«Məmurlar korrupsiyaya qurşanıb, amma onları cəzalandıran yoxdur»
Namizəd Səfərov: «Prezidentin bu vaxta kimi belə məsələlərdən xəbərsiz olmasına inanmıram»
Neftin qiymətdən düşməsi ölkədə dövlət səviyyəsində kəmərlərin bərkidilməsi qənaəti yaradıb. Qarşıdan gələn böhran artıq prezident səviyyəsində etiraf olunmaqdadır. Baxmayaraq ki, bir müddət qabaq Ilham Əliyev dünyada baş verənlərin, neftin ucuzlaşmasının Azərbaycana təsiri olmayacağını demişdi. Ancaq bıçaq sümüyə dirənəndən sonra o özü də əvvəlki mövqeyindən geri çəkilməli oldu. Nazirlər Kabinetində keçirilən müşavirədə bununla bağlı ciddi mesajlar verməyə məcbur oldu. Sahibkarların yüksək çinli məmurlar səviyyəsində sıxışdırılmasından, qanunsuz ödənişlərə məcbur edilməsindən danışdı. Bunun ardınca Milli Təhlükəsizlik Nazirliyində bəlli həbslər baş verdi. Gündəmin əsas mövzuları ilə bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərovun fikirlərini öyrəndik.
– Namizəd bəy, bu günlərdə prezident müşavirə keçirərək bəzi etiraflar etdi. Sizcə, bu etiraflar səmimidirmi, nəticəsi olacaqmı?
– Prezidentin bu formatda keçirdiyi yığıncaqları, konfransları dəfələrlə görmüşük. Eləcə də belə iclaslarda dəfələrlə prezident məmurlara, nazirlərə barmaq silkələyərək onları qanunla işləməyə, vətəndaşların hüquq və mənafelərinə xidmət etməyə çağırıb. Lakin nəticə olaraq biz həmişə görmüşük ki, vəziyyət əvvəlkindən daha da pis olub və yaxud da yaxşı halda yaxşılığa doğru heç bir addım atılmayıb. Hesab edirəm ki, prezidentin sonuncu müşavirəsi növbəti belə yığıncaqlardan biridir, burda səslənən fikirlərin səmimiliyinə inanmıram. Azərbaycanda dövlət səviyyəsində baş verən bütün hadisələri həm prezident, həm məmurlar, həm də biz vətəndaşlar yaxşı görürük. Nə deyilməsindən asılı olmayaraq yaxşılığa doğru heç nə dəyişmir. Əvvəlki qanunsuzluqlar yenə də daha sərt formada davam edir.
– Hətta səmimi olsa belə, hazırkı situasiyada ictimai nəzarətin olmadığı bir mühitdə bəzi reformaları həyata keçirmək mümkünmü?
– Ictimai nəzarət yoxdur deyəndə, qeyd etdiyim kimi, onsuz da hər şeyi hamımız görürük. Vətəndaş bu gün alternativ yollarla hər şeydən xəbər tuta bilir, burada sosial şəbəkələrin rolu böyükdür. Baş verən bütün neqativ hallar, cinayətlər sosial şəbəkələrdə yazılır, onların vasitəsilə xalq bunlardan xəbər tuta bilir. Cəmiyyət bunların hamısını dərk edir. Hakimiyyət buna reaksiya verməlidir, cəmiyyətin xalqdan hesabat tələb etmək imkanları yoxdur. Son on ildə kütləvi informasiya vasitələrində açıq suallara cavab vermək ənənəsi yoxdur. Şəxsən mənim yadımda deyil prezdentin nə vaxtsa mətbuat orqanları qarşısında belə çıxış etməsi. Eləcə də yüksək çinli məmurların da müstəqil media qarşısında görünməsinin şahidi olmuruq. Bunu əminliklə demək olar, nəzarət mexanizmi qəsdən ləğv edilib. Hamı bilir ki, məmurlar korrupsiyaya qurşanıb, amma onları cəzalandıran yoxdur.
– Son günlər gündəmi Milli Təhlükəsizlik Nazirliyi və onun ətrafında baş verən olaylar zəbt edib. Bir hüquşünas kimi deyə bilərsinizmi, nələr baş verir?
– Bizdə bir ənənə yaranıb ki, nazirlər, ümumiyyətlə, yüksək posta təyin olunan məmur üçün bu vəzifə sanki atadan-babadan qalıb. Buna görə həmin postun ona ömürlük verildiyini, bəzən də satın alındığını düşünür və istədiyi əməli törədir. Bu gün Milli Təhlükəsizlik nazirinin vəzifəsindən azad edilməsi ajiotoja səbəb olub. Bu şəxs on ildən artıqdır həmin vəzifədədir. Onun da fəaliyətində digər məmurlar kimi qanunlara əməl olunmasından söhbət gedə bilməz. Son illərdə MTN-nin nə qədər qanunsuz əməllərə yol verdiyini hamı yaxşı bilir. Bu nazirliyin son illər öz səlahiyyətlərini kənara qoyub, iş adamlarına, ayrı-ayrı vətəndaşlara qarşı qanunsuz təqiblər həyata keçirməsini, onların həbs olunaraq nazirliyin zirzəmisində saxlanaraq yüksək məbləğ nəticəsində sonradan azad edilməsini hamı bilir. Prezidentin bu vaxta kimi belə məsələlərdən xəbərsiz olmasına inanmıram, bunu deyirsə də, onun səmimiliyinə inanmaq olmaz. Bütün bu hadisələrin həmin nazirliyin özfəaliyyəti kimi qiymətləndirilməsinə inanmaq sadəcə sadəlövlük olar. Bu məsələlərdən hakimiyyəti idarə edənlərin xəbərsiz olmasını iddia etmək absurddur.
– Namizəd bəy, bu olaylar təkcə nazirin işdən azad edilməsi ilə yekunlaşmadı. Həmin nazirlikdə yüksək mənsəb sahibi olan generalların həbsi barədə məlumatlar yayılır. Dövlətin onurğa sütunu sayılan bir nazirliyin əməkdaşlarının belə işlərlə məşğul olması vətənə xəyanət sayıla bilərmi?
– Dəfələrlə bu fikri təkrarlamağı xoşlayıram. Əgər Azərbaycanda qanuni hakimiyyət formalaşarsa, bu 20 ildə baş vermiş cinayətlərin istintaqı üçün dünyanın aparıcı dövlətlərinin istintaqçılarını Azərbaycana dəvət etmək lazımdır ki, bütün bu məsələlər araşdırılsın. Həmin generalların o səviyyəyə necə gəlib çatmağı sirr deyil. Əlbəttə, bir nazirlik bilavasitə öz işi ilə deyil, adi vətəndaşın təqib edilməsi, onun-bunun yataq otağının güdülməsi ilə məşğul olubsa, bu işlərin sonu belə nəticələnməli idi.
– Bu hadisələrdən sonra bəzi millət vəkilləri sanki dilə gələrək özlərini gözə soxmağa çalışırlar…
– Bütün bunlar bu rejimin mahiyyətindən doğur. Rejimin mahiyyəti korrupsiya, rüşvətxorluq, yaltaqlıq, məddahlıqdır. Görünür, həmin millət vəkilləri də bu məsələdən özlərinə müsbət dividend əldə etmək istəyirlər. Amma müxalifət nümayəndələri rejimin bu mahiyyətini açıb deyəndə həmin adamlar qarğa-quzğun kimi müxalifətin üzərinə gəlirdilər. “Təmiz məmurlara qara yaxırsız” deyirdilər, onların müdafiəçilərinə çevrilirdilər. Indi isə Fəzail Ağamalı, Zahid Oruc kimi deputatlar həmin məmurları baltalamaqla məşğuldurlar. Vaxtilə Əli Insanov və Fərhad Əliyevə qarşı aparılan kampaniyanın bu gün işdən azad olunan nazirlərə, yüksək vəzifəlilərə qarşı aparılacağı gözləniləndir.
– Yeri gəlmişkən, buna oxşar hadisələr düz 10 il əvvəl parlament seçkiləri öncəsi baş vermişdi, Fərhad Əliyev, Əli Insanov və başqaları dövlət çevrilişi ittihamı ilə həbs olundular. Yenə parlament seçkiləri öncəsi belə olayın təkrarlanması təsadüf olmaya bilərmi?
– Mən burda bir qanunauyğunluq axtarmaq fikrində deyiləm. Bütün bunlar heç də siyasi çəkişmə deyil. Bu, hakimiyyətdaxili, saray çəkişmələrinin təzahürü kimi qiymətləndirilməlidir. Burda məntiq axtarmaq özü bir məntiqsizlikdir. Ona görə ki, bunların bütün əməlləri məntiqdən kənardır. Bəlkə də bu hakimiyyətin ən böyük bacarıqlarından biri də atdıqları addımların məntiqsizliyini cəmiyyətə elan etməklə toplumu dilemma qarşısında qoymalarıdır. Xalq da bu məsələlərdə məntiq axtarmaq üçün baş sındırır.
– Seçkilərə az qalıb. Seçki mühitini necə dəyərləndirirsiz?
– Seçkilərlə bağlı fikrimi qısaca da olsa müxtəlif mətbuat orqanlarına bildirmişəm. Son 20 ildə Azərbaycanda seçkidən söhbət gedə bilməz. Seçkilərin kütləvi saxtalaşdırılması, həm seçkilər ərəfəsində namizədlərə yaranan əngəllər, həm seçki prosesi zamanı kütləvi saxtakarlıqlar həyata keçirilir. Bunun nəticəsində kimə səs verilməsindən asılı olmayaraq Prezident Aparatında əvvəlcədən hazırlanmış siyahılar əsasında parlament formalaşır. Xatırlayırsınızsa, hələ 1995-ci ildə o zaman Prezident Aparatında işləyən Nemət Pənahlı bir siyahı təqdim etmişdi. Seçkidən sonra həmin siyahı 95 faiz təsdiqini tapdı. Artıq elə hal yaranıb ki, heç nəyə adamın təəccübü qalmayıb. Eləcə də bu seçkilərlə bağlı Milli Şuranın sədri Cəmil Həsənli də bir siyahı açıqlayıb. Sizi inandırım ki, bu siyahı da 95 faizdən artığı ilə təsdiqini tapacaq. Hətta hakimiyyətin müəyyən dəyişikliklər imitasiyası edib hörmətli professorumuzun siyahısının doğru olmadığını göstərmək şansı da var. Amma bunu da etməyəcəklər. Rejim öyrənib ki, cəmiyyətə qarşı nə etsə, cəmiyyət onu qəbul edəcək. Ona göz yumulacaq. Buna da əmin olduqları üçün istədikləri qanunsuzluqları həyata keçirirlər. Son illərə kimi namizədlərə müəyyən şərait yaradılırdı. Indi onu da aradan götürüblər. Pulsuz efir vaxtının ləğv edilməsi, pullu efir üçün fantastik qiymətlərin təyin olunması bu qəbildən olan hadisələrdir. Seçki qanunvericiliyində olan bütün mütərəqqi normalar ləğv olunub. Bu qanunsuzluqlar həyata keçirilir. Seçki anti-demokratikləşdirilir. Seçki qanunları mürtəceləşdirilir. Cəmiyyət də hələ ki, bunu sakitcə qəbul edir.
– Budəfəki seçkilərdə qeydə alınmış xeyli namizəd artıq seçkidən imtina edir. Bu nəyin göstəricisidir?
– Hazırkı seçki ab-havası bütün seçkilərin qanunsuzluq, seçki hüquqlarının daha çox məhdudlaşdırılması şəraitində keçirildiyinin sübutudur. Bu hamıya bəllidir. Amma buna baxmayaraq hər dəfə cəmiyyət “bəlkə bu dəfə seçkilərdə daha yaxşı şərait yaradıldı, daha azad seçkilər keçirildi” ümidi ilə seçkiyə qatılır. Amma builki seçkilərin daha mürtəce seçki olacağı qabaqcadan qabarıq şəkildə özünü göstərirdi. Buna görə də Milli Şura düzgün qərar qəbul edərək bu seçkilərdə iştirakdan imtina etdı. Sonrakı proseslər bu addımın doğruluğunu bir daha sübut etdi. Bir çoxları da bunun əhəmiyyətsiz bir oyun olduğunu dərk edərək bu prosesdən çəkilməyə qərar verdilər. Artıq 500-ə yaxın namizədin namizədlikdən imtina etməsi məhz seçkiyə olan ümidsizliyin göstəricisidir.
– Namizəd bəy, bu yaxınlarda Avropa Məhkəməsi seçki hüququnuzun pozulması barədə qərar verdi. Yeri gəlmişkən, bu qərara görə sizi təbrik edirik. Belə qərarlar əvvəllər də qəbul edilib. Amma həmin dairələrin əksəriyyətində saxtakarlığın əsas səbəbkarları olan hakimiyyət nümayəndələri cəzalandırılmayıb, əksinə, istər namizədlər, istərsə də seçki komissiyaları yerində qalıb.
– Müasir cəmiyyət, dünya qloballaşıb, bir dövlətin Dünya siyasətində iştirakdan özünü təcrid etməsi mümkün deyil. Dünya ölkələri vahid bir formatda fəaliyyət göstərirlər. Yəni təcrid olunmuş şəraitdə yaşamaq mümkün deyil. Azərbaycan nüfuzlu beynəlxalq qurumların üzvüdür, onlar qarşısında öhdəliklər götürüb və bu öhdəlikləri yerinə yetirməyə borcludur. Amma çox təəssüf ki, hakimiyyət bu qərarların yerinə yetirilməsinə etinasız yanaşır. Bəzən yüksək səlahiyyətli şəxslər nümayişkaranə tərzdə həmin qurumların qərarlarını kağız parçası elan edərək etirazlarını bildirirlər. Amma özünü dünyadan təcridetmələr heç də yaxşı sonluqla nəticələnə bilməz.
Təzəxan Mirələmli