Azərbaycanı BMT-də çətin sınaqlar gözləyir

İran, Suriya, Fələstin məsələsində Azərbaycan hansı mövqedən çıxış etməlidir?

BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasına Şərqi Avropadan yeni müvəqqəti üzv seçkisinin nəticəsində Azərbaycan quruma üzv seçilib. Rəqibimiz Sloveniya namizədliyini geri götürdükdən sonra keçirilən səsvermədə Azərbaycanın lehinə 155 ölkə səs verib, 24 ölkə isə bitərəf qalıb, 13 ölkə isə yenə də namizədliyini geri götürən Sloveniyaya səs verib.
Heç şübhəsiz, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi ölkəmiz üçün yeni imkanlara yol açacaq. Bundan sonra Azərbaycan BMT Təhlükəsizlik Şurasından istifadə edərək öz problemlərini daha yaxşı qabarda biləcək. Amma bir çoxlarında yaranan eyforiyanın əksinə olaraq BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv olmağımız Qarabağ probleminin çözülməsinə gətirib çıxarmayacaq. Çünki BMT-nin Ermənistanla bağlı çıxardığı 4 qətnamə hələ də yerinə yetirilməyib.
Amma Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü ölkəmizin diplomatiyasından çevik manevrlər tələb edəcək.  Çünki qarşıda Təhlükəsizlik Şurasında olduqca ciddi məsələlərin müzakirəsi gözlənilir. Onların sırasında Suriya hadisələrini, Iranla bağlı problemləri və Fələstinin müstəqilliyi məsələsini göstərmək olar. Hər üç məsələdə Azərbaycanın yanlış mövqedən çıxışı ölkəmiz üçün ciddi fəsadlar yarada bilər.
Ilk olaraq Iranla bağlı BMT-də gözlənilən müzakirələrə toxunaq. Iranın qonşuluqda yerləşməsi və vaxtaşırı rəsmi Bakını təhdid edən bəyanatlarla çıxış etməsi Azərbaycandan bu məsələdə ayıq-sayıq olmağı tələb edir. Çünki Iranın Azərbaycan üçün regionda kifayət qədər təhlükəli olduğu bəllidir. Ekspertlər bu baxımdan hesab edir ki, Iranla bağlı müzakirələrdə Azərbaycan ya bitərəf qalmalıdır, ya da bir qədər qeyri-populyar görsənsə də Irana qarşı sanksiyaların sərt şəkildə tətbiqinə qarşı çıxmalıdır.
Suriyada baş verən qətliamlara gəlincə, Azərbaycanın beynəlxalq imici baxımından rəsmi Bakının bu məsələdə beynəlxalq birliklə eyni mövqedən çıxışı vacibdir. Çünki 5000-dən artıq dinc insanı qətlə yetirən Suriya rejiminin aqibətinin necə olacağı artıq bəllidir. Əsədin beynəlxalq birliklə münasibətlərini yenidən əvvəlki səviyyədə bərpa edəcəyi az inandırıcıdır. Ona görə Azərbaycanın Suriya ilə bağlı müzakirələrdə Əsədin əleyhinə səs verməsi bir o qədər təhlükəli deyil. Daha çox təhlükə yaradan qərar Azərbaycan hakimiyyətinin mahiyyətcə yaxın olan Əsəd rejimini müdafiə etməsi ola bilər.
Fələstinin müstəqillyi məsələsinin müzakirəsi zamanı isə Azərbaycan heç də riskə getmədən bu məsələdə BMT-nin mövqeyini təkrarlaya bilər. Çünki məhz BMT Fələstində müstəqil dövlətin yaradılmasında maraqlıdır. ABŞ da Fələstində müstəqil dövlətin yaradılmasının tərəfdarıdır. Ona görə Azərbaycan Israil ilə münasibətlərinin korlanmasından qorxmayaraq Fələstinin müstəqilliyinə səs verə bilər.
Azərbaycanın Təhlükəsizlik Şurasının iclaslarında diqqət yetirməli olduğu daha bir məqam böyük dövlətlərin lobbiçiliyi ilə bağlıdır. Bu sırada əsasən ABŞ və Rusiyanın adını çəkmək olar. O da istisna deyil ki, Suriya və Fələstin məsələsində Azərbaycan ünmayəndə heyəti həm ABŞ, həm də Rusiyanın təzyiqləri ilə üzləşə bilər. Amma Azərbaycanın dövləti maraqları yalnız hər iki məsələdə ABŞ-ın mövqeyindən çıxış etməyi tələb edir. Bu məsələlərdə Rusiyaya tərəf reveranslar etmək ciddi problemlər yarada bilər.

Xəyal