İlham Əliyev Abbas Abbasovu bağışlayır?

abbas_abbasov3«Azadlıq»ın yazdıqları təsdiqini tapır

“Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, Dağıstan Federasiyasının prezidenti Ramazan Abdulatipovla Azərbaycanın rəhbəri Ilham Əliyevin görüşündə baş nazirin keçmiş müavini Abbas Abbasovla bağlı məsələ də müzakirə olunub. Məlumatda deyilirdi ki, müzakirələr Azərbaycan hakimiyyətinin Abbas Abbasova təzyiqləri dayandırması istiqamətində olub.

Bu görüşdən bir gün sonra Abbas Abbasovun qardaşı Nadir Abbasov azadlığa buraxılıb. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər. Məlumata görə, Abbas Abbasov bir neçə gün əvvəl Ilham Əliyevə məktub yazaraq bağışlanmasını xahiş edib. Məlumata görə, Abbas Abbasov dövlət başçısını əmin edib ki, bundan sonra o heç vaxt və heç bir halda ictimai və siyasi fəaliyyətlə məşğul olmayacaq.

Qeyd edək ki,Nadir Abbasov bu il iyunun 26-da Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı DIN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş Idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Nadir Abbasovun Ramazan Abdulatipovla Ilham Əliyevin görüşündən bir gün sonra azadlığı buraxılması tərəflər arasında Abbas Abbasovla bağlı məsələnin müzakirəni olunması barədə məlumatın əsassız olmadığını göstərir.