Cəmil Həsənli haqq etdiyi mükafatı aldı

cemil-hesenli-gultekin-hacibeyliMilli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Facebook səhifəsində ABŞ-ın Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzinin mükafatına layiq görülən Milli Şura sədri Cəmil Həsənlini təbrik edib. Təbrikdə deyilir:

“Dostlar, dünən ABŞ-dan çox sevindirici bir xəbər aldıq. Milli Şuranın sədri, görkəmli tarixçi alim, professor Cəmil Həsənli ABŞ-ın Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzinin 2015-ci il üçün İon Ratiu Demokratiya Mükafatına (IRDA) layiq görülüb. Mərkəzin saytında Milli Şura sədrinin fəaliyyətindən belə yazılıb: “Onun fəaliyyəti 1988-89-cu illərdə Azərbaycan Xalq Cəbhəsinin sıralarına daxil olduğu vaxtlardan başlayır. 2013-cü ildə o, müxalifətin vahid namizədi qismində prezident İlham Əliyevin seçkilərdə rəqibi oldu. Ödədiyi yüksək şəxsi bədəllərə baxmayaraq Dr. Cəmil Həsənli Milli Şuranın sədri qismində fəaliyyətini davam etdirir və o, öz mövqeyindən istifadə edərək hökumətin divan tutduğu insan haqları müdafiəçiləri, jurnalistlər və blogerlərin hüquqlarını müdafiə edir”. IRDA mükafatı 2005-ci ildə təsis edilib və demokratiya uğrunda mübarizə aparan insanlara təqdim edilir.
Bu nüfuzlu beynəlxalq Demokratiya mükafatı Cəmil müəllimin keçdiyi şərəfli mübarizə yoluna, prinsipial həyat seçiminə verilən yüksək qiymətdir. Tam əminliklə deyə bilərik ki, Cəmil Həsənli istər Bakı Dövlət Universitenin müəllimi və görkəmli tarixli alim, AXC-in yaradıcılarından biri, Milli Məclisin deputatı, istərsə də indi, Milli Şuranın sədri olduğu zaman bütün həyatını ləyaqətlə yaşayıb, amalı vətənə, millətə xidmət, qayəsi ədalətə qulluq olub. Həmişə haqqın, əzilənin və milli mənafelərin yanında, şəxsi çıxarların fövqündə olub. Onun son illər Milli Şuranın prezidentliyə namizə və sədri kimi millətinin haqqı və hüquqları yolunda etdiyi böyük fədakarlıqlar heç şübhəsiz ki, təkcə Cəmil Həsənlinin tərcümeyi-halının yox, həm də Azərbaycanın ən yaxın tarixinin şərəf səhifəsinə yazılan gerçəklərdir. Bu mükafat təkcə professor Cəmil Həsənliyə verilən yüksək dəyər deyil, eyni zamanda onun sədri olduğu Milli Şuranın demokratiya yolunda ardıcıl, prinsipial, bütün təzyiq və təqiblərə, məhrumiyyətlə baxmayaraq davamlı və dönməz mübarizəsinə verilən qiymətdir. Bu mükafatın Milli Şura sədrinə təqdimatı bir daha onu göstərdi ki, Milli Şura olaraq biz düz yolda olduqca, demokratik dünya da bizimlə olacaq.
Bu mükafat münasibətilə çox dəyərli Cəmil müəllimi və Azərbaycanda demokratiya mücadiləsinin avanqardı olan Mİlli Şuranı təbrik edirəm. Məhz Cəmil Həsənlinin rəhbərliyi ilə Milli Şuranın və xalqımızın birgə mübarizəsinin Azərbaycana gerçək demokratiya gətirəcəyinə inanır, bu yolda əziz Cəmil müəllimə və dəyərli dostlarıma uğurlar arzulayıram!”