Şantaj olunanlar niyə səsini çıxarmırdı? Eşidən vardısa…

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Yazıq Azərbaycan vətəndaşları… Onların çarəsizliyi o qədər aydın və qətidir ki, düşdükləri durumu çox vaxt təkcə bir sualla açmaq və anlamaq olur!

Şanlı MTN şefinin istefaya göndərilməsinə abırlı don geyindirmək üçün ortaya mövzu atdılar ki, bəs deməzsənmi, bu çuğulbaşı Eldar Mahmudov öz quldur dəstəsi ilə bizim sahibkarları soyurmuş, onları şantaj edib varını-yoxunu talayırmış…

Belə çox gülməldir! Guya sahibkarlara görə də, yəni vətəndaşa görə də bir naziri işdən çıxararlarmış bizim ölkədə!

Amma gəlin bunu bircə anlığa da olsa, həqiqət kimi qəbul edək…

Tutaq ki, doğrudan da sahibkarların incidilməsi ölkə prezidentini bərk narazı salıb…

Tutaq ki, anası ölmüş sahibkarları başqa incidən də yox imiş və həqiqətən də, MTN-dəki quldurların onları şantaj etməsini, soymasını indiyədək heç kim bilməyib…

Bu zaman ortaya xeyli maraqlı, xeyli məzəli və xeyli düşündürücü suallar çıxır. Bəs niyə bu sahibkarlar şantaj olunanda, qorxudulanda, hədələnəndə, qanunsuz tələblərlə üzləşəndə səsini çıxarmırdılar? Müdafiə üçün qanuni instansiyalara – polisə, prokurorluğa, məhkəməyə, lap elə prezidentə müraciət etmirdilər?

Bir nazirin dəstəsi üstlərinə gəlsə də, başqa nazirlər, nazirliklər, dövlət və onun hüquq mühafizə orqanları, məhkəməsi var! Ölkənin başçısı var!

Yoxdurmu?

Bəs niyə həmin adamlar onlara müraciət edib kömək istəmirdi? Əgər eşidən vardısa…

Axı həmin adamlar bilirdi ki, faydasızdır bu müraciətlər, əksinə, başları daha çox ağrıya bilər, işləri daha çətinə düşər. Əvvəla, əl əli yuyar, əl də qayıdıb üzü. Onlara nə düşüb ki, bir-birinin ayağına dolaşsınlar. Prinsipcə, hamısı eyni işlə məşğuldur. Hərə xalqı bir üsulla soyur, hərənin pul çıxarmaq imkanı bir cürdür. Guya sahibkar, vətəndaş digər dövlət orqanlarına o qədər inanır ki, MTN-dən, ya başqa bir qurumdan oralara şikayət etsin?

Nəhayət, nə vaxtdan vətəndaşın səsini eşidən olub bu ölkədə?

Insanlar ən kiçik idarənin rəisindən şikayət etməyə çəkinib. Səbəbsiz deyil bu. Birincisi ona görə ki, nəticə olmayıb. Ikincisi ona görə ki, başı daha pis ağrıyıb. Naxçıvan sakini yaşlı Ələsgər babanı nəvəsinə edilən haqsızlıqdan Bakıya şikayət etdiyinə görə dəlixanaya salmışdılar. Yüzlərlə nümunə var, müxalifətçi olmayan vətəndaşlar səsinə çıxardığına görə cəza və təzyiqlə üzləşiblər.

Hətta YAP-çı olan bir vətəndaş yuxarıya şikayət etdiyinə görə bəla ilə üzləşmişdi. 2010-cu ildə Cəlilabad sakini Şəfa Əhmədov prezident Ilham Əliyevə rayondakı özbaşınalıqlar və rüşvətxorluqla bağlı şikayət məktubu göndərəndən 3 gün sonra həbs olunmuşdu. Onu xuliqanlıqda ittiham etmişdilər. Onun qızı Lalə Əhmədova rayonda Heydər Əliyev Muzeyinin direktoru işləsə də, atasının bu əməlindən sonra onu da işdən çıxarmışdılar.

Son günlər milli təhlükəsizlikdən tez-tez danışılır, amma Əliyevlər hakimiyyəti dövründə milli təhlükəsizliyin birinci vəzifəsi millətin öz səsini boğmaq olub.

Ona görə də şikayət edənləri susdurmaq, tənqidi fikir söyləyən adamları şantaj etmək, narkoman çıxarmaq, onların evinə və maşınına silah, Molotov kotleti (:)) atmaq, mülkünü dağıtmaq, onları işdən və təhsildən qovmaq quldurlaşmış dövlət oraqanlarının “qanuni” vəzifəsi sayılıb. Buna görə təşəkkür, medal, sərvət payı alıblar. Bundan da həvəslənib istənilən qanunsuzluğa qol qoyublar!

Məsələ də budur!