«Qəzzafinin öldürülməsi bütün diktatorlara ciddi mesajdır»
ABŞ prezidenti: “Onlar nəhayət, anlamalıdırlar ki, insan haqlarına hörmət etmək lazımdır”
Bu sırada Əsəd, Putin, Lukaşenko və Əliyevin daha ön cərgələrdə olduğu aşkar görünür…
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin ölümü ilə bağlı fikirlərini açıqlayıb.
Ağ ev rəhbəri Qəzzafinin islahatlara getmək imkanının olduğunu, lakin bu istiqamətdə addım atmadığını bildirib: “Ərəb ölkələrində inqilab dalğası baş qaldıranda Qəzzafinin imkanı var idi ki, rejimini yumşaldaraq, demokratik islahatlara getsin. Biz ona islahatlara getmək üçün çox şans vermişdik. Lakin Qəzzafi bunu dəyərləndirə bilmədi”.
ABŞ prezidenti Qəzzafinin öldürülməsini yaxşı hal hesab etməsə də, o, bu faktın digər ölkələrdəki diktatorlara siqnal ola biləcəyini də deyib: “Nə qədər qorxunc şeylər etsə də, hər insan ölüm anında nəzakət haqqına sahibdir. Bu hadisə bütün diktatorlara ciddi bir mesaj olacaq. Onlar nəhayət, anlamalıdırlar ki, insan haqlarına hörmət etmək lazımdır”.
***
Göründüyü kimi, ABŞ prezidenti açıq şəkildə demək istəyir ki, Qəzzafinin taleyi demokratiyaya müqavimət göstərən və sivil dünya üçün təhlükəsizlik problemləri yaradan hər bir diktator üçün təkrarlana bilər. Bu sırada kimlərin olduğunu Qərb mətbuatının və siyasətçilərinin ritorikasına uyğun dəqiqləşdirmək istəsək, Bəşər Əsəd, Vladimir Putin, Aleksandr Lukaşenko və Ilham Əliyevin daha ön cərgələrdə olduqlarını görə bilərik.
Obama eyni zamanda, Qəzzafiyə verilən islahat imkanlarından söz açmaqla öz növbəsini gözləyən diktatorlara hələ də sivil üsullarla hakimiyyət kürsüsünü tərk etmək imkanlarının olduğu mesajını verib. Nəticə çıxarmayanlar üçünsə oxşar talenin gözlənildiyi ən yüksək ehtimallardandır.
Siyasət şöbəsi