Həsən Kərimov: «Iqtidar anlayır ki, beynəlxalq təşkilatlar seçkiləri izləməkdən imtina etdikdən sonra iqtidarın ATƏT-də, Avropa Şurasında vəziyyəti ağır olacaq»
Parlament seçkiləri ilə bağlı təbliğatın sönük ab-havada keçirilməsi, nüfuzlu beynəlxalq təşkilatınların seçkiləri müşahidədən imtina etməsi hakimiyyəti ciddi narahat edir. Məhz rəsmi qəzetlərdə aparılan təbliğat onu deməyə əsas verir ki, iqtidar seçkilərin beynəlxalq aləmdə boykot edilməsi ilə barışmaq istəmir. Bu üzdən ATƏT-in seçkilərlə bağlı rəyi, seçkiləri müşahidədən imtina etməsi, ABŞ-da Azərbaycanla bağlı seçki müzakirələri hər cəhdlə gözdən salınmağa çalışılır.
Əslində hazırkı seçki ab-havası heç bir zaman müşahidə olunmayıb. Bütün dünyanın seçkilərlə bağlı rəyinə istinad etdiyi ATƏT seçkiləri müşahidədən imtina edib. Bu seçkilərin legitimliyini birbaşa şübhə altına alan faktordur. Digər bir tərəfdən ölkənin real demokratik qüvvələri seçkilərdə iştirak etmir. Budəfəki seçkidə tele çıxışlar da olmadı. Seçkiyə qatılan Müsavat Partiyası da seçki gününə bir neçə gün qalmış qeyri-bərabər yarışdan geri çəkildi.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov hesab edir ki, hakimiyyət bu cür təbliğatı ilə heç nəyə nail olmayacaq. Bu cür təbliğat aparmaqla hakimiyyətin ictimai rəyi öz xeyrinə çevirməyə çalışdığını deyən H.Kərimov vurğuladı ki, cəmiyyətdə hakimiyyətə münasibət birmənalıdır: “Hakimiyyət gözəl bilir ki, xalq seçkiləri boykot edib. Iqtidar gözəl anlayır ki, beynəlxalq təşkilatlar da seçkiləri izləməkdən imtina etdikdən sonra iqtidarın ATƏT-də, Avropa Şurasında vəziyyətləri ağır olacaq. Bu cür münasibət isə Azərbaycana qarşı sanksiyaların tətbiqini gündəmə gətirir. Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatları nüfuzdan salmaq əvəzinə qarşıdan gələn 1 noyabr seçkilərini təxirə salmalı və bir neçə ay sonra real müxalifət qüvvələrinin də qatıla biləcəyi demokratik, azad və ədalətli seçkilər keçirməlidir”.
Xəyal