Əsabəli Mustafayev: «Avropa Məhkəməsinin qərarları təkcə təzminatdan ibarət deyil»
Fuad Ağayev: «İlqar Məmmədovla bağlı Nazirlər Şurasının dörd aktı var»
Avropa Insan Haqları Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Birliyinin Nazirlər Şurasının məhkəmə qərarlarını icra etməyən dövlətlərə qarşı sankisiyalar tətbiq olunacağı ilə bağlı xəbərdarlığı olub. Həmin ölkələr arasında Azərbaycan da var. Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa Insan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov isə Avropa Məhkkəməsində qəbul olunmuş qərarların icrası ilə bağlı heç bir problem olmadığını bildirib.
Çingiz Əsgərov problem olmadığını desə də, ancaq bununla bağlı xeyli məhkəmə qərarlarının icra edilməməsi barədə məlumatlar var. Əli Insanov və Ilqar Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılması, AXCP sədri Əli Kərimliyə ümumvətəndaş pasportunun verilməməsi barədə Avropa Insan Haqları Məhkəməsinin qərarları bu günə kimi icra olunmayıb.
Tanınmış vəkil Əsabəli Mustafayev Cingiz Əsgərovun açıqlamasına münasibət bildirərək bunları dedi: “Bizim göndərdiyimiz işlərdən bir çoxunda bu hallar var. 2009-cu ildən Mikayıl Məmmədov barəsində çıxarılmış ədalətli məhkəmə araşdırması hələ də yerinə yetirilməyib. Eləcə də 2003-cü il 16 oktyabr hadisələri ilə əlaqədar ”Əsədbəyli və digərləri Azərbaycan hökumətinə qarşı” işi üzrə 2012-ci ilin dekabrında qərar qəbul olunsa da, ədalətli məhkəmə araşdırılması hələ də təmin olunmayıb. Prosedura görə, Ali Məhkəmə həmin işə yenidən baxıb uyğun qərar verməlidir. Cingiz Əsgərov açıqlama verərkən yəqin ki, maddi və mənəvi ziyana görə ödədikləri təzminatları nəzərdə tutub. Avropa Məhkəməsinin qərarları təkcə təzminatdan ibarət deyil”.
Vəkil Fuad Ağayev də Avropa Insan Haqları Məhkəməsinin qərarlarının təzminatla yekunlaşmadığını bildirərək qərarlardan irəli gələn fərdi və ümumi müddəaların yerinə yetirilmədiyini söylədi: “Sərdar Cəlalöğlu ilə bağlı ilk işdə onun fiziki işgəncəyə məruz qalması faktının məhkəmə qərarında yenidən araşdırılması qeyd olunsa da, hələ bu günə kimi həmin işə baxılmayıb. Eləcə də, Ilqar Məmmədovla bağlı Avropa Insan Haqları Məhkəməsinin qərarının yerinə yetirilməməsinə görə həmin məhkəmənin qərarlarının icrasına nəzarət funksiyasını aparan Nazirlər Şurasının dörd aktı var; iki qərar və iki qətnamə”.
Təzəxan Mirələmli