İndi də «sorğu şirkətləri» ilə birlikdə exit-poll keçirirlər
Əmək hüququnu qoruyan Sahib Məmmədov ilə…
Azərbaycan hakimiyyəti seçki pərtliyi yaşayır. Hər gün baş verənlər noyabrın 1-də keçiriləcək seçkilərin qeyri-ciddi obrazını daha da möhkəmləndirir. Təkcə son günlər 500-ə yaxın namizədin geri çəkilməsi seçkiyə ən yaxşı qiymətdi. Təbii ki, bundan öncə də ATƏT-in, Avropa Birliyinin seçkilərdən imtinası, real müxalifətin boykot qərarı məsələni kökündən həll etmişdi. Indi hakimiyyət bu pərtlikdən xilas olmaq, legitimlik qazanmaq üçün müxtəlif yollar axtarır.
Əvvəlcə, ABŞ-da “Arthur C.Finkelstein&Associates” adlı sorğu şirkəti tapdılar. Guya, bu şirkət ölkədə sorğu aparıb və respondentlərin 82 faizi mövcud hakimiyyətin qalmasını istəyib. Ardınca belə bir sorğu şirkətini Fransada tapdılar. Məlum oldu ki, bu sorğu şirkəti də vətəndaşlar arasında sorğu keçirib və əhalinin 80 faizi ölkə başçısını dəstəklədiyini, 68 faizi mövcud deputatlardan razılığını bildirib.
Bu sorğuların necə keçirildiyini, nəticələrin necə meydana çıxdığını ötən yazılarımızda izah etmişik. Indi isə Azərbaycanın iki hökumətyönlü qeyri-hökumət təşkilatı parlament seçkiləri zamanı iki xarici təşkilatla birlikdə exit-poll keçirmək qərarına gəlib. Birincisi Əmək Hüquqları Müdafiə Liqası olacaq ki, Amerikanın “ACF&Associates Inc” təşkilatı ilə əməkdaşlıq edəcək. Ikinci QHT Gənclərin Hüquqlarını Müdafiə Mərkəzi olacaq. Qurum Fransanın “Opinion Way” sosioloji xidmətilə exit-poll keçirəcək. Müvafiq qərar oktyabrın 20-də Azərbaycan Mərkəzi Seçki Komissiyasında qəbul edilib.
Qeyd edək ki, adı çəkilən QHT-lər bundan öncə seçkilərin monitorinqi və qiymətləndirilməsi ilə məşğul olmayıb.
Xarici təşkilatlara gəlincə, “ACF&Associates Inc” və “Opinion Way” yuxarıda adını sadaladığımız ABŞ və Fransanın sorğu şirkətləridi.
Göründüyü kimi, hakimiyyət ATƏT DTIHB-nin müşahidəçilikdən imtinasını sığortalamaq, “demokratiyaya doğru bir addım” şüarını bərpa etmək üçün “dəridən-qabıqdan” çıxır.
Öz aləmlərində bu qurumların dili ilə beynəlxalq rəy formalaşdırmaq istəyirlər. Amma yuxarıda da qeyd etdiyimiz kimi, adı çəkilən şirkətlərin biabırçı rəy sorğuları və məlum QHT-lərin seçki təcrübəsinin olmaması, bu “taktika”nın da uğursuz olacağının anonsunu verir. Seçkini quyunun dibinə salıb, sonra “suyun üzündədir” demək, ikiqat absurddur.
Deməli, seçkiyə legitimlik qazandırmaq üçün xərclənən vəsaitlər də vəziyyəti dəyişə bilməyəcək. Artıq saxtakarlığı şəffaflıq kimi təqdim etməyin zamanı keçib və manevr imkanları yoxdur.
Azad



