Normadan artıq su olan anbar Xəzərədək bütün ərazini yuya bilər
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli maraqlı açıqlama verib. Q.Yetirmişli Azərbaycanın seysmoaktiv zonada, Alp-Himalay seysmik qurşağında yerləşdiyini, eləcə də Şamaxı-Ismayıllı, Talış bölgəsi, Xəzər dənizi, Gəncəbasar, Mingəçevir hövzəsi və digər yerlərin seysmiklik baxımdan daha fəal olduğunu bildirib. Mingəçevir hövzəsinin altında zəlzələ ocaqlarının yerləşdiyini qeyd edən mərkəz direktoru hövzədə suyun miqdarı artdıqca seysmik fəallığın da artdığını vurğulayıb: “Kür daşqınları zamanı hövzədə suyun miqdarı artdıqca zəif təkanlar baş verməyə başladı, buna görə də hövzə ətrafında daimi monitorinq aparmaq, gündəlik məlumatları analiz edib aktivliyi izləmək lazımdır”.
Ekoloq Telman Zeynalov qəzetimizə açıqlamasında dedi ki, Azərbaycan ərazisinin 60-70 faizi aktiv zona hesab olunur. Ona görə də bu məsələdə mütləq mənada diqqətli olmaq lazımdır: “Mingəçevir su anbarında normanı gözləmək çox vacibdir. Anbarda normadan artıq suyu illərlə saxlasalar, anbar yüklənsə, zəlzələ ocaqlarını fəallaşdıra və tezləşdirə bilər. Daşqınlar vaxtı bu məsələ özünü bariz şəkildə göstərdi. Anbarda su ən yuxarı, normadan artıq – 86 metr idi, indi də elədir. Xırda bir zəlzələ təkanı olsa, təsəvvür edirsiniz nələr olar? Mingəçevirdən Xəzər dənizinə qədər ərazidəki bütün rayon və kəndləri su yuyub aparacaq. Dövlət qurumları mütəmadi şəkildə monitorinq keçirməli, aktivliyi diqqətdə saxlamalıdır. Təkrar edirəm, Azərbaycanın 60-70 faizi zəlzələ ocağının üstündədir, ona görə də insanları və təbiəti zərbə altında qoymaq olmaz”.
Nigar



