ABŞ-ın hədəfindəkilər

Vaşinqton 2003-cü ildə Iraqda rejimi devirdi. Yəqin xatirinizdə olar, bir vaxtlar Səddam özünü Allaha tay tuturdu, göylə gedirdi, vətəndaşlarını qanına-qəltan etməkdən ləzzət alırdı. O qədər özündən razı idi ki, prezident Buşun atasının şəklini bir otelin girişinə çəkdirmişdi. Gedib-gələnlər tapdalayırdılar Buşun dədəsinin şəklini.

Hətta Makedoniyalı Isgəndər kimi fatehlik eşqinə də düşmüşdü. Müsəlman ölkəsi olan əl boyda Küveyti işğal etmək istəyirdi. Ora qoşun da yeritdi. Lakin ABŞ-ın müdaxiləsindən sonra burnu ovuldu və geri çəkildi. Bundan ibrət götürməyən Səddam ABŞ kimi superdövlətlə kəllə-kəlləyə gəldi və nəticədə 2006-cı il dekabrın 30-da dar ağacından asıldı.
Səddam Hüseyn asıldıqdan sonra bəziləri deyirdilər ki, prezident Buş atasının intiqamını aldı. Təbii ki, bu faktoru da danmaq olmaz və mən burada pis bir şey görmürəm, oğul atasının təhqir edilməsinə dözməz. Lakin Vaşinqtonun öz strateji maraqlarını və dünya qarşısında DEMOKRATIYA sahəsində götürdüyü öhdəlikləri ardıcıllıqla həyata keçirdiyini unutmaq lazım deyil.
Corc Buşdan sonrakı prezident Barak Obama da məhz ABŞ-ın strateji maraqlarını və demokratiya öhdəliyini yerinə yetirməklə məşğuldur. Misir, Tunis, Liviya diktatorları ki Barak Obamanın atasını təhqir etmədilər.
ABŞ-ın hədəfində daha çox müsəlman ölkələrinin olması çoxlarının diqqətini çəkir və hətta bəziləri bunu müsəlmanlara qarşı xaç yürüşü kimi dəyərləndirir. Belə iddiası olanlara bir-iki sual vermək pis olmaz, fikrimcə.
Lütfən deyin, cənablar, nədən hər müsəlman ölkələrinin başında (Türkiyə xaric) bir padşah oturub və milyardlarla sərvətə sahibdir?
Nəyə görə müsəlman padşahları demokratiyanı ölkəsinə buraxmaqda zorlanırlar?
Səddam Iraqda, Mübarək Misirdə, Qəzzafi Liviyada sivil bir rejim bərqərar etsəydi, xalqın sərvəti talanmasaydı və ümumbəşəri dəyər olan demokratiyaya sayğı ilə yanaşılsaydı, ABŞ hansı haqla təcavüzə əl atacaqdı?
Qardaşlar, bacılar, müsəlman padşahları bunları etmir axı. Mübarək ailəsinin 100 milyard, Qəzzafi ailəsinin 200 milyard dollara hansı yolla sahib olduğunu düşünmək lazımdır.
Tunis və Yəmən prezidentləri padşah olmasaydılar, hərəsinin başının altında 30-40 milyard dolları olmazdı.
Görərsiniz, sabah Suriyada qardaş qanı tökməkdə davam edən Bəşər Əsədin də varidatının 20-30 milyard dollar olduğu açıqlanacaq. Çünki ABŞ-ın hədəfində Bəşər Əsəd dayanıb. Di gəl ki, taxt-tac bu zatın ağlını başından çıxarıb. Qardaşı Qəzzafinin başına gələnlərdən sonra da üzüsulu əl çəkmir taxt-tacdan. Yadınızda olar, Hüsnü Mübarək Qəzzafiyə ismarıc yolladı ki, çəkil. Qəzzafi gözüçıxmış qardaşının məsləhətini qulaqardına vurdu və qana getdi. Sonda öz başını nifrətdən doğan intiqama köklənmiş xalqının təpikləri altında gördü.
Bu gün uşaq da bilir ki, Suriyada rejim dəyişəcək. Bəşər Əsəd isə dərk etmir. Başı suriyalıların təpikləri altında oynayanda dərk edəcək, yəqin.
ABŞ-ın hədəfində daha kimlər ola bilər?
ABŞ demokratiyanı neftə qurban verdiyini etiraf edib. Və o səhvi aradan qaldırır. Bu o deməkdir ki, neft sayəsində milyardlara sahib olmuş diktatorlar tarixin arxivinə göndəriləcək. Proses ərəb dünyasından başlayıb və bütün dünyanı bürüyəcək. Artıq Vaşinqton Orta Asiyaya demokratiya desantı çıxardığını bəyan edir.
Bu o deməkdir ki, “özbəkbaşı” Islam Kərimov, “qazaxbaşı” Nursultan Nazarbayev, “türkmənbaşı” Qurbanqulu Berdiməhəmmədov və “tacikbaşı” Imoməli Rahmanov hədəfdədir.
Onların bu hədəfdən yayınması mümkündürmü?
Bu sualı oxuculara ünvanlamaqla yazını tamamlamaq fikrindəydim. Fəqət başlarda dolaşan “bəs Azərbaycan, bəs Ilham Əliyev?” sualına da cavab vermək gərəkdir.
Bu sualın cavabı çox uzaqda deyil, ən uzağı 2013-cü ildəki prezident seçkilərinə qədər bəlli olacaq. Bir az da səbr edək. Səbirli xalq deyilik, məgər?