rusiyaya tərəf əyilib. Düzdür, bu hakimiyyət bütün dönəmlərdə Rusiyanın maraqlarına xidmət edib. Amma son dövrlər Rusiya seçimi daha aydın şəkildə ifadə olnur. Belə ki, dünənə qədər real müxalifəti “Rusiya proyekti” adlandıranlar, ölkədə “5-ci kolon” axtarışına çıxanlar, müstəqil siyasətdən danışanlar, bu gün nümayişkaranə şəkildə Rusiyanın qucağına atılırlar. Bu həmin Rusiyadır ki, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Qarabağın işğalının əsas təkanverici qüvvəsidir. Amma hakimiyyət üçün bütün bunların önəmi yoxdur. Indiki mərhələdə əsas məqsədləri Qərbin demokratiya tələblərindən yayınmaq üçün Rusiyanın dəstəyini almaqdı.
Son dövrlər müşahidə etdiyimiz bir neçə məqam onu deməyə əsas verir ki, hakimiyyət Qərbə inteqrasiyadan tam imtina edib. Diqqət etdinizsə, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avrasiya Birliyinə qoşula biləcəyinin mesajını verdi, Baş nazirin müavini Yaqub Eyyubov Azərbaycan xalqının adından bəyan etdi ki, biz Rusiyanı seçirik, Allahşükür Paşazadə Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəklədiyini bildirdi, Oqtay Əsədov rusiyalı jurnalistlərlə görüşündə “Rusiyanı müdafiə etdiyimizə görə Qərbdən bizə təzyiq var” söylədi. Eyni zamanda parlament seçkilərində də hakimiyyətin əsas gözləntisi Rusiyadır. Ona görə də Rusiya KIV-lərinin, QHT-lərinin dəstəyini təmin edirlər, seçki müşahidəçiləri ruslardan və rusmeyllilərdən ibarətdir. Hətta Azərbaycan xalqını təhqir edən Jirinovski seçkilərin şəffaf keçəcəyinə əminlik ifadə edir və hakimiyyət mətbuatı bunu tirajlayır.
Göründüyü kimi, birmənalı şəkildə Rusiya seçimi edilib və ölkəni Rusiyanın ixtiyarına buraxmaq istəyirlər. Həm də zəif və potensialı olmayan Rusiyanın. Bu gün Rusiyanın rezervləri sürətlə azalır, Qərbin sanksiyaları ölkə iqtisadiyyatını çökdürür və ekspertlər növbəti mərhələni daha pis proqnozlaşdırır. Belə bir reallıqda ölkəni Rusiyaya sürüyüb aparmaq, Azərbaycanı dünyadan təcrid etməkdir. Hakimiyyət daha çox qala bilmək, daha çox ölkə sərvətlərini talan etmək üçün müstəqilliyi satmağa da hazırdılar.
Amma belə bir təhlükəli məqamda özün vətənpərvər, millətçi, ziyalı kimi təqdim edənlər susurlar. Başqa vaxt milli maraq keşikçisi kimi çıxış edənlər, müstəqillik aşiqi kimi təqdim olunanlar, susmağa üstünlük veriblər. Gecə-gündüz mətbuatda “Rusiya proyekti” axtaranlar, Milli Şuranı xəyanətdə ittiham edənlər, indi əsl Rusiya proyektinin kimliyini gördükləri halda, qorxularına təslim olublar.
Bir daha aydın olur ki, bu adamlara müstəqillik, milli maraqlar qətiyyən lazım deyil. Sadəcə olaraq vətənpərvərlik pərdəsi altında öz maraqlarını təmin etməklə məşğuldular. Hakimiyyətin xarici siyasətin vektorunu Rusiyaya çevirməsi bu adamları narahat etmir. Yəqin ki, bu dəfə Rusiya sevdalısı kimi çıxış edəcəklər. Çünki, səcdə etdikləri hakimiyyətin maraqları bunu tələb edir.
Qısası, hakimiyyət dövlətin sərvətlərini talan edəndən sonra dövlət müstəqilliyini də qurban verməyə hazırlaşır. Xəyanətə “milli maraq” adı verərək ölkəni odun içinə atırlar.
Samir