Eldar Mahmudovun özü yaxşıdır, ətrafı pis?

eldar-mahmudov-ve-koYaxud, «cinayətkar» adlandırılan adamın, cəzasız qalmasının məntiqi

Bu ölkədə baş verənlər həqiqətən də qeyri-adidir. Müşahidə etdiklərimizə ad verməkdə çətinlik çəkirik. Təkcə MTN-lə bağlı xəbərlərdən yararlanaraq, möhtəşəm bir komediyanın ssenarisini yazmaq olar. Təsəvvür edin ki, bir həftədir ölkə çalxalanır, onlarla general həbs olunub və həbs dalğası davam edir. Üstəlik mətbuat MTN-dəki cinayətlərdən, korrupsiyadan, keçmiş nazirin bahalı mülklərindən, bu qurumun sahibkarlara göstərdiyi təzyiqlərdən yazır. Hökumət təmsilçiləri keçmiş nazirin fəaliyyətini lənətləyir,  az qala adamı vətənə xəyanətdə suçlayırlar, milyardları oğurladığını iddia edirlər və.s

Amma bütün bunlara baxmayaraq Eldar Mahmudov azadlıqda gəzir. Adam bu qədər cinayət əməlləri törədib, hətta   mühafizəçiləri də həbs olunub, amma özü rahat yaşayır. Biz, kiminsə həbs edilməsi arzusu ilə yaşamırıq. Onu da gözəl bilirik ki, digərləri Eldar Mahmudovdan daha çox çirkaba bulaşıb. Sadəcə olaraq, baş verənlər absurdun zirvəsinə dırmaşmaqdı. Adamın bütün generalları qatı cinayətkar kimi həbs olunur, hər gün yeni-yeni cinayət faktları tirajlanır və keçmiş nazirə toxunun yoxdur. Sanki Eldar Mahmudova da  “özü yaxşıdır, ətrafı pis” təbliğatı düzəldirlər.

Eyni sözləri Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev haqqında da demək olar. Məlum olur ki, adam milyardlarla pulu heç bir zəmanət olmadan müəyyən adamlara paylayıb, kredit verib. Hətta yayılan məlumata görə Eldar Məhmudovun “vurulması” məhz qudası Cahangir Hacıyevlə birlikdə maliyyə xəyanətinə yol verməsilə bağlıdır. Bəli, ölkənin milyardları bir bank tərəfindən havaya sovrulub, Cahangir Hacıyev haqqında ən ağır ittihamlar səsləndirilir və bu adam da azadlıqdadır.

Axı bu necə ola bilər? Gecə-gündüz bu adamların cinayət əməlləri ilə bağlı palaz-palaz yazılar yazılır, rəsmi açıqlamalar verilir, Eldar Mahmudovun sağ əli olan generallar bu işlərə görə cəzalandırılır, amma şef toxunulmaz qalır.

Hakimiyyətin bu analoqsuz ikilistandartının səbəbi nədir? Necə olur ki, Intiqam Əliyevi, Anar Məmmədlini, Leyla Yunusu və digərləri “vergidənyayınma” ittihamı ilə ən ağır cəzaya məhkum edilir, amma 10 milyardları talan edənlər azadlıqda gəzir?

Seymur Həzini kiməsə şillə vurmaqda ittiham etdilər və 5 il yarım həbs cəzası verdilər. Məmməd Ibrahim kiminsə köynəyinin yaxasını cırdığına görə ən ağır maddələrlə cəzalandırıldı.

Halbuki, MTN-də baş verənlər dövlətin “şillələnməsi”, dövlətin “yaxasının cırılması” deməkdir.

Bəli, baş verənlərə bütün dünya məəttəl qalıb. Bu ölkədə məntiq, hüquq, qanun milli valyutadan daha çox devalvasiyaya uğrayıb. Hamıya sübut etmək istəyirlər ki, uzun illərdi ölkədəki bütün neqativlərin başında MTN dayanırmış. Amma heç kimə izah etmək istəmirlər ki, əsas fiqurlar niyə toxunulmazdı.

Görünür, bu hay-küydə məqsəd  açar adamları zərərsizləşdirmək yox, bu “açar”lardan istifadə edib xəzinənin yerini tapmaqdı. Istədiklərini alandan sonra MTN-də baş verənləri unutdurmağa çalışacaqlar və proses başqa məcraya yönləndiriləcək.

Bir sözlə, biz cinayətkarlıqla mübarizəni cinayətkarı sığortalayaraq aparırıq. Etiraf etməyə məcburuq ki, bu hakimiyyətin sözün həqiqi mənasında analoqu yoxdur. Bizə cinayətkarı göstərirlər, onun əməllərini bir-bir ortaya qoyurlar, amma özünə toxunmurlar. Bəlkə də şəxsi məsuliyyətə cəlb etməyin yeni növünü tapıblar və bizə xəbər vermirlər.

İlham