Müsavat seçkidə iştirakdan geri çəkildi

musavat-pMüsavat Partiyası 1 noyabr parlament seçkisində iştirakını dayandırır. Bu barədə partiya Divanının 28 oktyabr tarixli iclasında qərar verilib.

Qərarla bağlı mətbuata açıqlama verən partiya başqanı Arif Hacılı deyib ki, Müsavat seçkinin müxtəlif mərhələlərində iştirakı, həmçinin boykotu  müzakirə edəcəyini bildirmişdi. O, seçkiqabağı və təbliğat prosesində baş verən qanun pozuntularından danışıb və qeyd edib ki, hakimiyyət seçki prosesini artıq cari məsələ kimi həyata keçirir.

Qərarda göstərilir ki, partiya aşağıda sadalananları nəzərə alaraq seçkidə iştirakdan imtina edir:

– Siyasi məhbusların həbsdən azad edilmədiyini;

– Seçki qanunvericiliyində demokratik islahatların aparılmadığını;

– Seçki komissiyalarının hakimiyyətintam nəzarəti altında olduğunu;

– Namizədlər arasında ayrıseçkiliyə yol verildiyini;

– Müsavat Partiyasının çox sayda namizədinin qeiydiyyatından əsassız imtina edildiyini,

– namizədliyin irəli sürülməsi, imza toplanması, namizədlərin qeydə alınması dövründə namizədlərə, imza toplayan şəxslərə və müxalifət namizədlərinin xeyrinə imza verən seçicilərə qarşı qanunsuzluqlar və zorakılıqların törədildiyini;

– Bərabərhüquqlu təbliğat imkanlarının yaradılmadığını;

– Müstəqillik tariximizdə ilk dəfə olaraq namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmadığını;

– ATƏT-in Müşahidə Missiyasının ölkəyə buraxılmadığını;

– Müxalifətdən olan namizədlərin seçki məntəqələrinə məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilərin iştirakının qarşısının qeyri-qanuni alındığını;

– Seçki kampaniyası dövründə MSK və dairə seçki komissiyalarının, Apellyasiya və Ali Məhkəmənin verdikləri qanunazidd qərarların davam etdiyini;

– Seçkilərin azad və ədalətli keçiriləcəyinə heç bir etimadın qalmadığını əsas götürərək;

– bu mərhələdə avtoritarizmə qarşı mübarizə imkanlarının əsasən tükəndiyini.