Əliyevlərin dəyişən favoritləri və acı talelər (1-ci yazı)

…Surət Hüseynov, Rəsul Quliyev, Əli Insanov, Fərhad Əliyev… Buraya hakimiyyətin kiçik miqyaslı favoritlərini, məsələn, Rza Ibadov kimilərini əlavə etsək, siyahını daha da uzatmaq olar. Hazırda isə, Ziya Məmmədov, Kəmaləddin Heydərov və əlbəttə, Rövnəq Abdullayev Əliyevlərin onlara tanıdığı “limitsiz” səlahiyyətlərinin “icrası” ilə məşğuldurlar. Bu məmurlar görəsən öz sələflərinin aqibəti haqda heç düşünüblərmi? Qaçılmaz olan “qara günləri” üçün hansı addımları atırlar? Maraqlıdır, deyilmi?…

Tarix bu tip favoritlələ zəngindir. Müxtəlif əsrlərdə, ayrı-ayrı quruluşlarda müşahidə etdiyimiz bu sevimlilərin tək bir vəzifəsi olub: xalqın hakimiyyətə olan narazılığının bir hissəsini hökmdarlarla paylaşmaq, “yaxşı çar” illizüyasını yaşatmaq. Və artıq istifadə olunub tükəndiyi zaman isə ən yaxşı halda yaşadığı məmləkətdən didərgin düşmək.
…Yəqin ki, hər kəs keçmiş baş nazir Surət Hüseynovun, o vaxt nazir vəzifəsini icra edən Fəzail Ağamalıya vurduğu şilləni xatırlayır. Heydər Əliyevin ilk favoriti o vaxtlar ölkədə ən “vacib adam” sayılırdı, hətta mal-qarası itən belə, ona müraciət edirdi. Prezident sanki ikinci plana keçmişdi. Lakin hadisələrin sonrakı axarı onu göstərdi ki, bu elə əslində Surət Hüseynovu bitirmək planının bir hissəsidir. Hər yerdə prezidentin adından danışan, lakin öz fərqli yanaşmasından əl çəkməyən keçmiş polkovnik-baş nazir, asanlıqla tələyə düşdü və kreslodan birbaşa soyuq zindana köçdü. Və ən azı hakimiyyət bir müddət guya onun vurduğu yaraları “sarımaqla” məşğul oldu. Favorit qismində isə bu dəfə səhnəyə parlamentin spikeri Rəsul Quliyev çıxdı. Mən onun mühacirətdə yazdığı kitabları, ictimaiyyətə verdiyi siyasi mesajları oxuduqca heyrətə gəlirəm! Doğrudanmı bu həmin insandır? Yadımdadır, Elçibəydən sonra ali məktəb müəllimləri və ziyalılar rüşvət götürməkdə tərəddüd edirdilər və etiraf edək ki, maddi cəhətdən bir qədər çətinlikləri var idi. Rəsul Quliyevin ali məktəb müəllimləri ilə görüşü zamanı onlara dediyi söz hələ də yadımdan çıxmır: “O boyda ali məktəblər əlinizdə, gedin əvvəl (!) necə işləmisiniz, elə də işləyin də!”. Vəssalam. Bundan sonra adi bir dekanın adı 26 milyonluq məhkəmə qalmaqalında niyə də hallanmasın?. Favoritlərin ən şanslısı da saymaq olar Rəsul Quliyevi. Mal-dövlətinin bir qismini, ən əsası isə, canını qurtara bilmişdi. Əslində o, hakimiyyətə qarşı çıxmırdı, sadəcə növbəti qurban idi, tək günahı müəyyən dairələrdə nüfuzu hakimiyyəti təlaşa salmışdı. Hətta bir sıra vacib görüşlərdə, məsələn, məşhur Bişkek sazişini dövlət başçısı statusunda o imzalamışdı. Lakin hakimiyyət onu daha “yüksək” qiymətləndirdi və onu siyasi varis kimi görməmək üçün sıradan çıxardı.
Daha sonra ölkədə bir “Azpetrol” rüzgarı əsməyə başladı. Böyük şirkətlər qrupu idi, sanki ölkədə bütün quruculuq və xeyriyyə işlərinə bu şirkət cavabdeh idi, – Heydər Əliyev fondunun binasını tikməkdən tutmuş, Bakı ətrafında tikilən evlərin sökülməsinə qədər (Indi məhz söküntü biznesi onun müəyyən mənada sələfi Rövnəq Abdullayevin əlindədir, bu barədə gələn yazıda bəhs edəcəyik – X.Ə.) bütün işlərə bu şirkət nəzarət edirdi. Bakının ən prestijli mağazaları, iri biznes sahələri bu şirkətlərin inhisarında idi. Belə bir şəraitdə Fərhad və Rafiq Əliyev qardaşları gülünc iddia ilə həbs edildi. Onların eləcə də digər favorit, qərbi azərbaycanlıların ağsaqqalı sayılan, səhiyyə naziri Əli Insanovun həbsi siyasi motivlərlə xarakterizə edilsə də, əslində bu şəxslər öz missiyasını “yerinə yetirmişdilər”. Hakimiyyət onların həbsi ilə tənəffüs etmək imkanı qazandı. Ölkədə buna qədər olan hərc-mərcliyi bu insanların ayağına yazmaqla, xalqı bir növ yuxuya verməyə çalışdılar. Onların xanimanı isə hazırda favoritlər Kəmaləddin Heydərov və Rövnəq Abdullayev başda olmaqla digərləri arasında bölüşdürüldü. Beləliklə, biz eyni ssenarini başqa ifada seyr etməkdəyik.