Səməd Seyidovun ABŞ-a apardığı «sendviç»i, Oqtay Əsədov Rusiyaya daşıyır
Azərbyacan hakimiyyətinin oyuncaq siyasəti davam edir. Hər dəfə demokratiya tələbi güclənəndə, hökumətimiz çürük arqumentlərlə silahlanır. Indiki mərhələdə isə Qərblə münasibətlər tamam qırılıb, mötəbər qurumlar Azərbaycan hakimiyyətinin avtoritar mahiyyətini etiraf edir və heç bir halda iqtisadi maraqların demokratiya tələblərini arxa plana keçirməycəyinin anonsu da verilib. Belə bir məqamda hökumətimiz Rusiyaya söykənməkdən başqa çıxış yolu görmür. Çünki, məqsəd dövlətin deyil, hakimiyyətin maraqlarını təmin etməkdir.
Məhz buna görə də Milli Məclisin spikeri Oqtay Əsədov rusiyalı jurnalistlərlə görüşündə Qərbin Azərbaycana təzyiqini Rusiya amili ilə əlaqələndirməyə çalışıb: “Azərbaycan öz siyasətini müstəqil şəkildə yürütmək niyyətindədir. Bizə qarşı təzyiqin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Bizim prezident sərbəst siyasət aparmaq istəyir. Bu isə çoxlarının xoşuna gəlmir və bizə qarşı hücumların mahiyyəti də məhz bundan ibarətdir”,- deyə Əsədov bildirib.
Göründüyü kimi, hakimiyyət demokratiya və insan haqlarından imtinasını və bunun müqabilində Qərblə yaranmış problemləri Rusiyanın üzərinə atır. Yəni Rusiyaya mesaj verirlər ki, səni müdafiə etdiyimizə görə təhlükə ilə üz-üzə qalmışıq. Yuxarıda da qeyd etdiyimiz kimi artıq Qərbi aldatmaq, Rusiyadan Qərbə şikayət etmək imkanları da tükənib.
Xatırlayırsızsa, bir müddət əvvəl Səməd Seyidov ABŞ-a sübut etməyə çalışırdı ki, Rusiya Azərbaycanı “sendviç” kimi əzir və buna görə də Azərbaycan demokratik islahatlara imza ata bilmir. Indi isə hakimiyyətin maskası tamam cırılıb və dünya başa düşür ki, məsələ Rusiyanın “sendviç”ində deyilmiş.
Əslində, hakimiyyətin Rusiya arqumenti də ifşaya məhkumdur. Çünki, bu gün Azərbaycan hakimiyyətindən Rusiya ilə münasibətləri kəsilmək, Rusiyaya müharibə elə etmək tələb olunmur. Yeganə tələb siyasi məhbusların azad edilməsi, şəffaf seçki keçirilməsi, insan haqlarına hörmətlə yanaşmaqdır. Həm də bu mötəbər qurumlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etməklə, hakimiyyətin “qərəz”, “ikili standart” arqumentini də zərərsizləşdiriblər.
Yəni aydın şəkildə ifadə olunur ki, Azərbaycan hakimiyyətindən demokratik öhdəliklərə əməl edilməsi tələb olunur. Hakimiyyət isə “ənənə”sinə sadiq qalaraq, əsas mətləbdən qaçmaqla məşğuldu və yeganə üz tutacaqları ünvan Rusiya qalıb.
Yəni hakimiyyət başa düşür ki, demokratiya tələbləri daha da sərtləşəcək, heç bir güzəşt olmayacaq. Ona görə də Rusiyanın çətirinə sığınırlar və “sənə görə dünya ilə düşmən olmuşuq” mesajı göndərirlər.
Bəli, yenə də anti-milli, yarıtmaz siyasətlərini pərdələmək üçün vasitə axtarırlar. Bir vaxtlar Qərbə “sendviç” arqumenti ilə gedənlər indi eyni arqumentlə Rusiyaya üz tutublar.
Samir