Problemli kreditlərin artdığı bir dövrdə ölkədən çıxışı qadağan olunan şəxslərin sayı artacaq
Xəbər verdiyimiz kimi Ədliyyə Nazirliyi “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ı təsdiqləyib.
Bu təlimat məhkəmə qərarları əsasında verilmiş icra sənədləri üzrə borclunun və ya azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qaydaları müəyyən edir.
Təlimata əsasən, borclu vətəndaş məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu barədə qərarı icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qəbul edir.
Təlimata əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir. Bundan sonra, icra sənədinin üzrsüz olaraq icra edilməməsinin səbəbləri müəyyənləşdirilir. Digər tərəfdən, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o sıradan onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamalıdır.
Hazırda ölkədə 2.5 milyon nəfərin banka borcu var. Problemli kreditlərin sayı isə hər ötən ay daha da artır. Hazırda problemli kreditlərin miqdarı isə 1.3 milyard manatdır və bu say durmadan artır. Bu isə o deməkdir ki, banka borcu olan vətəndaşları ciddi problem gözləyir.
Amma bir neçə sual qaranlıq qalır. Vətəndaşın ölkədən çıxmasının məhdudlaşdırılması xüsusən sahibkarlar üçün ciddi əngəldir. Çünki onların xaricdə biznes fəaliyyəti ilə məşğul olmaq imkanları məhdudlaşır. Eyni zamanda müalicə almaq üçün xarici ölkəyə getmək istəyən də ciddi problemlə üzləşəcək.
Məsələ ilə bağlı danışdığımız ekspertlər bildirdilər ki, banka borcu olan şəxslər barədə məhkəmənin qüvvəyə minmiş qərarı varsa, o zaman qanunun tələblərinə görə, həmin borclu şəxslər ölkə ərazisini tərk edə bilməzlər. Bu hüquq banka borc ödənilənə qədər məhdudlaşdırılır. Qanunla məhkəmənin qətnaməsini icra etmək hər bir borclu şəxsin öhdəliyidir.
Amma, ekspertə görə, ölkədə bu cür durumun yaranması da təsadüfi deyil. Ölkə iqtisadiyyatını yalnız bir istiqamətdə inkişaf etdirən iqtidar neftin qiymətinin düşməsi ilə ciddi maliyyə problemləri yaşayır. Məhz bu problemlərin nəticəsidir ki, hər ötən ay banklara borclu olan şəxslərin sayı artır. Bu proses zəncirvari xarakter daşıyır. Iş yerlərinin bağlanması, iqtisadiyyatın həcminin azalması, sahibkarların sıxışdırılması ölkədə bu cür acınacaqlı vəziyyət yaratmalı idi.
Hazırkı böhranlı durumdan çıxmaq üçün addımların aranması əvəzinə hakimiyyət fərqli qərarlar qəbul edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar əlavə vergi sanksiyalarına cəlb edilirlər. Sadələşdirilmiş verginin fiziki şəxslər üçün 4 faizdən 6 faizə, hüquqi şəxslər üçünsə 8 faizə qaldırılması sosial-iqtisadi vəziyyəti daha da kəskinləşdirəcək.
Hikmət