“Orada dürüstlük hakimdir, yalan yox…”

ezime-agalarovaAlmaniyada yaşayan azərbaycanlı yazar Avropa ilə aramızdakı fərqlərdən danışdı

Onun adını ilk dəfə sosial şəbəkələrdən oxumuşdum. Sonra təsadüfən dostlardan biri Bakıda yeni kitabının təqdimatını keçirəcəyini dedi. Orada tanış olduq. Çox maraqlı insandır, dedim siz də tanıyasınız… Əzimə Ağalarova. 1959- cu ildə Zərdab rayonunda anadan olub. Xarici Dillər İnstitutunu bitirib. İş fəaliyyətinə Daxili İşlər Nazirliyində başlayıb. 1993- cü ilin dekabrından Almaniyaya köçüb və indiyə qədər orada yaşayır.

– Əzimə xanım, həyatınızın önəmli bir hissəsini yaşadığınız ölkədən niyə getdiniz ki?

-Çox maraqlı sualdır. Deyim ki, xarakterim məcbur etdi. Bilirəm, cavabım qəribə görünə bilər. Həmən açıqlama gətirim. Mən hələ usaq və gənc yaşlarımdan qeyri-ixtiyari avropalılar kimi düşünmüşəm. Onlar kimi sakit və hüzurlu həyatım olsun istəmişəm. Təmtəraq hər zaman məni boğub. Avropada kimə necə rahatdır, o cür də yaşayır. Bizdəki kimi düşünmürsən ki, niyə filankəsin maşını bahalıdır, mənimki ucuz. Yaxud getdiyin bir idarə və müəssisədə haqqın olan nədirsə, əngəlsiz şəkildə onu alırsan. Heç kim sənə qarşı maneə yaratmır. Mən əvvəllər Azərbaycanda yaşayanda doktora gedirdim, məndən əvvəl növbədə olan varsa, doktor hörmət əlaməti olaraq məni çağırsa, heç vaxt qəbul etməzdim. Bununla o insanları təhqir etmiş olardım. Eləcə də məndən öncə qəbula girən olsaydı, o zaman mən özümü təhqir olunmuş hiss edirdim. Yaxud tutaq ki, sənə bir arayış lazımdır. Mütləq o arayışı almaq üçün pul verməliydin. Anlamıram niyə? Bəlkə də, bütün bunlar xırda şeylərdir, amma mən bunları qəbul edə bilmirdim.

– Yəqin yazarlığa başlamanız da yeni mühitin verdiyi impulslarla bağlı olub…

– Qətiyyən. Mən yazmağa nəvəmin bir sözü ilə başlamışam. O, çox gözəl inşalar yazır və bunları da bəzən gəlib mənə oxuyardı. Bir gün ona dedim ki, mən də məktəbdə oxuyarkən gözəl inşalar yazardım. Hətta 15 yaşımda əsər yazmaq fikrinə də düşmüşdüm, sonra vaz keçdim. O da “indi yaz” dedi və təkid etdi. Mən də onu qırmadım və beləcə, yazmağa başladım. Bəlkə də, bununla illərdi içimdə yığılıb qalmış və daşlaşmış olan nisgillərimi vərəq üzərinə tökdüm, kim bilir…

-İndiyə kimi neçə əsəriniz çıxıb?

-İndiyə qədər Azərbaycan dilində üç romanım çıxıb. “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol”, “Təyyarə qanadında uçan ruh”. Ondan əvvəl heç bir şey yazmamışdım. İkinci romanım “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” bu ilin iyul ayında İsveçdə də çıxdı. İndi o kitab Avropanın 5 ölkəsində onlayn satışdadır. Məsələn, İngiltərənin Biblio.co.uk. saytını göstərə bilərəm.

– İllərdir ordasınız, bizim cəmiyyətləri ən çox nə fərqləndirir sizcə? Doğrudanmı, burada təbliğ olunduğu kimi Almaniya dağılır?

– Bu da çox maraqlı sualdır. Çox fərq var. Birincisi, Almaniyanın dağılmağından söhbət belə gedə bilməz, bu. imkansız. Almaniya çox qüdrətli bir ölkədir. Fərqliliyimiz ondadır ki, orda dürüstlük hakimdir, yalan yox, haqq yemək yox və sairə. Mənə görə, islam dininin bizə təbliğ etdiyi çox dəyərlərə müsəlmanlar yox,  xristianlar əməl edir. Çox qəribədir, deyilmi? İnsanlar qeybət etməz, başqasının malına göz dikməz. Əgər birinin pulqabı itibsə, bilirik ki, alman tapıbsa mütləq polisə təslim edəcək və ya telefon nömrəsi varsa zəng vurub sahibinə qaytaracaq. Mənə görə hələ bizim insanların avropalılara çatması çox çətindir.

– Azərbaycan həqiqətləri ilə bağlı əsər yazmaq fikriniz yoxdur ki?

– Mən siyasətçi deyiləm və heç olmadım da. Mən sadəcə bədii əsərlər yazacam, əlbəttə, əgər səhhətim yol verərsə.

– Buralar üçün darıxırsınız?

– Qətiyyən darıxmıram. Axı niyə darıxım ki. İldə bir kərə məzuniyyətə gəlirəm, rastlaşdığım problemlər mənə çox pis təsir edir. Məsələn, keçən səfər pensiya ilə bağlı məlumat almaq istəyirdim. Sosial Təminat Nazirliyi düz evimizin yanındadır. Qəbul günlərinin birində getdim, dörd nəfər kişi oturmuşdu, salam verdim. Onlara məlumat almaq istədiyimi söylədim. “Buyurun, nə lazımdır” dedilər.” Mən izah etməyə başladım. Onu da deyim ki, mən əliləm və çəliklə zorluqla yeriyirəm. Birinin mədəniyyəti çatıb mənə oturmağı təklif etmədi. Mən çox hirsləndim və sözümü yarımçıq qoyub çıxdım, bir daha da müraciət etmədim.

– Azərbaycan nə vaxtsa Avropa standartlarında bir ölkə ola bilər? Bunun üçün hansı şərtlər tələb olunur, sizcə ?

– Azərbaycan çox gözəl və qüdrətli bir ölkədir. Azərbaycanın inkişaf edib Avropa standartlarına çatmasını ümid və arzu edirəm. Arzu edirəm ki, Avropa oyunları ilə Avropanı təəccübləndirən Azərbaycan insanların sosial haqlarının yüksək səviyyədə olması ilə də təəccübləndirsin.

Söhbətləşdi: Səadət Cahangir