Böyük arzular bəslədiyimiz müstəqil Azərbaycan görün nə günlərə gəldi… Indi də Milli Təhlükəsizlik Nazirliyinin soyğunçuluq və quldurluq yuvasına çevrildiyinin etiraf dövrüdür. Eldar Mahmudovun işdən çıxarılması ilə bu pusqu və şər yuvasının əməlləri haqda dünənəcən ağzına su alanlar da danışmağa başlayıb. Guya indi bilirlər. Guya təkcə bu nazirlikdə vəziyyət elədir.
Qardaşlar, bacılar, oğurluq və quldurluq yuvasına çevrilməyən nazirlik, dövlət idarəsi qalıbmı? Bunlar bağça uşaqlarının və internatdakı yetimlərin yeməyini çırpışdırmağa qədər pozulublar.
Daxili Işlər Nazirliyindən Hacı Məmmədov bandası çıxanda biz bəyan edirdik ki, məsələ tək Hacı Məmmədovla bitmir. Qansız-yarasız da, silahsız-zorsuz da hər yanda dövlət qurumları bandit yuvasına dönüb. Insanı təkcə tapança ilə öldürmürlər, bunlar ev yıxmaqla, taleləri qırmaqla bəs eləməyib, ölkənin ümidlərini məhv etdilər.
Neft ölkəsi səfalət astanasındadır, şişirdilmiş inkişaf şarı fısıldayıb boşalır, pərdələnmiş problemlər üzə çıxdıqca üzlər qızarır…
Ölkə nə günlərə gəldi! Yaltaqlıq burada uğurun rəhni sayılırsa, yazıqlar olsun bu ölkəyə! Yalan mövcudluq üçün tələbə çevrilirsə, heyflər olsun bu dövlətə!
Biz utanırıq Azərbaycanın bu halından!
Bunların hər işdən çıxanın dalınca çıxmağa cəsarət göstərən bir təmsilçisi var. Deputat-zaddır. Deyir ki, insanlar MTN-dən qorunmağa çalışırdılar. Indi açılıb dili. Daha demir ki, adamlar bütünlüklə dövlətdən qorunmağa çalışır. Adamlar ölkənin başçısından qorxur. Adamlar ölkəsindən baş götürüb getməyə yol axtarır.
Düşəndə Avropanı söyürlər ki, qaçqınlara ürəklə sinə açmırlar. Öz xalqını əzənlər görün nə danışırlar. Qaçqın dərdi çəkməkləri də varmış bunların. Öz vətəndaşların buradan qaçmaq üçün, həmin Avropaya düşmək üçün yol axtarırlar, fürsət arayırlar. Bəli, bəzən saxta sənəd də düzəldirlər. Gərək hamını polis döyə, gərək hamını MTN əzə, gərək hamı məhkəmədə haqsız qərar acısı dada, gərək hamı prokurorluğun özbaşınalığını yaşaya? Gözü çıxan qardaşından dərs almaq üçüm alim-zad olmaq gərək deyil. Bütün qapılar üzünə bağlıdır, dörd yandan isə hər an baş bəlası gələ bilər, gəlməsə də, pisliyə dirənmiş həyat onsuz da bəlaya çevrilib bu ölkədə!
Guya Eldar Mahmudov sahibkarları soyduğu üçün işdən çıxarılıb. Və bunu bilirsiniz kimlər yazır-yayır? Özləri xalqdan və sahibkarlardan oğurlanmış pulla mövcud olan KIV-lər. Nə vaxtdan soyğunçuluğa görə kimisə cəzalandırıblar bu ölkədə? Kimisə işdən çıxarıblar? Bunu hansı nazir etmir ki?
Bəli, biz bu ölkənin halından utanırıq. Siz utanırsınızmı?
Utanırsınızmı ki, Ilqar Məmmədov kimi ziyalı, mədəni, yüksək savadlı bir siyasətçini türmədə döydürmək qərarı verirsiniz? Bu ki quldurluqdur! Haqsız həbsə atdığınız bəs eləmədi, hələ onu döydürmək fikrinə də düşürsünüz… Eldar Mahmudovun elədikləri bundan nə ilə pisdir? Hacı Məmmədovun elədiklərinin bundan nə fərqi var mahiyyətcə?
Ölkənin dürüst və vicdanlı adamları üzərində fiziki qələbəyə çox da arxayın olmayın! Ölkəsinin dərdini şəxsi ağrısı bilən gözlüklü adamları, qadınları, gəncləri həbs etməyi, döyməyi uğur saymayın.
Baxın, görün neft milyonları ilə ölkəni hara gətirdiniz. Nədir uğurunuz, hansı ad-sanı qazandınız. Anlamağa çalışın, bu xalq sizin barədə nə düşünür! Bir düşünün!