Əliyev babamız, Əliyev atamız…

Liviya diktatorunun rəzil-rüsvay şəkildə ölməsindən sonra onun haqqında ən müxtəlif söhbətlər bitmək bilmir və hələ bir xeyli də səngiməyəcək.

Dünyanın fikrini məşğul eləyən əsas məsələ budur: Qəzzafinin bu cür ölümü və ümumiyyətlə ölümü, məğlubiyyəti, dünyaya meydan oxuduğu halda, tanınmamaq üçün parik taxaraq gizlənməyə siçan deşiyi aradığı yerdə, nəcasət borusunda yaxalanıb urvatdan salınmasından onun kimi xalqına divan tutanlar, ürəyinə rəhm, insanlıq ziyası düşməyənlər, kor kimi tutduğunu buraxmayanlar ibrət dərsi götürəcəkmi? Yəni ziyanın yarısından qayıtmağın da kar olduğunu düşünən diktatorlar olacaqmı?
Mənim bu suala cavabım “yox”dur. Qətiyyətli, əmin bir “yox”! Çünki dərsi ağıllı adamlar götürər, haqqın yoluna qəlbinin gözü tam bağlı olmayanlar gələr, hamı kimi sıradan bir insan olmasını özünü Allah zənn etməyənlər yada sala bilər, xalqına qucaq açmağı təkəbbürdən zəlil olmamışlar, kəsəsi bunların hamısını ağlı az da olsa üstündə olan sağlam adamlar bacarar. Qəzzafi isə, diktator idi. Diktatorluq hakimiyyət xəstəliyinin, taxt-tac hərisliyinin sonuncu mərhələsi, metastaz vermiş, müalicəyə açıq olmayan ən çarəsiz şəklidi.
Diktatorluq insanın daxilində onunla paralel yaşayan Allahla insanın özünü dəyişik salması, özündə varlıq kimi birinci yerə Insanı deyil, Allahı qoymasıdı. Bu, hürufizmin yanlış qavramıdı. “Həqq məndədir”i “Həqq yalnız mənəm” kimi qəbul eləmək və inanmaqdı. Qısası, diktatorluq dəlilikdi. Zır dəlilik. Şəfası olmayan dəlilik. Özünü bir şey zənn etmə. Dəlinin isə başqa bir dəlinin sonundan dərs götürməsi hələ tarixdə görünməyib. Bəşər Əsəd də, Putin də, onların dostu olan başqa həvəskar və peşəkar diktatorlar da öz qanuni sonlarına doğru sonuna kimi gedəcəklər.
“Mən sizin atanızam”, “Mən sizin babanızam”, “Mən sizin liderinizəm”, – deyib Qəzzafi son anlarında və yalvarıb: “Məni öldürməyin”.
Bu da özünü bir şey zənn etmənin görsənişidi. Özünü “baba”, “ata” zənn eləyən azmı diktator, azmı dəli görmüşük. Tanıdığım bir dəli vardı. Bir gün bir toyda mikrofonu əlinə alıb dedi: “Mənəm zəmanənin Aşıq Ələsgəri!” Ağsaqqallar onu toydan qovdular. Hər yerdə, hər məqamda belə olsaydı, onda bəşəriyyət heç diktatorların əlində əsir-yesir qalmazdı.
Və sən ataya bax bir! Varidatı dünyaya açıqlanır: 168 milyard dollar dəyərində sərvət!!! Sərvətin bir hissəsi nəğd pul və ləl-cəvahiratdan, 1 milyard dolları isə daşınmaz əmlakdan ibarətdir. Indi Liviyada yüz minlərlə vətəndaş, yəni Qəzzafinin öz övladı saydığı adam var ki, bu gündən sabaha ümidi yoxdur. 168 milyard nədi, 168 quruşa möhtacdı. Atanın isə hələ özündən sonra 168 milyardı qalır. Belə atanın boyuna qamış ölçüm, belə atanın boyunu yerə soxum. Hələ utanmaz-utanmaz deyir də: “Mən sizin atanızam…”
Yaxşı bir söz salıblar ağızlara öz sonlarının da Qəzzafidən yaxşı olmayacağını bilənlər: “Qəzzafini (Mübarəki, Bin Əlini….) Amerika yıxdı”. ABŞ öz siyasətini dəyişdiyini, daha diktatorlarla, avtoritar başçılarla işləməyəcəyini, bundan belə xalqlarla, yəni demokratiya ilə dost olacağını heç gizlətmir də. Ama filankəs diktatordu deyib, qəfildən qılıncını üstünə də çəkmir. Hələ son anlarına kimi Qəzzafinin yanına nə qədər mötəbər dövlət başçıları minnətə getdi, dünya birlikləri nə qədər ona yalvar-yaxar elədi ki, daşı ətəyindən töküb üzünü xalqa, demokratiyaya tutsun. Cavab nə oldu? Onun nə cavab verdiyini bilmək üçün dünənə boylanmağa gərək yoxdu. Azərbaycan dövlət başçısının verdiyi cavablarla ucundan-qulağından tanış olmaq yetər.
“Qəzzafinin öldürülməsini yox, həyatda qalmasını istəyərdim. Istərdim ondan Liviya xalqına bütün bu zülmü niyə etdiyini  soruşa bilim”, – deyən Liviya Keçid Şurasının baş naziri Mahmud Cəbrayıl nə qədər də səmimidir. Ama əbəs yerə. Pərviz Cəbrayıl da hər yazısında eyni şeyi soruşur.
Cavab:…