Məmurların tariflərin artırılmayacağı ilə bağlı vədləri inandırıcı görsənmir
Kommunal xidmətlərdə yaxın müddətdə heç bir bahalaşma halı qeydiyyata alınmayacaq. Bu barədə açıqlamasında Iqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin katibi Abbas Əliyev məlumat verib. Abbas Əliyev bildirib ki, bu barədə Tarif Şurasına heç bir müraciət daxil olunmayıb.
Bununla bağlı “Azərsu” ASC-nin Ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı və “Azərişıq” ASC-nın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də məlumat verərək bildirib ki, gündəmdə qiymət artımı ilə bağlı heç bir informasiya yoxdur. Tanrıverdi Mustafayev bildirib ki, paylayıcı şəbəkə olaraq “Azərişıq”ın bu məsələyə aidiyyəti yoxdur.
Azərbaycanda elektrik enerjisinin tariflərinin də artırılması gözlənilmir. Bu barədə jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, bu məsələ nə rəhbərlik etdiyi qurumda, nə də ki, Tarif Şurasında müzakirə obyekti deyil: “Ola bilsin ki, seçkilər öncəsi kimlərsə bu məsələni gündəmə gətirir”.
Amma maraqlıdır ki, gələn ilin büdcəsi ilə bağlı yaşanan çətinliklər heç də bu bəyanatların real olacağını deməyə əsas vermir. Digər tərəfdən, hökumət fevralın 21-də qəbul olunan devalvasiya qərarından öncə manatın məzənnəsində heç bir dəyişikliyin olmayacağını bəyan etmişdi. Amma sonda tam fərqli qərar qəbul edildi. Belə olan halda kommunal tariflərin artırılma ehtimalı nə dərəcədədir?
Iqtisadçıların fikrincə, Azərbaycanda əhalinin vəziyyətini ağırlaşdıran faktorlardan biri məhz kommunal xidmətlərin qiymətləridir. 2007-ci ildən sonra kommunal xidmətlərin ciddi şəkildə artırıldığını diqqətə çəkən ekspertlər vurğulayıblar ki, hökumət büdcəni doldurmaq üçün hazırda hər bir addıma hazırdır. Devalvasiya qərarı da hökumətin yanlış siyasəti nəticəsində büdcədə yaranan boşluğu doldurmağa xidmət edirdi. Hökumət neftin qiymətinin dəyişməsi nəticəsində 2015-ci ilin büdcəsində öhdəliyini yerinə yetirməyib. Bu məbləğ isə 4 milyard təşkil edir. Bu isə o deməkdir ki, 21 fevral devalvasiyası hökumətin büdcə boşluğunu doldurmaq niyyətini qarşılamayıb.
Xəyal