Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC bir sıra oxucuların yolların payızda asfaltlanması və ya təmir edilməsi səbəbindən bağlanması və bunun da bəzi narahatlıq və narazılıq doğurması ilə əlaqədar şikayət və tənqidi fikirlərinə cavab verib. “Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli məsələ ilə əlaqədar deyib ki, “Azəryolservis” soyuq, yağışlı havalarda, yalnız qəza şəraiti istisna olmaqla, yollarda asfalt döşənməsi və ya hər hansı əsaslı təmir işlərini həyata keçirmir: “Çünki yağışlı havalarda döşənən asfaltın keyfiyyəti ölür. Ona görə də bizim işlərimiz yaz və yay aylarında, bir də payızın əvvəlində, isti günlərdə olur. Belə havalarda payış-qış mövsümünə hazırlıq işləri aparılır, yollarda yeni borular çəkilir, yağış-kanalizasiya sistemi yenidən qurulur, yol qurğuları istismarı məsələlərinə baxılır, cari təmir işləri görülür. Amma əsaslı şəkildə hər hansı yolda təmir və ya tikinti işlərinin aparılması həyata keçirilmir».
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti hazırda Bakının bir neçə küçəsində təmir işi aparır, yollara yeni asfalt döşənir. Bir neçə gün əvvəl Yasamal rayonunda Mikayıl Müşfiq küçəsinin təmirdən sonra açılışı olub. (milli.Az)