Müzəffər Baxışov: «Baş Prokurorluqdan Eldar Sabiroğluna tamamilə doğru cavab verilib»
Xəbər verildiyi kimi Baş Prokurorluq Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun YAP icraçı katibinin müavini Siyavuş Novruzovdan şikayətinə rəsmi cavab verib. Xatırladaq ki, Eldar Sabiroğlu baş prokuror Zakir Qaralova müraciət edərək millət vəkili Siyavuş Novruzovun onun barəsində səsləndirdiyi dövlətə xəyanət ittihamının araşdırılmasını xahiş etmişdi.
III dərəcəli dövlət ədliyyə müşaviri Anar Məmmədovun imzasıyla baş prokurorluqdan E.Sabiroğlunun ünvanına daxil olan məktubda bildirilib ki, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayəti əlamətlərinin mövcud olması nəticəsinə gəlmiş şəxsin şikayəti üzrə cinayət təqibinin həyata keçirilməsi məsələsinə Cinayət-Prosessual Məcəlləsinin 37.2 və 45.4-cü maddələrinə əsasən şəxsin xüsusi ittiham qaydasında bilavasitə məhkəməyə etdiyi müraciət əsasında məhkəmə tərəfindən baxılır.
Eldar Sabiroğlunun məhkəməyə müraciət edib-etməyəcəyini öyrənmək istəyimiz fəqət qarşı tərəfin telefonunun bağlı olması səbəbindən baş tutmadı. Hüquqşünas Müzəffər Baxışov bu məsələyə münasibət bildirərək Baş Prokurorluqdan verilən cavabın tamamilə məntiqə uyğun olduğunu söylədi: “Baş Prokurorluqdan Eldar Sabiroğluna tamamilə doğru cavab verilib. Cavab tam qanunauyğun cavabdır. Xatırladım ki, Siyavuş Novruzovun Eldar Sabiroğluya qarşı ittihamları Cinayət Məcəlləsinin 274-cü maddəsilə ”dövlətə xəyanət” hesab olunur. Dövlətə xəyanətin anlayışlarından biri məhz dövlət sirrini xarici ölkəyə verməkdir. Bu cinayətə görə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu qəbildən olan cinayət ictimai təhlükəliyinə görə, Cinayət Məcəlləsinin 15.5 maddəsinə əsasən, xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Siyavuş Novruzov bu məlumatların yalan olduğunu bilə-bilə Eldar Sabiroğlunu şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda ittiham etdiyinə görə o, Cinayət Məcəlləsinin 147.2 maddəsilə ağır və xüsusilə ağır cinyaətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Buna görə, iki ilə qədər islah işləri, üç ilə qədər isə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub”.
M.Baxışovun sözlərinə görə, Cinayət Məcəlləsinin 147-ciÿ maddəsində nəzərdə tutulan cinayətlər məcəllənin 37.1 maddəsilə ictimai ittiham qaydasında təqib olunan cinayətlərə aiddir. Cinayət Prosesual Məcəllənin 37.2 maddəsinə görə xüsusi ittiham qaydasında təqib olunan cinayət olduğuna görə, Eldar Sabiroğlu Siyavuş Novruzovun Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə məsuliyyətə cəlb edilməsi üçün birbaşa məhkəməyə müraciət etməlidir: “Çünki Cinayət Prosesual Məcəllənin 37.2-ci maddəsinə görə xüsusi ittiham qaydasında cinayət təqibi üçün birbaşa məhkəməyə müraciət olunur. Məhkəmə E.Sabiroğlunun S.Novruzovla bağlı 147.2 maddəsilə şikayətini icraata qəbul etsə, məhkəmə baş prokurora müraciət etməlidir. Baş prokuror da Konstitusiyanın 90-cı maddəsinin tələblərinə görə, Siyavuş Novruzovun deputatlıq toxunulmazlığına xitam verilməsilə əlaqədar parlament qarşısında məsələ qaldırmalıdır”.
M.Baxışov əlavə edib ki, Siyavuş Novruzovun deputat toxunulmazlığına xitam verilməsindən sonra onu məsuliyyətə cəlb edib, cəzalandırmaq olar. Siyavuş Novruzov Eldar Sabiroğlu barədə fikirləri Milli Məclisin fəaliyyəti zamanı söyləmədiyinə görə, Konstitusiyanın 91-ci maddəsinin müddəaları ona tətbiq edilə bilməz. Konstitusiyanın 91-ci maddəsinə görə, Milli Məclisin deputatları Milli Məclisdəki fəaliyyətinə, söylədiyi fikrə və səsverməsinə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadığı halda onlardan bu barədə ifadə, izahat tələb oluna bilməz. Konstitusiya deputatlara yalnız Milli Məclisdəki fəaliyyətinə görə, məsuliyyətə cəlb olunmamağı təmin edir: “Amma Siyavuş Novruzov bu fikirləri mətbuata söyləyib. Bunun onun Milli Məclisdəki fəaliyyətinə heç bir aidiyyatı yoxdur”.





