aliyev-memurlar10

Paşayevlər Mehdiyevə qalib gəldi

Naxçıvan və Qərbi Azərbaycan klanı Mütəllibovu eks-prezident statusundan məhrum edə bilmədi

Parlament eks-prezidentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etdi

 

Parlamentin dünənki iclasında çoxdan gözlənilən “Azərbaycan Respublikasının keçmiş prezidentlərinin və ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanunu birinci oxunuşda qəbul edilib.
Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. O, bildirib ki, eks-prezidentlər fəaliyyətdə olan prezidentin əmək haqqının 50 faizi məbləğində məvacib alacaqlar. Həmçinin, onların özünün və ailəsinin təhlükəsizliyinin təmini məqsədilə xidməti avtomobil və mühafizəçi ayrılacaq. Eks-prezidentlərin toxunulmaz statusa malik olduğunu deyən Əli Hüseynov bildirib ki, onlar yalnız cinayət başında yaxalanma istisna olunmaqla həbs edilə bilməzlər: “Onların cinayət məsuliyyətinə cəlb edilməsi isə baş prokurorun razılığı ilə həyata keçirilə bilər”.

Komitə sədri qeyd edib ki, eks-prezidentlər haqqında qanunun barəsində parlament tərəfindən impiçment tətbiq olunmayan prezidentlərə şamil ediləcək.
Deputat Vahid Əhmədov qanunun eks-prezidentlər Ayaz Mütəllibovla Əbülfəz Elçibəyə şamil olunub-olunmayacağı barədə Əli Hüseynovdan konkret cavab istəyib. Komitə sədrinin cavabı müsbət olub. Spiker Oqtay Əsədov da bildirib ki, bu məsələ birmənalıdır. “Qanun hər iki keçmiş prezidentə də şamil olunacaq”,- deyə Oqtay Əsədov vurğulayıb.
Layihənin müzakirəsi zamanı bəzi YAP-çı və iqtidaryönlü deputatlar qanunun Ayaz Mütəllibova şamil edilməsinin əleyhinə çıxıblar. Əli Əhmədov, Fəzail Ağamalı, Zahid Oruc, Elman Məmmədov, Musa Quliyev və digərləri çıxışlarında qanunun Ayaz Mütəllibova şamil olunmasını kəskin tənqid ediblər. Buna baxmayaraq 3 nəfər əleyhinə, 100 nəfər lehinə olmaqla qanun qəbul edilib.
Müzakirələr zamanı bəzi YAP-çı və iqtidaryönlü deputatların Ayaz Mütəllibovla bağlı tutduqları mövqe əslində hakimiyyətiçi savaşın təzahürüdür. Daha doğrusu, eks-prezidentin taleyilə bağlı iqtidarda Bakı-Şirvan klanı ilə  Naxçıvan və Qərbi Azərbaycan klanı arasında ziddiyyətlər var.
Ayaz Mütəllibov oğlunun ölümü ilə bağlı maneəsiz olaraq Azərbaycana gəlməsindən sonra bəlli oldu ki, eks-prezidentin Paşayevlərlə münasibətləri o qədər də pis deyil. Münasibətlər hətta o dərəcədə yaxşıdır ki, eks-prezidentin oğlunun səhhətində ciddi problemlər yaranarkən onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Sonradan bəlli oldu ki, münasibətlərin istiləşməsinin kökündə Bakı-Şirvan klanının gücləndirilməsi dayanır. Paşayevlərin 2013-cü il prezident seçkisi ilə bağlı ciddi planlarının olması  sirr deyil. Bu planı reallaşdırmaq üçün Paşayevlər regional faktora xüsusi önəm verirlər. Lakin ortada vahid lider problemi olduğundan Bakı-Şirvan klanının bir mərkəzdə cəmlənməsi işi bir qədər çətinə salırdı. Ayaz Mütəllibovun siyasi varlığı hiss olunmasa da, tərəfdarları eks-prezidentin qayıdışına böyük ümid bəsləyirdilər. Paşayevlər vəziyyətdən çıxış yolunu Ayaz Mütəllibovun eks-prezident statusunu təmin etməklə, onun regional lider statusunu əlindən almaqda gördülər. Ayaz Mütəllibovun təklifi qəbul etdiyi, Azərbaycana gəlişi zamanı ətrafının verdiyi açıqlamalardan aydın görünürdu. Elə həmin vaxt ASDP həmsədri Araz Əlizadə Ayaz Mütəllibov barəsində başlanmış cinayət işi ilə bağlı demişdi: “Düşünürük ki, payızda eks-prezidentlərin statusu haqqında qanunun qəbulu zamanı bu məsələ həllini tapacaq”.       
Naxçıvan və Qərbi Azərbaycanlı klanı isə Paşayevlərin niyyətindən xəbərdar olduqlarına görə, Ayaz Mütəllibov məsələsində dirəniş göstərirdilər. Ramiz Mehdiyev, Bəylər Əyyubov və Kəmaləddin Heydərovun başçılığı ilə bu məsələnin baş tutmaması üçün geniş iş aparılırdı. Paşayevlərlə Naxçıvan və Qərbi Azərbaycan klanı, hətta Milli Məclisdə də bu məsələyə görə açıq şəkildə üz-üzə gəldi. Ayaz Mütəllibovun əleyhinə çıxanlar əsasən Paşayevlərə rəqib klana yaxın deputatlar, onlara qəti şəkildə cavab verən Oqtay Əsədov isə əksinə, Paşayevlərin kadrı kimi tanınır.
Lakin bütün cəhdlərə baxmayaraq, nəticədə Paşayevlər qalib gəldi.

Analitik informasiya şöbəsi