«Azərbaycan» kinoteatrı oktyabrın sonunda fəaliyyətini dayandıracaq
Bina əsaslı təmir adıyla özəlləşdiriləcək
“Bağlanmayla əlaqədar ”Azərbaycan” kinoteatrı film proyektoru avadanlığı və oturacaqlar, həmçinin ofis təchizatının və mebelin, istilik və kondisiyalaşdırılma sistemləri, barlar üçün avadanlıqlarını satmasını elan edir” – bu elan “Azərbaycan” kinoteatrının saytında (www.cinema.az) yazılıb.
Kinoteatrın satış üzrə koordinatoru Faiq Kazımov Day.az saytına kinoteatrın özəlləşdirilməyə çıxarıldığını bildirib: “Səbəbini bilmirəm. Bizə bu haqda heç nə deyilməyib. Yalnız işdən getməyimizi istəyiblər və biz, buna hazırlaşırıq”.
Kinoteatrın direktoru Əli Humani APA-ya açıqlamasında kinoteatr açılan gündən oranı icarəyə götürdüklərini bildirib: “On iki il idi ki, burada fəaliyyət göstərirdik. Bütün avadanlıqları satışa çıxarırıq. Çünki bu məkan artıq özəlləşdirilib. ”Azərbaycan” kinoteatrının bundan sonra fəaliyyətinin hansı istiqamətdə qurulacağını bilmirəm. Biz buradan çıxırıq və “Azərbaycan” kinoteatrı olaraq fəaliyyətimizi dayandırırıq. Ayın sonuna kimi filmlər göstəriləcək”.
Eyni binada fəaliyyət göstərən Milli Kinematoqrafiya Mərkəzinin direktoru Rafiq Hüseynov da fəaliyyətlərini dayandırdıqlarını söyləyib: “Bu binada eyni zamanda xarici şirkətlə bərabər Beynəlxalq Kino Şirkəti də yaratmışdıq. Biz də oranı boşaldırıq. Bu kinoteatrı Azərbaycan Kinematoqrafçılar Ittifaqı icarəyə götürmüşdü. Icarə müddəti üçün imzalanan müqavilə 20 ili əhatə edirdi. Ancaq kinoteatrların özəlləşdirilməsi ilə bağlı imzalanan sərəncam əsasında bu kinoteatr da özəlləşdirilib. Kinoteatrı Əmlak Komitəsi hərraca çıxarıb və hərraca çıxarılanda bütün müqavilələr pozulmuş sayılır. Ittifaqın bu obyekti almağa maddi imkanı yoxdur”.
R.Hüseynov qeyd edib ki, hər iki kino mərkəzinin fəaliyyəti sual altındadır: “Çalışacağıq ki, Milli Kino Mərkəzi fəaliyyətini davam etdirsin. Beynəlxalq Kino Şirkətinin davam etməsini istəsələr, o zaman yenidən işbirliyinə başlayarıq”.
Ötən gün adıçəkilən ünvana baş çəkdik. Üç mərtəbəli binada Azercell-in bir neçə dükanı, qiymətli daş-qaş dükanı olan Sworkovskinin ofisləri var. Kinoteatrın rəhbərliyindən heç kimi tapa bilmədik. Özünü təqdim etməyən işçilərdən biri “Azadlıq”a açıqlamasında onlara rəsmi bildirişin gəlmədiyini bildirdi: “Sadəcə deyilib ki, bura özəlləşdirilib. Kim özəlləşdirib, bundan sonra fəaliyyətimiz necə olacaq, bilmirik. Binanı əsaslı təmir edib yenidən bizə verə bilərlər. Hələlik konkret heç nə deyə bilmərik. Ayın sonuna kimi fəaliyyət göstərmək vaxtımız var”.
Ilham Əliyevin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli sərəncamında qeyd edilib ki, sosial obyektlər istisna olmaqla, digər özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərin öz profilini saxlamaq şərti ilə özəlləşdirilməsi məsələsini Dövlət Əmlak Komitəsi müəyyən edir. Yəni bütün hallarda özəlləşmə olarsa, ilkin profilə toxunmaq olmaz.
Məsələ ilə bağlı dünən gün ərzində Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da heç bir nəticə hasil olmadı.
Dövlət Əmlak Komitəsindəki qaynaq “Azadlıq”a açıqlamasında “Azərbaycan” kinoteatrının yerləşdiyi binanın özəlləşdirilməsiylə bağlı qərarın verilmədiyini bildirdi: “Tam qərar verilməyib. Ola bilsin ki, kinoteatrın yerləşdiyi bina özəlləşdirilməsin”.
Bizə daxil olan məlumatlara görə, sözügedən teatrın özəlləşdirilməsi barədə artıq yekun qərar verilib. Yəni oktyabrın sonundan kinoteatr fəaliyyətini dayandıracaq və bina əsaslı təmir olunacaq. Təmir işləri bitəndən sonra isə kinoteatrın fəaliyyəti bərpa olunmayacaq. Indiki məqamda binanın özəlləşməsi barədə məlumat verilmir.
Qeyd edək ki, “Araz” kinoteatrı da gələn ay hərraca çıxarılacaq. Kinoteatrın avadanlıqlarının cəmi 49,5 min manata satılacağı haqda məlumatlar dolaşır.
Ramin DEKO