elnurastanbeyli@gmail.com
Artıq böyük şairimiz Mirzə Ələkbər Sabirin o məşhur misralarını azacıq düzəliş edib belə oxumaq olar:
Sən nə yamansan, ay neft,
Adam yıxansan, ay neft!
Bəli, neftin qiyməti düşməsə, büdcə gəlirləri kəskin azalmasa, manat “ölmək” məcburiyyətində qalmasa, onun yenidən “ölməsi” təhlükəsi olmasa, biz bu gün baş verənləri nə yuxuda görə, nə xəyalımızda canlandıra bilərdik. Əksinə, kimsə çıxıb MTN-nin qılıncının dalı da, qabağı da kəsən generallarının milli təhlükəsizliyi qorumaq əvəzinə, soyğunçuluqla, şantajla, rüşvətxorluqla məşğul olduğunu söyləsə, yazsa, onun səsi də Xədicə Ismayıl, Seymur Həzi, Ilqar Məmmədov, Tofiq Yaqublu, Rəşadət Axundov kimi dəmir barmaqlıqlar ardından gələrdi. Belələrinin intim videolarını günün pik saatlarında rejim telekanallarından xalqa göstərər, onların damarlarında erməni qanı axtarmağa başlayardılar.
Indi görün neftin ucuzlaşması hansı vəziyyət yaradıb ki, özləri açırlar sandığı, tökürlər pambığı. Normal ölkədə ən strateji bir qurum sayılan nazirliyin bizim reallıqda hansı səviyyəyə düşdüyünü özləri söyləməli, ifşa və etiraf etməli olurlar.
Əslində bu ölkənin ayıq-sayıq, vicdanlı insanları üçün MTN-lə bağlı üzə çıxanlarda yeni və gözlənilməz heç nə yoxdur. Çünki onlar vəziyyətin belə, hətta bundan da acınacaqlı olduğunu çoxdan, laaap çoxdan bilirlər, bildikləri üçün illərdir susmur, illərdir susmadıqları üçün də şərlənirlər, siyasi sifarişlə, haqsız ittihamlarla, çağdışı yöntəmlərlə cəzalandırılırlar. “Vətən xaini”, “xalq düşməni”, “ermənipərəst”, “antimilli ünsür” deyə damğalanır, dışlanırlar.
Üstəlik, bir az adil araşdırma aparılsa, məlum olar ki, əslində MTN istisna-filan deyil. Bir az ədalətli, obyektiv araşdırma aparılsa, eyni mənzərənin üç aşağı, beş yuxarı bütün hökumət qurumlarında hökm sürdüyü, onların büdcə pullarını necə havaya sovurduğu, 700-800 manat maaş alan işçilərinin hansı hoqqalar hesabına 200-300 minlik “inomarkalarda” şütüdüyü, 4-5 milyon manatlıq villalarda yaşadığı gün kimi aydın olacaq.
Ötən illər ərzində Azərbaycana axan neft pulları şəffaf, səmərəli, düşünülmüş, planlı şəkildə xərclənsə, ölkədə ədalətli, hüququn iradəsinə dayanan idarəetmə sistemi yaradılsa, hakimiyyət tayfa-klan prinsipləri ilə deyil, milli iradə ilə formalaşsa, azad seçki keçirilsə, azad sözə meydan verilsə, azad vətəndaş cəmiyyətinin qurulmasına şərait yaradılsa, indi nə “qara qızıl”ın ucuzlaşmasından əl-ayağa düşmək lazım gələcəkdi, nə də dövlət qurumları rüşvət, korrupsiya, monopoliya, şantaj yuvasına çevriləcəkdi.
Neft təbiətin bu xalqa, bu vətənə lütfüydü. Yaptokratiya isə onu lənətə çevirdi. Neft pulları azad və abad bir ölkə qurmaqdan çox, talan və yalan hegemoniyası yaratmağa xidmət etdi. Iş o yerə çatdı ki, xalq neft pullarının azalmağa başlamasına sevinir. Camaat fikirləşir ki, neft qurtarsa, bəlkə onun canı da bu zülmlərdən, zillətlərdən qurtarar, Azərbaycanın da çağdaş, gəlişmiş, modern bir dünyaya çevrilməsinin önü açılar.
Bəli, elə bir an gəlib, məqam yetişib ki, artıq istəsən, çalışsan belə, yanlış, yaşadığımız çağın ruhundan qopuq idarəetmənin acı bəhrələrini gizlətmək mümkün olmur. Dünənəcən sən həqiqəti deyən əlləri qandallamaq, doğru söyləyən dilləri qıfıllamaqla Sistemin gerçək üzünü, mahiyyətini gizlədə biləcəyini düşünürdün bəlkə, ancaq bu gün artıq bəlli reallıqları özün etiraf, özün ifşa etmək məcburiyyətindəsən.
Nə qədər çətin, hətta mümkünsüz olsa da, gəlin ümid edək ki, barı bu son günlərdə yaşananlardan sonra Sistem içində repressiyalar, basqılar, təzyiqlər və təhdidlər yolu ilə, ölkənin həqiqi mənzərəsini gizlətmək, malalamaq yolu ilə bir yerə varmağın mümkünsüzlüyünü anlayanlar da çoxalmışdır. Inanaq ki, rejim daxilində Azərbaycanın ötən 22 ildəki kimi idarə olunmasının hər keçən gün ölkəni daha da çıxılmaza sürüklədiyini görənlər artmışdır.
Əks halda “MTN vaqeəsi” bir farsdan, bir şoudan başqa heç bir anlam, məna ifadə etməyəcək, sabah dünənkindən daha ağır, daha acınacaqlı sonuclar doğuracaq.