«MTN-dən gələn işlərdə hətta kobud qanun pozuntuları da müdaxilə olunmadan hökmlə təsdiqlənir»
Vəkil AXCP sədrinin qaynı Elnur Seyidovun işini bir daha gündəmə gətirdi
Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi son müşavirədə sahibkarlara təzyiqlərdən danışmışdı. Daha sonra Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylar sahibkarlara yaranan əngəllər arasında MTN-in fəaliyyətinin olmasını da üzə çıxardı. Bir neçə il əvvəl “Texnikabank” ətrafında baş vermiş hadisənin də bəzi qaranlıq məqamlarına aydınlıq gətirmək qərarına gəldik. Həmin işlə əlaqədar həbs olunanlardan biri də AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov idi. Bu məsələ ilə bağlı Elnur Seyidovun vəkili Fəxrəddin Mehdiyevlə əlaqə saxladıq.
“Texnikabank” işi ilə bağlı açılan cinayət işinə 25 nəfər cəlb olunmuşdu. Həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunublar. Istintaqa cəlb olunmuş bu işdə 17 nəfər barəsində müxtəlif cəzalar təyin edildi. Bu işə mütəşəkkil dəstənin təşkil etdiyi iş kimi baxılırdı. “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin adı həmin mütəşəkkil dəstənin başçısı kimi hallanırdı. Amma nədənsə sonradan o, şərti cəza ilə həbs məsuliyyətindən kənarda qaldı. Eləcə də bu işdə vəzifəli şəxslərdən biri olan Bankın Yasamal şöbəsinin rəhbəri Samir Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan mərhum edilsə də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun da cəzası şərti cəza ilə əvəzlənərək həbsdən azad edildi. Həbs olunanlardan daha iki nəfərin barəsindəki həbs cəzası isə Ali Məhkəmənin qərarı ilə digər cəzalarla əvəzləndi. Bu iş üzrə yalnız iki nəfər hazırda həbsdə qalır, biri hüquqlarını müdafiə etdiyim Elnur Seyidov, digəri isə Nicat Abdullayevdir”.
“Texnikabank” işinin Milli Təhlükəsizlik Nazirliyində aparılmasına isə Fəxrəddin Mehdiyevin münasibəti belə oldu: “Həmin iş üzrə bütün hərəkətləri MTN aparmışdı, həm axtarış-əməliyyat tədbirlərini, həm də istintaqı. Bu işdə zərərçəkənlərdən təzyiqlər vasitəsilə ittiham irəli sürülən şəxslərin əleyhinə ifadə verdikləri açıq-aşkar hiss olunurdu. Hətta həmin bankdan kredit alan bəzi sahibkarlar o zaman bizə bu məsələdə məcburi surətdə ifadə verdiklərini etiraf edirdilər. Lakin nədənsə çəkindiklərindən bunu açıq şəkildə dilə gətirə bilmirdilər. Bu da, bizim qənaətimizə görə, MTN xofu ilə bağlı idi. Əslində həmin işin istintaqının Milli Təhlükəsizlik Nazirliyinin istintaq idarəsində aparılması özü qanunsuzluq idi. CM-in adı çəkilən maddələri ilə istintaqı ya Daxili Işlər Nazirliyi, ya da prokrorluq orqanları aparmalı idi”.
Hüquqşünas “Texnikabank” işinin Beynəlxalq Bank işi ilə müqayisə edilməsi məsələsinə də toxundu: “Həmin kredit məbləğləri elə də yüksək deyildi. Yəni həmin işi Beynəlxalq Bank məsələsi ilə eyniləşdirmək olmaz. Oradan verilən kreditlər 15-20 min manat miqdarında, bir neçəsi isə bir qədər yüksək məbləğdə olsa da, 200 min manatdan artıq kredit olmayıb. Ən yüksək məbləğdə olan kreditlərdən biri Elnur Seyidovun nəzarəti ilə verilən 148 min manatlıq kredit idi, onun da böyük hissəsi həmin cinayət işi başlanmazdan əvvəl ödənilmişdi. Qalan hissə isə məhkəmə yekunlaşana kimi tam ödənilib qurtarmışdı. Özü də heç bir gecikmə olmadan, bankın rentabelliyinə zərər vermədən ödənilmişdi”.
Daha sonra Fəxrəddin Mehdiyev mülahizələrini belə davam etdirdi: “Təqsirləndirilən şəxlərin vəkilləri bu işi əsassız və qanunsuz hesab edib. ”Texnikabank” Azərbaycanda fəaliyyət göstərən banklar içərisində həm fəaliyyət sahəsinə görə, həm də ranqına görə bir çox banklardan irəlidə idi. Həmin bankın sonra adının dəyişdirilməsi, daha sonra isə müflisləşmə həddinə salınması görünür, hakimiyyətdaxili klanların oyununun nəticəsi imiş. Azərbaycanda belə bir tendensiya yaranıb, MTN-dən gələn işlər məhkəmələrdə araşdırılma predmetinə çevrilə bilməz. Həmin işlərdə kobud qanun pozuntuları belə müdaxilə olunmadan hökmlə təsdiqlənir. Bu işlərdən verilən apelyasiya və kassasiya şikayətləri isə dəyişdirilmədən qüvvədə saxlanılır. Amma bu işdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü apelyasiya və kassasiya şikayətlərində dəyişdirildi. Təkcə hüquqlarını müdafiə etdiyim Elnur Seyidov barədə olan hökmdən başqa”.