Türkiyədə SOCAR-la bağlı qalmaqal böyüyür

socar

Enerji naziri inkar etdi, CHP-çi deputat əlindəki sənədləri açıqladı

Türkiyədə seçkiöncəsi çıxışlarda Azərbaycanın və Dövlət Neft Şirkətinin (SOCAR) adı da hallandırılır. Ana müxalifət partiyası olan CHP AKP və SOCAR-ı Türkiyəyə milyardlarla dollar zərər vurmaqda ittiham edib.

CHP-dən olan millət vəkili Aykut Ərdoğdu iddia edir ki, Türkiyə Azərbaycanla imzaladığı qaz alışı sazişinə görə milyardlarla dollar itirib. Onun sözlərinə görə, 2001-ci ildə imzalanan sazişdə qiymətlərin dünya bazarından asılı olaraq dəyişməsi nəzərdə tutulurdu. Amma sonradan sazişin qiymətiylə bağlı şərtlər dəyişdirilib və bundan Türkiyə itirib: “Iki illik qiymət fərqi müqabilində Türkiyə Azərbaycana ümumilikdə 1, 4 milyard dollar pul ödəyib”.

CHP üzvünün iddiasına görə, müqavilənin qüvvədə olduğu müddətdə Türkiyənin zərəri 10 milyarda yaxın olub.

Məsələ ilə bağlı SOCAR Türkiyənin rəhbəri Kənan Yavuz bildirib ki, indiyədək Türkiyə ən ucuz qazı məhz Azərbaycandan alıb: “Üstəlik bu günə qədər ümumilikdə Türkiyə Azərbaycandan heç 10 milyard dollarlıq qaz almayıb. Belə olan halda necə 10 milyard ziyana düşə bilər?!”.

Türkiyənin enerîi naziri Ali Rza Alaboyun isə deyib ki, ümumiyyətlə heç bir zərərdən söhbət getmir. Və CHP-nin məqsədi indiki hakimiyyətin işlərinə, eləcə də Azərbaycanla birgə həyata keçirdiyi TANAP kimi nəhəng bir layihəyə qara yaxmaqdır(anspress).

Hürriyet”in məlumatına görə, nazir Alaboyun “zərər varsa, sənəd gətirsinlər, lazımi tədbirləri görək” deyə CHP-çi deputata xəbər göndərib. Aykut Ərdoğdu da enerci nazirinin bu ittihamlarına cavab verib.

Deputat bildirib ki, millət vəkili kimi çalışdığı illərdə yüzlərlə rüşvət “dosyesi” açıb və bütün iddialarını dəlillərlə sübuta yetirib: “Konstitusiyaya görə enerji naziri tərəfsiz olmalıdır. Nazirin açıqlamasındakı ən ciddi hissə dəlil istəməsidir. Deyib ki, sübut göstərin. Alaboyun bu işlərdə təzədir, məni yaxşı tanımır. Sübutsuz danışmaram. 4 illik millət vəkilliyim dövründə yüzdən artıq rüşvət “dosyesi” açmışam, hamısını da sübuta yetirmişəm. Nazir Azərbaycanla imzalanan sazişə dair fikirlərimin əsassız iddia olduğunu deyir və sənəd istəyir. Əvvəlcə onu deyim ki, bu, iddia yox, təsbitdir. Bu təsbit də mənə yox, Türkiyə Böyük Millət Məclisinə tabe olan Hesabalama Palatasına aiddir. Hesablama Palatasının hesabatından məlum olur ki, 2001-ci ildə Azərbaycanla bağlanan təbii qaz sazişinin Türkiyə əleyhinə dəyişdirilməsi nəticəsində ölkəmiz 1,5 il ərzində 1,4 milyard ödəməyə məcbur qalıb. Sazişin müddəti 20 ildir. Türkiyə ümumilikdə 10 milyarda yaxın zərərə uğrayıb”.

Ərdoğdu Hesablama Palatasının məlum hesabatını curnalistlərə də təqdim edib.

Gültəkin