Bəli, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü oldu. Sözsüz, uğurdur. Çox güman ki, bunlar – hakimiyyət adamları zənn edirlər ki, bizlər özümüzdə bir güc taparaq bunu etiraf edə bilməyəcəyik. Budur, etiraf etdik. Amma suallar yenə də rahatlıq vermir. Azərbaycan kiminlə birgə Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib? Həmin dövlətlər də dünyada böyük nüfuza malikdir?
Hə, bilərəkdən həmin dövlətlərin adını çəkmirəm, az-çox nüfuzu olan Pakistandır. Nədən belə olur? BMT “üçüncü dövlətlər”in əsl yığınağı, paradıdır. Nyu-Yorkdakı uca binada Afrikanın və Asiyanın avtoritar dövlətləri özlərini çox rahat hiss edirlər. Siz BMT-nin baş katiblərini yada salın. Böyük əksəriyyəti “üçüncü dövlətlər”in təmsilçiləridir. Azərbaycan da bu dəstəyə sığındı. Yaxın Şərqlə bağlı siyasətində düzəliş edərək Islam Əməkdaşlıq Təşkilatının dəstəyini və xeyir-duasını qazandı. Daha sonra neytral dövlətlər blokuna qoşularaq öz tərəfdaşlarının sayını bir az da artırdı.
Elə burada bir sual yaranır. Əcəba, BMT Təhlükəsizlik Şurasında iki il müvəqqəti üzv olmaq doğrudanmı NATO ilə etibarlı, dəqiq əlaqələrdən vacibdir?..
Digər məsələ isə budur ki, Azərbaycan Təhlükəsizlik Şurasında elə Şərqi Avropanı təmsil edəcək! Bəli, bu yaxınlarda Polşadakı sammitdə bizə Şərqi Avropa ölkəsi statusu verildi. Amma mənim Avropa ölkələrinə sözün əsl mənasında yazığım gəlir. Onlar onsuz da həmişə BMT-dən, onun afro-asiya mahiyyətindən gileylənirlər. Biz də arabir bunu unudaraq BMT-dən demokratiya ilə bağlı dəstək umuruq. Toqo nə bilir ki, demokratiya nədir?
Bir dəfə Polşanın BMT-dəki nümayəndəsinin mühazirəsini dinlədim və mənim həmin adama yazığım gəldi. O, ürək ağrısı ilə deyirdi ki, üçüncü ölkələri təmsil edən BMT əməkdaşları Yuqoslaviyanın müharibədən dağılan xarabalıqlarına belə, böyük heyrət və qibtə ilə, gözlərini bərəldərək baxırlar! Indi güman ki, həmin əməkdaşları Bakıya çağırsan, onlar “analoqu olmayan inkişaf” faktını təsdiq edərlər! Elə ölkənin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsini də “analoqu olmayan diplomatik uğur” adlandıracaqlar.
Nə isə. Mənim hadisə ilə bağlı deyə biləcəklərim bu qədərdir. Bəlkə bir az da artıq demək olardı və “analoqu olmayan diplomatik uğur”u bir az da saf-çürük etmək olardı. Amma ehtiyac varmı? Sizi əmin edirəm ki, düz iki il – 2013-cü ilə qədər bu uğurdan danışacaq, bundan yazacaqlar. Necə deyərlər, səsinizə, qələminizə qüvvət!
Daşdan keçən qanun
Bu arada, Milli Məclis də eks-prezidentlərlə bağlı qanunu birinci oxunuşda qəbul etdi. Deyirəm, vallah, bu, qəribə ölkədir. Altı aydan sonra ona yenidən qayıtmaq istəyirlər. Belə getsə, bu qanuna heç kimin ehtiyacı olmayacaq. O gün yenə də bu qanunla bağlı düşünürdüm. Deyirlər, bu qanun o qədər güc və qüdrətə malikdir ki, hətta cinayət təqibini də dayandıra bilər. Lakin yaxın vaxtlarda məlum oldu ki, bundan da güclü təsirə malik hüquqi akt var, onun adı prezidentin mərhəmətidir. Prezident mərhəməti və istəyilə ölkənin ən ali aktının belə, qüvvəsini dayandıra bilər.
Burada mən cinayət təqibi haqda bir neçə kəlmə yazmaq istəyirəm. Bu ölkədə adama deyirlər ki, bir ay səni həbs etməyəcəyik, amma bir aydan artıq qalsan, tutulacaqsan. Bilirsiniz, niyə bu cür olur? Cinayət işlərinin çoxu quramadır. Bunu özləri də bilirlər, çünki bu işləri elə özləri düzüb-qoşublar. Belə olan təqdirdə onları ləğv etməyə nə var ki? Öz əllərində deyilmi? Bu ölkənin ən ali hüquqi aktı ikicə maddədən ibarətdir. Birincisində yazılıb ki, prezident həmişə haqlıdır! Bəli, ikincisində isə qeyd olunur ki, əgər buna şübhəniz varsa, onda birinci maddəyə baxın!
Kiçik sözardı
Siyasət adamlarından birinin belə bir sözü var ki, siyasətçi üçün min dost az, bir düşmən isə çoxdur! Bunlar güvənir ki, 155 ölkə dostumuzdur. Amma bir detalı nəzərə almırlar ki, əsl siyasətçi ən etibarlı dostlarını ölkənin içində, öz vətənində qazanır. Bəli, Hüsnü Mübarəkin ölkənin kənarında dostları çox idi. Zira bu, ona kömək etdimi? Hətta bir müddət ABŞ ona qahmar çıxmağa, qocalıq çağını rahat keçirmək üçün təminatlar verməyə hazır idi. Amma nə oldu?


