Ölkə başçısı sahibkarlara əngəl törədənləri belə təqdim etdi
Ölkədə sahibkarlıq mühiti məhv edildikdən sonra hökumətimizin leksikonunda “sahibkarlara qayğı” ifadəsi peyda olub. Xüsusən də ölkə başçısının Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi fikirlərdən sonra bu mövzu xeyli populyarlaşıb.
Ötən gün isə ölkə başçısı Sumqayıtda “Azərikimya” Istehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edib və yenə də sahibkarlara maneçilik törədənləri hədələyib: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin”- deyə Ilham Əliyev bildirib.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu fikirlər ölkənin böhranla üz-üzə qaldığı, azad sahibkarlığın məhv edildiyi bir dövrdə səslənir. Amma məsələ tək bununla da bitmir. Müşahidə etdiklərimiz onu göstərir ki, ölkə başçısı hətta bu çətin vəziyyətdə də səmimi deyil. Çünki, sahibkarlara maneə törədən, bütün sahələri inhisara alan adamlar ən yüksək postda oturanlardı. Bütün ölkə bu monopolistləri tanıdığı halda, ölkə başçısı xəbərsizdi? Əlbəttə ki, yox.
Əgər ölkə başçısı biznesə əngəl törədənləri həqiqətən də xəyanətkar hesab edirsə, bu adamları dərhal zərərsizləşdirməlidir. Amma eyni şəxslər uzun illərdi şəxsi bizneslərini qurublar və ölkə başçısının gözü qarşısında fəaliyyət göstərirlər. Bir nazirin onlarla şirkətə, banka, bahalı villaya, şadlıq sarayına sahib olması hamının bildiyi həqiqətdir. Artıq sadə vətəndaş da bilir ki, hansı obyekt, hansı məmura məxsusdu. Sahibkarlıq fəaliyyətinə əngəl törədən akulaları sərbəst buraxıb, kilkələrdən yapışmaqla vəziyyəti dəyişmək olmaz. Məlum müşavirədən xeyli müddət keçib, amma əvvəlki ənənələr dəyişməyib. Yenə də kiçik sahibkar böyük fəaliyyətlə məşğul ola bilmir. Yenə də, hər məmurun öz nəzarət sahəsi var.
Demək istəyirik ki, ölkə başçısı xəyanətkar axtarışına uzaq ellərdə yox, ətrafında başlamalıdır. Bu ölkədə sahibkarın fəaliyyətinə iri məmurlardan başqa heç kim əngəl törədə bilməz. Ona görə də pafolslu, qulağa xoş gələn sözlərdən əmələ keçmək lazımdı. Amma onu da bilirik ki, bu baş verməyəcək. Çünki, bu hakimiyyət korrupsiyanın, monopoliyanın üzərində qurulub. Bu hakimiyyət üçün şəxsi maraqların təmin olunması əsas məqsəddir.
Qısası, ölkə başçısı o xəyanətkarları yaxşı tanıyır və kimin necə xəyanət etməsindən də xəbərdardı. Amma yenə də 10-cu dərəcəli adamlar hədəf seçiləcək və bu proses “sahibkarlara dəstək” kimi qiymətləndiriləcək.
Ən əsası isə Ilham Əliyev etiraf edir ki, komandası xəyanətkarlardan ibarətdir. Yaxud bu komanda xəyanətlə məşğuldu.
Samir