Milli Şuranın üzvü, Milliyyətçi Demokrat Partiyası Təşkilat Komitəsinin rəhbəri Qələndər Muxtarlının 50 yaşı tamam olur. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir.
Hörmətli Qələndər bəy! Sizi, Milli Azadlıq Hərəkatının öncüllərindən biri, gənc yaşlarından vətənimizin müstəqilliyi, ərazi bütövlüyü, milli və demokratik dəyərlərin bərqərar olması naminə mübarizəyə qoşulmuş fədakar əqidədaşımı 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Həyatınızın böyük hissəsini sovet imperiyasından tutmuş hazırkı antimilli recimə qarşı, haqq-ədalət uğrunda mücadiləyə həsr etmisiniz, təzyiqlər, həbslər, məhrumiyyətlər, siyasi fəaliyyətinizə qarşı törədilən təxribatlar sizi bu həqiqət yolundan çəkindirə bilməyib. Həm siyasi partiya quruculuğunda, həm də dövlət idarəçiliyi sahəsində təcrübəniz, təşkilatçılıq bacarığınız çox dəyərlidir.
Siz ilk könüllü tələbə batalyonu tərkibində Qarabağda erməni işğalçılarına qarşı müharibədə qəhrəmancasına döyüşmüsünüz, Vətənə olan sevginizi sözdə yox, əməlinizlə sübüt etmisiniz.
Hər zaman xalqın maraqlarına xidmət etmisiniz, milli-demokratik qüvvələrin, birliklərin yaradıcılarından və böyük dəstəkçilərindən olmusunuz.
Mətbuatda müxtəlif aktual, ağrılı mövzularda tənqidi yazılarınız, müsahibələriniz, tədbirlərdə çıxışlarınız mübarizənizin əhəmiyyətli tərkib hissəsidir. Kütləvi etiraz mitinqlərində daim fəal iştirakınız gənclər üçün bir örnəkdir, tutduğunuz çətin lakin şərəfli yola nə qədər sədaqətli olmağınızın nümayişidir.
Hazırda Milli Şuranın üzvü olaraq azadlıq, demokratiya, ədalətli cəmiyyət naminə göstərdiyiniz əsl vətəndaş mövqeyinizlə diktaturaya qarşı mübarizənizi davam etdirirsiz.
Sizin kimi ləyaqətli, cəsur, vətənpərvər insanlarla eyni səngərdə olduğuma görə qürur duyuram.
Hörmətli Qələndər bəy, sizi bir daha təbrik edir, azad, bütöv və demokratik Azərbaycanda uzun sağlıqlı ömür, arzularınızın gerçəkləşməsini və siyasi fəaliyyətinizdə uğurlar diləyirəm.
Tanrı sizi qorusun!


