Universitet xəstəliyi

Azərbaycanda hamı «oxumaq» istəyir, Avropada isə əksəriyyət peşə öyrənib gələcəyi üçün təminat yaratmağa çalışır

Bir neçə ay əvvəl mətbuatdan xəbər tutanda ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhsildə yenilik eləmək üçün yaradılan hansısa bir quruma sədr təyin edilib, nə deyəcəyimi bilmədim. Doğrudur, onsuz da “ümumumilli” “boz kardinal”a çevrilmiş Mehdiyevin kifayət qədər olan vəzifə və titullarının üstünə birinin də əlavə olunması onun üçün elə bir şeyi dəyişmir. Lakin mən hələ də düşünürəm ki, adam nə qədər “yaradıcı” və ya zarafatcıl olar ki, Ramiz Mehdiyev kimi antik təfəkkür sahibini təhsildə yenilik yaratmaq üçün hansısa komissiyaya rəhbər təyin edər?!
Yox, qətiyyən mən Ramiz Mehdiyevin düşüncə hüdudlarının məhdud olduğunu demək istəmirəm. Zatən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin “Azadlıq”da dərc olunan açıq və dəhşətli məktubundan Ramiz Mehdiyevin təhsil sahəsində apardığı “islahatlar”dan geniş bəhs olunur. Lakin maraqlı budur ki, 21-ci əsrdə, elm-təhsilin kompyuterləşdiyi bir dövrdə hələ də nuh əyyamından qalma yazı makinasından istifadə olunan aparata rəhbərlik edən şəxs təhsildə köklü islahat aparmalı olan komissiyaya rəhbər təyin edilir. Daha bundan sonra mən Azərbaycanın hörmətli prezidenti Ilham Əliyevin zarafatcıl bir insan olmadığına necə şübhə edə bilərəm? Orasını demirəm ki, təhsil nazirinin üç müavinini işdən çıxarıb, amma özünü hələ vəzifədə saxlamaq lap tarixi döyüşləri xatırladır. Dəqiqliklə deyə bilərəm ki, hazırda Qəzzafi nə qədər Liviyanın rəhbəri sayıla bilərsə, Misir müəllim də bir o qədər təhsil naziridir.
Bütün bunları yazmaqda məqsədim o deyil ki, kənardan baxanda adamın qəlbini bulandıran bu mənzərə barədə uzun-uzadı bəhs edəm. Məsələ burasındadır ki, hakimiyyətdə olduqları 18 il ərzində təhsildə normal bir islahat apara bilməyənlər hələ də Azərbaycanın universitet xəstəliyindən qurtarmasına çarə tapmaq istəmirlər. Çünki universitet hakimiyyət üçün böyük gəlir yeridir. Məhz buna görə də, Azərbaycanda orta məktəbi necə olursa-olsun bitirənlərin böyük əksəriyyəti universitetə sənəd verir. Ölkəni başına götürən universitetlərdə isə sanki xalqın vergisi, pulu hesabına qurulmayıbmış kimi, hər il təhsil haqlarını qaldırırlar. Insanlar isə sabah illərlə əziyyət çəkib oxumasının qarşılığında perspektivinin nə olacağını düşünmədən bir ucdan universitetlərə üz tuturlar.
Bütün bu qarışıqların fonunda mühacir həyatı yaşadığım Hollandiyada bizə dərs deyən müəllimlərdən birinə sual etdim ki, Avropada universitetlərə qəbul zamanı niyə bum yaşanmır. Müəllimin açıqlaması ətraflı olduğundan bu barədə növbəti yazımda ətraflı yazacam. Yalnız onu deyə bilərəm ki, Nederlandda təhsil proqramı elədir ki, bizim təbirimizcə desək, şagird 11-ci sinifə çatana qədər artıq onun nə olacağı bəlli olur. Orta məktəbdə bitirənlərin yalnız 20 faizi universitetə daxil olur. Onların isə 10 faizi təhsil müddətində pul qazanmağa üstünlük verib elm ardınca getmir. Nəticədə cəmi 10 faiz universiteti bitirir. Hər bir iş yerində isə xüsusi kurslar var ki, insanlar işlədikcə oxuyub peşə səviyyələrini yüksəldirlər. Universitetdə oxuyan imkansız tələbə isə hər ay 550 avro sosial yardım alır. Yerli vətəndaşlar üçün universitetdə illik təhsil haqqı orta hesabla 1600 avrodur. 550 avro yardım alan tələbə hər ay 130 avro təhsil haqqı, 85 avro da tibbi sığorta pulu ödəyir. Yerdə qalan pul isə onun xərcliyi olur. Yəni, Azərbaycandan fərqli olaraq dövlət əksər hallarda heç bir işə yaramayan bir diplom üçün vətəndaşı soymur. Əksinə, seçir, oxudur və yardım edir ki, xalqın gələcəyi savadsız və kor olmasın. Ramiz Mehdiyev kimi antik təfəkkür sahibinin rəhbərlik etdiyi komissiya isə bunu çətin anlaya və həyata keçirə…