Van zəlzələsinin nəticəsi ağırlaşır

461 ölü, 1352 yaralı…

14 günlük körpəni anasının tüpürcəyi həyata bağlayıb

Türkiyənin Van şəhərində baş vermiş 7.2 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı durmadan artır. Açıqlanan son məlumata görə, 461 insan dünyasını dəyişib, 1352 nəfər isə yaralanıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan zəlzələ nəticəsində həlak olanlardan 63-nün müəllim olduğunu bildirib.
Türkiyə hökuməti Van bölgəsində baş vermiş zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün xarici dövlətlərdən yardım istəyib. Rusiya mətbuatının yaydığı məlumata görə, hökumət zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün yardım göstərməyə hazır olduqlarını bəyan edən 30 ölkəyə ümumilikdə müraciət ünvanlayıb. Bunlar Rusiya, Yaponiya, Çin, ABŞ, Ermənistan, Israil və Avropa Birliyi dövlətləridir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə öz yardım əlini Türkiyəyə uzatmaq istəyən digər dövlətlərdən də köməyi qəbul etməyə hazır olduqlarını bildirib.
Bu arada, Van şəhərində baş verən zəlzələnin möcüzəsi hesab edilən, dağıntılar altından iki gün sonra sağ çıxarılan 14 günlük körpənin vəziyyəti yaxşıdır. Erciş xəstəxanasına aparılan çağa və anası daha sonra təyyarə ilə Ankaraya çatdırılıb. “Anspress”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azra adlı körpənin anası dağıntılar altında yaşadıqlarını danışıb.
Uşağın anası Semiha Karadumanın sözlərinə görə, qızı Azra vaxtından 3 həftə tez doğulub. Körpəyə daha yaxşı qulluq olunması üçün o, ailəsilə birgə qayınatasının həkim işlədiyi Ercişə gəlib: “Yaxşı ki, Azra erkən doğulub. Yoxsa zəlzələ zamanı o, ana bətnində olardı və iki gün biz dağıntılar altında ac-susuz qala bilməzdik”.
Zəlzələ zamanı körpə anasının qucağında, qayınanası isə yanında olub. Ananın sözlərinə görə, dağıntılar altında mümkün qədər qızını ana südü ilə bəsləməyə çalışıb. Lakin heç nə yemədiyi üçün ananın südü bir müddət sonra tükənib: “Südüm qurtarandan sonra qızımı tüpürcəklə bəsləməyə başladım. Çünki o, ac idi və qızdırması qalxırdı. Biz aclığa dayana bilirdik, amma o yox. Anam mənim üzərimdə olduğu üçün rahat hərəkət edə bilmirdik. Son saatlarda xilas edilmək ümidimiz tamam azalmışdı. Amma kiçik dəlikdən gələn işıq bizim xilasımız oldu”.