İcra başçısı Həştərxanda məktəb açdı

«Azadlıq»ın Abdin Fərzəliyevlə bağlı məlumatı təsdiqini tapdı

Nərimanovun icra başçısı Abdin Fərzəliyevlə bağlı “Azadlıq”ın ötən sayında dərc olunmuş xəbər təsdiqini tapıb. Xatırladaq ki, həmin xəbər bir müddət əvvəl işdən çıxarılacağı deyilən Abdin Fərzəliyevin hələ də vəzifədə qalmasının səbəblərindən bəhs edirdi. Xəbərdə bildirilirdi ki, icra başçısı Heydər Əliyev Fondunun Həştərxanda həyata keçirdiyi layihələrin maliyyəsini öz üzərinə götürməklə vəzifədə qala bilib. Bu layihələr məktəb və xəstəxana tikintisi, yaxud onların yenidən qurulmasıdır.
Artıq məktəbin yenidənqurulması başa çatıb və oktyabrın 24-də açılışı olub. Heydər Əliyevin adını daşıyan 11 saylı həmin məktəbin açılışında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanovla yanaşı Abdin Fərzəliyev də iştirak edib. Rəsmi qəzetlərdə açılış mərasimi ilə bağlı dərc edilən xəbərə verilən fotoda Abdin Fərzəliyevin də qırmızı lenti kəsənlərdən biri olduğu aydın görünür. Bu fakt isə layihəyə icra başçısının da cəlb edilməsi barədə “Azadlıq”ın məlumatının həqiqət olduğunu göstərir. Əks-təqdirdə Nərimanovun icra başçısı olan Abdin Fərzəliyevin Həştərxandakı məktəbin açılışında nə işi var idi?

Informasiya şöbəsi