Komitə sədri “Azadlıq”ın zəngindən diksindi
Müdhiş cinayətlə bağlı ona zəng vurduq; O, «Azadlıq» adını eşidən kimi telefonu qapatdı
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun bir neçə ay əvvəl oğurlanan qardaşı külli miqdarda pulun müqabilində azadlığa buraxılıb. Bu barədə məlumat “Yeni Müsavat” qəzetinin dünənki sayında dərc olunub. Qəzetin etibarlı mənbələrdən aldığı informasiyaya görə, bu əməliyyatı Azərbaycanda fəaliyyət göstərən Hacı Məmmədovun dəstəsinə bənzər cinayətkar qruplaşma reallaşdırıb.
Onu da qeyd edək ki, hazırda mühacirətdə olan MTN-in sabiq əməkdaşı Ramin Nağıyev də məqalələrində ölkəmizdə Hacı Məmmədovun dəstəsindən də böyük bir dəstənin hələ də fəaliyyət göstərdiyini etiraf etmişdi. Dəstə Kərəm Həsənovun qardaşlarından birini axşam saatlarında uzun müddətli izləmədən sonra oğurlayıb. Daha sonra o, Dağıstana aparılıb. Bir neçə gün sonra baş verən olay barəsində Kərəm Həsənova zəng edilərək məlumat verilib və komitə sədrindən külli miqdarda pul istənilib. Dəstə yalnız istədikləri məbləğin onlara çatdıralacağı təqdirdə girovu azad buraxacaqlarını bəyan ediblər. Təxminən 15 gün sonra tələb olunan məbləği cinayətkarlara çatdıran Kərəm Həsənov qardaşını girovluqdan azad edib. Mənbə qəzetə məlumatında bildirib ki, qardaşının azad olunması üçün Kərəm Həsənov bir neçə milyon dollarından keçməli olub. Daha bir maraqlı məlumat ondan ibarətdir ki, Kərəm Həsənov qardaşını oğurlayan dəstənin başında kimlərin durduğunu və həmin dəstənin hansı cinayətlərə imza atdığını bilir. Amma bu dəstəni himayə edən şəxslərin kifayət qədər yüksək çinli olması onu susmağa vadar edir.
Eyni zamanda “Yeni Müsavat”a məlumatı ötürən mənbə vurğulayır ki, Kərəm Həsənov və onun deputat qardaşı Malik Həsənovun vəziyyəti bəzi mətbuat orqanlarında yazıldığı kimi yaxşı deyil. Həsənovların biznes gəlirlərinin böyük hissəsi əllərindən alınıb. Kərəm Həsənovu tam məhv olmaqdan isə onun iqtidarda müəyyən dayaqlarının olması xilas edib.
Hüquq-mühafizə orqanlarında bu barədə hər hansı məlumatın olub-olmadığını öyrənmək üçün DIN-in mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirdi ki, qəzetdə çap olunan informasiya haqqında mətbuat xidmətində hər hansı məlumat yoxdur.
DIN rəsmisinin sözündə həqiqət ola bilər. Çünki adətən bu tip cinayətlərdə zərərçəkənə hüquq-mühafizə orqanlarına məlumat verməmək tapşırılır. Mütəşəkkil dəstə qurbanının yaxınlarını xəbərdar edir ki, əgər məsələ barədə hüquq-mühafizə orqanlarına hər hansı məlumat verilərsə, nəticə yaxşı olmayacaq. Mümkündür ki, Kərəm Həsənov da belə bir xəbərdarlıq alsın və bir daha qardaşını görə bilməmək təhlükəsini dərk edərək faktı hüquq-mühafizə orqanlarından gizlətsin.
Mövzuya aydınlıq gətirmək məqsədi ilə Kərəm Həsənovun özü ilə də əlaqə saxladıq. Komitə sədri ilə aramızda belə bir dialoq oldu:
– Kərəm müəllim salam, necəsiz?
– Salam, çox sağ olun, kimdir danışan?
– “Azadlıq” qəzetindən narahat edirik…
– Köməkçisidir, köməkçisidir…
Komitə sədri bundan sonra telefonu bağladı.
Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovla isə gün ərzində əlaqə yaratmaq cəhdimiz bir nəticə vermədi.
Informasiya şöbəsi