İsfəndiyar Axundovun rəhbəri olduğu «Safari-N» yüzdən artıq ailəni aldadıb
«Şərur» tikinti şirkətinin «Şaiq», «Orxan», «Birlik-inşaat», «Mur-Ay», «Kamran-B.Ə.» adlı törəmələri sırasına «Safari N» və «IN Eksklüziv Servis» MMC-lər də daxil oldu
Cəmiyyətdə “Mur-Ay” qurbanları kimi səs salanların sayı durmadan artır. Daha doğrusu hər gün olmasa da, hər həftə bir tikinti şirkətinin yüzlərlə vətəndaşı aldadaraq pul alması xəbəri gəlir. Onlara ev vermək əvəzinə bir mənzili bir neçə adama satırlar. Nəticədə 100 mənzilli binaya 300-400 vətəndaş iddia edir. Mübahisə başlayır. Ancaq bu mübahisə həll edilmir. Dövlət səviyyəsində bu problemlərə diqqət yetirən olmur. Yalnız bu fırıldağa cəm olunmuş şəxslərin bir neçəsi barədə cinayət işi qaldırırlar. Sonda tikinti şirkətlərində dördüncü, beşinci dərəcəli şəxslər – tikinti şirkətinin sürücüsü, katibəsi, mühasib və başqaları həbs olunurlar.
“Mur-Ay” tikinti şirkətinin fırıldağından sonra “Birlik-inşaat”, “GEN”, “Kamran -B.Ə.” MMC-ləri də bu sıraya qoşuldu. Daha bir tikinti şirkəti fırıldağı üzə çıxdı. Bu “IN Eksklüziv Servis” MMC-dir.
Heydər Əliyevin əlaçı tələbəsini dinləyən yoxdur
2006-cı ildə “IN Eksklüziv Servis” “Safari-N” MMC ilə birlikdə Yeni Yasamal yaşayış massivində tikdirdiyi çoxmərtəbəli yaşayış binasının payçılarını aldadıb. Yeni yaşayış binası 12 mərtəbəli, 96 mənzilli olmalı, hər bir binaya 48 mənzil düşməli idi. Bina tikilib başa çatmasa da mənzillərin hər biri satılır. “IN Eksklüziv Servis” binada özünə məxsus mənzilləri satdıqdan sonra “Safari-N” onunla müqaviləni pozur və yenidən başqa şəxslərə satır.
Qurban payçı Ramil Rüstəmov deyir ki, 55 ailə “IN Eksklüziv Servis” MMC-nin rəhbəri Ələkbər Zeynalova müqavilə əsasında 1 milyon 500 min manatdan artıq pul ödəyərək adı çəkilən çoxmərtəbəli binadan mənzil alıb: “Mənzillərin dəyərinin 85 faizini ödəmişik. Əvəzində müqavilə, maliyyə arayışı və ödəniş qəbzləri almışıq. 2008-ci il noyabrın 2-də mənzillər bizə təhvil verilməli idi. 2008-ci ilin may ayına qədər binanın 5 yaşayış mərtəbəsi tikilib. Həmin ildən tikinti dayanıb”.
Ə.Zeynalov bir neçə il əvvəl Rixard Zorge bağı yanında olan ofisini bağlayaraq aradan çıxıb. Bundan əlavə o, bir mənzili eyni vaxtda bir neçə adama satıb: “Indi vaxtilə onun ətrafında fırlananları da tapa bilmirik. Məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına şikayət etsək də, nəticəsi olmayıb”.
Ramil Rüstəmov xaricdə təhsil alıb. Heydər Əliyev hələ ölkə başçısı olan zaman əlaçı olduğuna görə onu qəbul edib və ona şəxsiyyət vəsiqəsi təqdim edib.
Ələkbər Zeynalov 2007-ci ildə Səbirə Sadıqovaya satdığı 3 otaqlı mənzili 2009-cu ildə Süleyman Ağayevə satıb.
Ramiz Məmmədova 42880 manata satdığı 1 otaqlı mənzili yenidən Hikmət Nəcəfəliyevə 16800 manata satıb.
3 otaqlı 548 saylı mənzili Vüqar Bayramova 53070 manata, Xəyalə Surxayevaya 20000 manata satıb.
3 otaqlı, 577 saylı mənzili Elvin Əliyev 67405 manata alandan sonra həmin mənzil Paşa Hüseynova 20000 manata satılıb.
2007-ci ildə 2 otaqlı, 531 saylı mənzil 34147 manata Samirə Əsgərbəyli adlı vətəndaşa, bundan iki il sonra Qamət Şıxəliyev adlı şəxsə 20000 manata “qismət” olub.
Bütün alış-verişdə vətəndaşlara maliyyə arayışı və ödəniş qəbzləri verilib.
“IN Eksklüziv Servis” səlahiyyəti olmaya- olmaya bina tikib
“Safari N” MMC-nin rəhbəri isə məşhur iş adamı, tikinti sektorunda böyük nüfuza sahib olan Şərurlu Isfəndiyardır (Axundov). O, görüşə gələn zərərçəkənlərə “ya pulunuzu Ələkbərdən alın, ya da ödədiyiniz məbləğ qədər pul ödəyin hazır binalardan sizə mənzil verim” təklifini irəli sürüb. Bu təklifə yalnız 5 nəfər “hə” deyib.
Sən demə, “IN Eksklüziv Servis” MMC-nin çoxmərtəbəli yaşayış binası tikmək salahiyyəti yox imiş. Belə ki, sözügedən şirkət Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində “Daşınmaz əmlakın alqı-satqısı və xırda məişət tullantılarının toplanması və emalı” əsas fəaliyyət olaraq qeydiyyatdan keçib.
Hələ bu harasıdır. Isfəndiyar Axundov yaranmış problemləri kökündən həll etmək üçün 2008-ci ildə “IN Eksklüziv Servis” MMC ilə bağladığı müqaviləni cıraraq, özünə yenisini tərtib edir. Yeni müqavilədə isə “Safari N”in tikdirdiyi binada “IN Eksklüziv Servis”in 25 faiz paya sahib olduğu yazılır.
Qurbanlar məsələ ilə bağlı MTN-ə, DIN-ə şikayət ərizələri ilə müraciət etsələr də onlara cinayət işinin açılması üçün Bakı Şəhər Prokurorluğu hərəkətə keçməlidir cavabını veriblər: “Yasamal Polis Idarəsində müstəntiq Anar Dəmirçiyev bütün materialları toplayaraq rayon prokurorluğuna, oradan da Bakı Şəhər Prokurorluğuna göndərib. Bakı Şəhər Prokurorluğu isə cavabında bildirdi ki, toplanmış material cinayət işinin açılması üçün bir neçə dəfə Respublika Prokurorluğuna göndərilib. Ancaq prokurorluq cinayət işi açmayaraq geri qaytarıb. Kifayət qədər əsaslarımız olmasına baxmayaraq, bizi aldadanlar cinayət məsuliyyətinə cəlb olunmayıb. Şikayətlərimizə baxılmır. Hamı bu insanlardan qorxur”.
Ramiz Mehdiyevə güvənən Isfəndiyar Axundov
Şikayətçilər Rüstəm Usubovun, Əli Əhmədovun və digər yüksək çinli məmurların qəbulunda olublar. Ancaq hamısı Isfəndiyar Axundovla bacara bilmədiklərini dolayı yolla etiraf ediblər. Bəla orasındadır ki, zərərçəkənlər Axundovla görüşüb məzillərini tələb edəndə iş adamı “gedin lap prezidentə şikayət edin” deyərək, heç kimdən qorxmadığını nümayiş etdirib.
“Şərur” MTK adıyla tikinti sektorunda ad qoyan Isfəndiyar Axundov tikdirdiyi binalarda mənzilləri bir neçə adama satıb. Işin üstü açılandan sonra cəmiyyətdə söz-söhbət yaranmamaq üçün o “Şərur”u “Şaiq” adıyla əvəzləyib. Illər ötdükcə isə “Şaiq”dən “Orxan”, “Birlik-inşaat”, “Mur-Ay”, “Kamran-B.Ə.”, “Safari N”, “IN Eksklüziv Servis” MTK və MMC-lər törənməyə başladı. Tikinti şirkəti adı altında fəaliyyət göstərən bu firmalar ayrı-ayrılıqda bir mənzili bir neçə adama sataraq yüzlərlə vətəndaşı aldadıb. Məlumatlara görə, Isfəndiyar Axundovun rəhbərlik etdiyi tikinti şirkətləri vətəndaşlardan fırıldaq yoluyla 20 milyon manatdan artıq pul alıblar.
Onu da qeyd edək ki, Isfəndiyar Axundov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin komandasına daxildir. Zərərçəkənlər hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan şəxslərlə görüşəndə onlar Isfəndiyar Axundovla bacara bilmədiklərini, arxasında Ramiz Mehdiyevin dayandığını deyiblər.
Ramin DEKO