Qəzzafinin ölüm əmrini hansı ölkələr verib?

Yeni iddia: Yaralı diktatorun tapdalanması öncədən planlaşdırılıb

Polkovnikin ailəsi Haaqa Tribunalına şikayət ünvanladı

 

Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin ailəsi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə şikayət etmək qərarına gəlib. Qəzzafi ailəsinin vəkili Marsel Sessaldi bildirib ki, mərhumun ailəsi onun qətlinin hərbi cinayət olduğunu iddia edir: “Qəzzafinin ölüm şəraiti bəllidir. NATO helikopterləri Qəzzfinin kortejini atəşə tutub. Halbuki kortejin mülki əhali üçün heç bir təhlükəsi olmayıb. Bu, Qəzzafinin məhv edilməsi üzrə planlaşdırılmış əməliyyat idi”.

Vəkil həmçinin Qəzzafinin cəsədinin bir neçə gün ictimaiyyətin nümayişinə çıxarılmasını təhqir hesab edib. Əlavə edək ki, bu ilin avqustunda devrilən Qəzzafi oktyabrın 20-də Siirt şəhərində öldürülüb. O, oktyabrın 25-də dəfn olunub. Oğlu Mütəəssim Qəzzafi də atasının yanında basdırılıb. Onların dəfn olunduğu yer gizli saxlanır. Qəzzafi 1969-cu ildən 2011-ci ilin avqust ayına kimi Liviyada hakimiyyətdə olub. O, Liviyada fevraldan bəri gedən xalq hərəkatı nəticəsində devrilib.

Qətər dövləti etiraf etdi

Bu arada Qətər hökuməti ilk dəfə Liviyada quru əməliyyatlarına dəstək verdiyini açıqlayaraq əməliyyatlar zamanı Qəzzafi əleyhdarlarına yardım göstərdiyini etiraf edib. Milli Keçid Şurası və NATO rəsmilərinin toplantısı üçün Qətərin paytaxtı Dohada olan Qətər silahlı qüvvələrinin komandanı Həmid Bin Əli əl-Attie jurnalistlərə açıqlamasında yüzlərlə qətərli əsgərin liviyalı müxaliflərə dəstək verdiyini söyləyib.
Qətərin NATO və müxaliflər arasında əlaqəni təmin etdiyini söyləyən Attie Qəzzafi əleyhdarlarının gərəkli hərbi bilikləri olmaması üzündən ciddi dəstəyə ehtiyacları olduğu səbəbindən onlara yardım edildiyini bildirib.

Qəzzafinin əsgərləri də basdırıldı

Qəzzafinin doğma şəhəri Siirtdə əsgərlərinə aid olduğu güman edilən 250-dən çox cəsəd aşkarlanıb. Liviyada nəşr olunan “Quryna” qəzeti Qızıl Xaç Təşkilatının rəsmilərinə istinadən yayıb ki, Siirt və ətraf bölgələrdə Qəzzafiyə sadiq əsgərlərə aid 267 cəsəd tapılıb. Bundan sonra liviyalı müxaliflərin təslim olan, ya da canlı ələ keçirdikləri Qəzzafiyə sadiq əsgərləri edam etdiyinə dair iddialar yayılıb. Qəzetə danışan mənbələr cəsədlərin kütləvi məzarlıqda basdırıldığını və MKŞ-nin nümayəndələri tərəfindən sayıldığını bildirib. Qəzet ölənlərin çoxunun edam olunduğunu da yazıb.

Ölmüş diktatorun kimyəvi silahı aşkarlandı

Yayılan başqa bir məlumatda isə MKŞ-nin hərbi dairələrinin Qəzzafi rejiminə aid kimyəvi silah aşkarladığı deyilir. Xəbəri Qətərdə NATO və Liviyanın yeni hakimiyyətinin təmsilçiləri ilə keçirilən görüşdə MKŞ-nin üzvü təsdiqləyib. O, bu silahın Müəmmər Qəzzafi dönəminə aid olduğu və mühafizə olunduğunu bildirib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşən MKŞ-nin rəhbəri Mustafa Əbdülcəlil Liviyanı çətin zamanlarda dəstəkləyən rəsmi Ankara və digər ölkələrin töhfələrini unutmayacaqlarını bildirib.

Polkovnikin edam əmri Vaşinqton və Parisdən gəlib

42 il ölkəni dəmir yumruqla idarə edən və 9 ay sürən etirazlar nəticəsində devrilərək öldürülən Müəmmər Qəzzafinin ölümüylə bağlı müxtəlif iddialar dolaşmaqdadır. Yayılan son iddiaya görə, Qəzzafinin öldürülməsinə ABŞ və Fransa birlikdə qərar verib. Fransada nəşr olunan “Le Janard Enchaine” qəzetinin yazdığı məqalədə bildirilir ki, ABŞ və Fransa beynəlxalq məhkəmə qarşısında Qərb xüsusi xidmət orqanlarıyla əlaqələrini açıqlayacağından ehtiyatlandığı üçün Qəzzafini öldürüblər.

“Sağ qalarsa atom bombası olacaqdı”

Qəzetin yazdığına görə, oktyabrın 19-da Pentaqondakı bir polkovnik Fransa xüsusi xidmət orqanı ilə əlaqə saxlayaraq “Predator” tipli pilotsuz vertolyotların Qəzzafinin Siirt şəhərində bir məhəllədə küncə sıxışdırıldığını təsbit etdiyini bildirib. “NTVMSNBC” kanalının müxbiri Kayhan Karacanın xəbərinə görə isə ABŞ Fransa rəsmilərinə “Qəzzafi həyatda qalsa, atom bombasına çevrilər” deyib.

ABŞ və Fransa Qəzzafinin hansı açıqlamalarından qorxub?

“Le Janard Enchaine” adını vermədiyi, ancaq Fransa prezidentinin müşaviri olaraq bildirdiyi mənbəyə istinadən belə yazıb: “Qərbin bu yeni dostu Beynəlxalq Cinayət Məhkəməsi qarşısında Mərkəzi Kəşfiyyat Idarəsi (MKI) və ya Fransa xüsusi xidmət orqanı ilə mükəmməl əlaqələrini, Fransanın afrikalı ”dostlarına” yardımlarını, ona-buna payladığı layihələri, hətta kim bilir daha da dəhşətli şeyləri söyləyə bilərdi”.

Qəzzafinin kortejinə 250 kq-lıq bomba atılıb

ABŞ-ın xəbərdarlığından sonra oktyabrın 20-də səhər saat 08:30-da NATO-ya aid 3 qırıcının Sirt şəhərindən uzaqlaşmağa çalışan 75 maşınlıq bir konvoya hücum təşkil etdiyini yazan qəzet, Qəzzafinin qaçışına mane olan bombardmanda ABŞ istehsalı olan “Predator” tipli pilotsuz vertolyotlardan atılan bombalarla, fransız “Mirage F1CR” və “Mirage 2000” döyüş helikopterlərinin 250 kloqramlıq ”GBU-12” tipli mərmilərdən istifadə olunduğunu vurğulayıb.

Polkovnikin tapdalanması öncədən planlaşdırılıb?

“Le Janard Enchaine” daha sonra yazır ki, hücumda 21 maşın məhv edilib, Qəzzafi yaralandığı zaman ona hücum edən əsgərlər arasında Fransa xüsusi təyinatlıları da olub. Qəzet əlavə edir ki, Qəzzafinin gizlənməsindən sonra ona hücum edilməsi və tapdalanması üçün üsyançıların əlinə verilməsi də məhz ABŞ və Fransanın planı əsasında həyata keçirilib.

Tural

HƏMÇİNİN BAX:

Qəzzafi səhrada dəfn olundu

Qəzzafi son şansını necə itirib?

Qəzzafinin xaricdəki sərvəti açıqlandı (SİYAHI)

Qəzzafi bir zəngin güdazına gedib

Qəzzafi necə öldürülüb?

Qəzzafi öldürüldü! Liviya xalqı diktatorun cəsədini küçələrdə sürüdü (VİDEO/FOTOLAR)