Milli Şura üzvləri Avropa Parlamentində oldular FOTO

Oktyabrın 27-də Strasburqda Milli Şuranın üzvləri –  “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan Saatı” TV proqramının müəllifi Qənimət Zahid, AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilov və Azərbaycan Ziyalılar Birliyi sədrinin müşaviri Seyran Rəfiyev Avropa Parlamentinin Çexiyadan olan deputatı Jaromir Stetina ilə görüşüblər.

Görüş zamanı Azərbaycanda insan haqları və söz azadlığı ilə bağlı problemlər müzakirə edilib. Müzakirənin gedişində Avropa Parlamentinin Azərbaycanla bağlı 10 sentyabr qətnaməsindən sonra Parlamentin görməli olduğu bir sıra işlər müzakirə edilib. Jaromir Stetina Azərbaycanda seçkilərin gedişi ilə maraqlanıb və ona əsas müxalifət qüvvələrinin seçki azadlıqlarının olmaması, seçki qanunvericiliyinin ədalətli seçkiyə imkan verməməsi, müxalif düşərgədən potensial namizədlərin böyük əksəriyyətinin şərlənərək uzun müddətli cəzalarla həbsxanalara salınması və digər səbəblərə görə seçkiləri baykot etdiyi barədə məlumat verilib.

Müzakirədə iştirak edənlər belə qərara gəliblər ki, Azərbaycandakı demokratik qüvvələrlə və ictimai sektorla Avropa Parlamentinin əlaqələrinin davamlılığı üçün bir sıra əməli işlər görülməlidir.

azadliq.info