Fuad Qəhrəmanlı: «Rusiyanın zəifləməsi Qarabağ münaqişəsinin həlli üçün perspektiv vəd edir»
Rusiyanın yürütdüyü aqressiv xarici siyasət uzun müddət davam edə bilməyəcək. Çünki Kremlin bu siyasəti ciddi maliyyənin olmasını tələb edir. Neftin qiymətinin düşməsinin Rusiyaya ciddi təsir etdiyi və Moskvanın ciddi maliyyə itkisinə uğradığı reallıqdır. Eyni zamanda bunu Rusiya rəsmiləri də etiraf edir.
Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, əgər dünya bazarında enerji daşıyıcılarının qiyməti indiki həddə qalsa, ölkənin ehtiyat fondu qurtara bilər. O, oktyabrın 27-də Moskvada jurnalistlərə 2015-ci ildə büdcə kəsirinin 2,6 trilyon rubl (41 milyard dollar) olacağını bildirib. Nazir həmçinin qeyd edib ki, neftin barreli 45 dollar, 1 dollar isə 62 rubl səviyyəsində olsa, 2016-cı ildə büdcə kəsiri 900 milyard rubl olacaq. Bu isə o deməkdir ki, 2016-cı il büdcə ehtiyatından istifadə üçün son il olacaq və bundan sonra resurslar tükənəcək. O qeyd edib ki, ona görə də bu ölkənin gündəliyində duran 1 nömrəli məsələ olmalıdır. 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Moskvaya qarşı tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərbə vurub. Bundan başqa, Rusiya 2014-cü il Qış Olimpiya oyunları, Krımın bərpasına və Suriyadakı hərbi kampaniyaya milyardlarla vəsait xərcləyib. Əslində maliyyə nazirinin etirafları Rusiyanın xarici siyasət kurusunu da təhlükə altına alır. Bu isə o deməkdir ki, Rusiyanın Cənubi Qafqaz, Suriya, Ukrayna siyasəti ciddi dəyişikliyə uğrayacaq. Bundan başqa, Rusiyanın aqressiyasının zəifləməsi Qarabağ probleminin həllinə və postsovet məkanının demokratikləşməsinə də təsir edə bilər.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyanın maliyyə vəziyyətinin ağırlaşması özünü xarici siyasətdə də göstərəcək. F.Qəhrəmanlının sözlərinə görə, hazırda Putin hakimiyyətinin həm postsovet məkanında yeritdiyi aqressiv siyasət, həm Suriyada atdığı addımlar böyük maliyyə vəsaitləri tələb edir. Rusiyanın ÜDM-nin bu il üçün 5 faiz azaldığını deyən F.Qəhrəmanlı bildirdi ki, Qərbin sanksiyaları Rusiyada ciddi maliyyə çatışmazlığına səbəb olsa da, Putin hakimiyyəti mövcud maliyyə rezervlərindən yararlanaraq aqressiv siyasətini davam etdirir: “Artıq 2017-ci ildə Rusiyanın maliyyə rezervlərinin tamamilə tükənəcəyi vurğulanıb. Sanksiyalar davam edərsə və neftin qiyməti hazırkı səviyyədə qalarsa, Rusiya dövlət kimi defolta doğru gedir. Mövcud şərtlər dəyişməyəcəyi təqdirdə Rusiyanı çox ağır maliyyə böhranı və bundan yaranacaq siyasi kataklizmlər gözləyir.
Suriyada Rusiyanın bir günlük xərci 4 mln. dolardır. Şərqi Ukrayna və Krım isə Rusiya büdcəsinə 10 milyarda qədər əlavə xərc gətrir. Böhran şəraitində Rusiya büdcəsi belə bir ağır yükü uzun müddət çəkə bilməyəcək. Əslində, Qərbin arxayın davranışları da bununla bağlıdır. Rusiyanın eyni zamanda Cənubi Qafqazda hərbi mövcudluğunu davam etdirməsi də maliyyə imkanlarından asılıdır. Həm Ermənistandakı bazaların saxlanılması, həm də Ermənistanın dəstəklənməsi böyük maliyyə vəsaitləri tələb edir. Suriyadakı proseslər də uzanarsa, o zaman Rusiyanın bu ölkədə hərbi əməliyyatları dayandırmaqdan başqa yolu qalmayacaq”.
Rusiyaya qarşı sanksiyaların davam edəcəyi təqdirdə proseslərin Rusiyanın öz daxilinə keçəcəyini vurğulayan F.Qəhrəmanlı bildirdi ki, maliyyə böhranının son həddə qədər dərinləşməsi onunla nəticələnəcək ki, Rusiya hakimiyyətindən daxili narazılıq artacaq. Əhali gündəlik yaşayış tələbatını ödəyə bilmədiyindən sosial narazılıq da güclənəcək. Bu da öz növbəsində sosial kataklizmlərə, sabitliyin pozulmasına səbəb olacaq: “Bu isə hakimiyyətlə cəmiyyət arasında qarşıdurma mühitinin yaranması deməkdir. Hətta Rusiyanın bugünkü ekspansiya siyasətilə fəxr edən Rusiya vətəndaşları belə, çətin sosial problemlərlə qarşılaşdıqları zaman istər-istəməz Putin hakimiyyətinə münasibətlərini dəyişməli olacaqlar. Nəticədə Putinin yürütdüyü aqressiv xarici siyasətin Rus xalqının maraqlarına xidmət etməsi barədə deyilənlər ən mühafizəkar təbəqələr arasında belə şübhə doğuracaq”.
F.Qəhrəmanlı bildirdi ki, getdikcə artan maliyyə çətinlikləri Putinin həyata keçirdiyi siyasəti davam etdirmək imkanlarını aradan qaldırır: “Putin hakimiyyəti də bunu gördüyündən Suriyada hərbi əməliyyatlara başlamaqla Qərbi özü ilə danışıqlara vadar etmək istəyirdi. Yəni Suriyada bir növ Əsədi satmağın müqabilində Ukaynada Qərbin dəstəyinə nail olmaq məqsədi güdülürdü. Amma bu siyasət alınmadı. Putin IŞID-ə qarşı hücumları artırmaqla özünü Qərbə terrorçu qüvvələrə qarşı mübarizə aparan partnyor kimi təqdim etməyə çalışır. Yəni Putinin məqsədi heç də Əsəd rejimini qorumaq deyil”.
Rusiyanın zəifləməsinin Qarabağa, Cənubi Qafqaza nə vəd etdiyinə gəlincə, F.Qəhrəmanlı vurğuladı ki, bu, ölkə daxilində təlatümlərin meydana gəlməsi fonunda, Rusiyanın Qarabağda separatizmi müdafiə etməsinə, Cənubi Qafqazda hərbi mövcudluğunu gücləndirməsinə, Ermənistana dəstəyinin zəifləməsinə gətirib çıxaracaq. Bu da Qarabağ münaqişəsinin həlli üçün perspektiv vəd edir”
Xəyal