Oliqarxlar Sovet dövrünün yadigarı olan kəndi «mühasirəyə» alıblar
Məmurlar daha bir kəndi tarixin arxivinə göndərir
Ivanovka Azərbaycanda ən məşhur kəndlərdən biridir. Bu kəndin özünəməxsus özəlliyi var. Bir boy sırasında tikilən evlər, gül qoxuyan bağ-bağçalar, uşaqların bir-biriylə gah rus, gah da Azərbaycan dilində danışdığını görəndə özünün Rusiyanın kiçik bir qəsəbəsində hiss edirsən. Sovet vaxtı bura daha gözəl idi. Indi günü-gündən kənd eybəcərləşir. Öz ilkin aurasından yavaş-yavaş uzaqlaşır. Çiy kərpicdən tikilən kiçik daxmaların cərgəsinə artıq qırmızı kərpicli, ivanovkalı üçün saray təsiri bağışlayan evlər daxil olur. Bir sözlə, Əliyevlər iqtidarı daha bir kəndi tarixin arxivinə gömdürür…
Kolxozda əmək haqqı 30-50 manatdır

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədov kəndi eybəcərləşdirmək uğrunda savaşa çıxıb. Bunu Ivanovkaya ayaq basanda ilk andaca hiss etmək mümkündür. Hər iki məmurun kənddə malikanəsi, dəbdəbəli evləri var. Kənddə başqa ərazilərdən gəlmələrin məskunlaşması ab-havanı tamam məhv edib. Çox az sayda malakan və ləzgilər qalıb ki, onların da deportasiya olunması prosesi gedir. Özü də çox sakit şəkildə.
Ivanovkanın əsasıÿ1847-ci ildə qoyulub. Çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş xristianlığın malakan təriqətinə bağlı olan ruslar bu kənddə məskunlaşıb. Ivanovkanın adı da onun yaradıcısı olan kəndçi Ivan Perşinin şərəfinə qoyulub.

Kənd sakini Dəmir Salmanov kolxozun formal fəaliyyət göstərdiyini deyir: “Bizim traktorumuz, texnikamız, təsərrüfatımız, hər cür imkanımız var idi. Indi əlimizdə çox az imkan qalıb. Kolxozda əmək haqqı 30-50 manat arasında dəyişir. Bu maaşa kim işləyər? Hamı kəndi tərk edir”.
Müsahibimiz 5 min hektar torpağı, 3 min iri buynuzlu, 7 min xırda buynuzlu heyvanı olan bir təsərrüfatın məhv olmasından gileylənir: “Kolxoz işçiləri dolandıra bilmir. Sovet vaxtı camaat çox yaxşı dolanırdı. Burda yaşamaq mümkün deyil. 1996-cı ildə torpaq islahatı həyata keçiriləndə qərar verdik ki, kolxoz dağılmasın. Indisə üzüm sahəsini becərməyə də imkanımız yoxdur”.
Hotel tikib camaatın çörəyinə bais olurlar

Kəndlilər deyirlər ki, Ismayıllı rayonu icra başçısı Nizami Ələkbərov kolxozun tərkibinə daxil olan torpaq sahəsini özəlləşdirib: “Başçı kolxozun ərazisində istirahət məkanı tikdirir.ÿKəndi çapıb talayırlar. Əvvəllər təhsil alan ruslar çox idi. Birinci sinifə gedənlər 30-40 nəfər olardı, indi 10-12 nəfər dərsə gedir. Məktəbi bitirən malakanlar da kəndi tərk edib Rusiyaya üz tutur”.
Kəndin girəcəyində isə yüksək vəzifəli məmur hotel tikdirir. Hotelin alt mərtəbəsi ticarət mərkəzi, üst mərtəbədə isə kəndlilər üçün qeyri-adi olan mehmanxana fəaliyyət göstərəcək. Bu isə kasıb ivanovkalılara heç bir halda sərf etmir. Belə ki, kəndə qonaq gələnlərə ev sahibləri kirayə otaqlar təklif edirlər. Günü adambaşına 5-10 manat arasında olan bu otaqlara hotel tikilib istifadəyə veriləndən sonra daha heç kim gəlməyəcək. Çünki yeni tikilən hoteldə qiymətlərin münasib və hər cür şəraitin olacağı deyilir.
“Nazir Füzuli Ələkbərov 80 min manata evləri alır. Elə qiymət deyir ki, malakanlar evlərini satıb gedirlər. Alınan evlərin yerində də villalar, dəbdəbəli saraylar tikdirir” – deyir, sakinlər.
Ivanovkanın Anval deyilən ərazisində də Füzuli Ələkbərov “Cavanşir-qala” adlı 5 ulduzlu hotel tikdirir. Kənd torpaqlarının zəbt olunması nəticəsində heyvanlara örüş yeri qalmayıb. Nazirə məxsus yeni çörək zavodunun açılmasına isə ehtiyac olmadığını deyirlər. Çünki kənddə çörək sexi var. Bunu monopoliya kimi dəyərləndirən kəndlilər Ilham Əliyevin Ivanovkaya gəlməsini tələb edirlər.
Kənd camaatı deputat Novruz Aslanovdan da şikayətçidir. Onların problemləri ilə maraqlanmayan təyinatlı millət vəkilinə Cəlil Məmmədquluzadənin personajı olan Novruzəli ayamasını qoşublar.
Ramin DEKO,
Bakı-Ismayıllı-Ivanovka-Bakı
HƏMÇİNİN BAX:


