“Demokratikləşmə qloballaşan dünyanın ciddi məqsədidir və prosesdən heç kim kənarda qala bilməyəcək”
Eldar Namazov:”Azərbaycanın demokratiyadan başqa seçimi yoxdur. Bu keçidin mümkün qədər tez və ağrısız olmasını istəyərdim”
Liviyadakı inqilabi prosesin yekunu ərəb dünyasında yeni canlanmaya səbəb olub. Əgər Qəzzafinin və Bəşər Əsədin inqilabçılara qarşı zor tətbiqi “ərəb baharı”nın getdikcə söndüyü təəssüratını yaratmışdısa, Liviya liderinin qətli demokratikləşmə prosesinə sanki yeni nəfəs verdi. Bu baxımdan, ekspertlərin fikrincə, hadisələrin yeni axara qədəm qoymasını gözləmək olar. Mövzu ilə bağlı suallarımızı politoloq Eldar Namazova ünvanladıq. E.Namazovun fikrincə, ərəb dünyasında baş verən dəyişikliklər ötən müddət ərzində dünya siyasətində çox böyük yeniliklərə səbəb olub.
– On illərlə dünya siyasətində formalaşan yazılmış və yazılmamış qanunlar var idi. Faktiki olaraq ərəb dünyasında baş verən hadisələr bu qanunları darmadağın etdi. Nəticədə dünya siyasətində yeni bir situasiya yaranır. Bu, ilk növbədə “demokratiya və insan haqları hər bir ölkənin daxili işidir, yoxsa bu ümumbəşəri bir dəyərdir” sualına artıq birmənalı cavab verir. Əvvəlki illərdə insan haqları heç bir ölkənin daxili işi deyildir şüarı kağız üzərində qalırdı. Amma reallıqda bir çox avtoritar və totalitar ölkələrlə dünyanın aparıcı ölkələri normal münasibətlər qururdular. Son hadisələr nəticəsində ABŞ və Qərbin yaxın müttəfiqləri sayılan Misir və Tunisdəki dəyişikliklər, etiraz edən xalqı müdafiə edən xarici müdaxilələr beynəlxalq münasibətlərdə yeni situasiya yaradıb. Artıq dünya o istiqamətdə gedirdi ki, əgər hər hansı bir ölkədə insan haqları kobud şəkildə pozulursa, hakimiyyətdə olan qüvvə xalqına qarşı repressiya yolu seçirsə, bunu təkcə tənqid etmək yox, proseslərə müdaxilə edib, repressiv rejimin siyasi səhnədən getməsinə köməklik etmək lazımdır.
Güman edirəm ki, hazırkı proses ona gətirib çıxaracaq ki, BMT-nin qərarı ilə yaradılan Beynəlxalq Cinayət Məhkəməsinin Haaqanın mandatına yeni əlavələr olacaq. Haaqa tribunalının xüsusi mandatı var. Bu mandatda ondan yuxarı hal müəyyənləşdirilib ki, nə zaman ölkələrin liderləri Haaqa Məhkəməsinə cəlb oluna bilərlər. Həmin halların içərisində insanları öldürmək, deportasiya kimi hallar var. Amma insan haqlarının kütləvi şəkildə pozulması halı mandatda əksini tapmayıb. Fikrimcə, dünyanın dəyişən istiqaməti ona gətirib çıxaracaq ki, Haaqa Məhkəməsinin mandatına insan haqlarının kütləvi pozulması da əlavə olunacaq. Avtoritar rejimlər üçün müasir dünyada yer yoxdur. Bunu hamı anlamalı və başa düşməlidir. Bu, qloballaşan dünyanın ciddi məqsədidir və prosesdən heç kim kənarda qala bilməyəcək.
Qəbiristan sabitliyi ölkənin inkişafını ləngidir
– Azərbaycan hakimiyyətinin təmsilçiləri ərəb dünyası, xüsusilə Liviya hadisələrini şərh edərkən belə açıqlama verirlər ki, Liviyanı qarşıdan çaxnaşmalar, siyasi böhranlar gözləyir. Yəni demokratikləşmə ölkəni daha da geri atır. Bu, nə dərəcədə düzgün yanaşmadır?
– Liviya bir sıçrayış nəticəsində diktaturadan demokratiyaya can atır. Qısa müddət ərzində totalitar bir ölkədən demokratik cəmiyyətə keçmək mümkün deyil. Bu yol təbii ki, çətin olur. Bu yolda böhranlar, çaxnaşmalar olur. Amma artıq demokratiya qurulmuş ölkələr var ki, orada hakimiyyət böhranı on ildə formal olaraq 6-7 il olur. Məsələn, Belçikada hakimiyyət artıq uzun müddətdir ki, formalaşa bilmir. Müvəqqəti hökumət ölkəni idarə edir. Ancaq bu cür hakimiyyət böhranları ölkənin inkişafına mane olmur. Oturuşmuş bir sistem mövcud olduğundan ölkə inkişaf edir, insanların həyat tərzi yaxşılaşır. Demokratik o cəmiyyət deyil ki, orada heç bir problem olmur. Demokratik cəmiyyət zəmanət verir ki, hər bir problemin həllini tapmaq üçün müvafiq institutlar, azad mətbuat, siyasi qüvvələr, azad məhkəmə sistemi var. Bu institutlar formalaşan cəmiyyətdə hər hansı problem yaşananda həmin ölkə bir müddət sonra öz inkişaf yolunu tapır. O ölkələrdəki qəbiristanlıq sakitliyi var, on illərdir ki, eyni qüvvə hakimiyyətdədir buradakı sabitlik real sabitlik deyil. Əslinə qalsa bu, ölkəni dərin və həlli tapılmayan problemlərə aparan yoldur. Bu, insan haqlarını pozan, ölkənin inkişafını ləngidən bir sabitlikdir. Tərəqqi üçün dinamik inkişaf lazımdır. Bu yola üstünlük verən ölkələrdə kimin hakimiyyətdə olmasından asılı olmayaraq inkişaf təmin edilir. SSRI, Misirdə, Liviyadakı kimi sabitliyi saxlamaqdansa, dinamik inkişafı təmin edə biləcək cəmiyyət qurmaq daha düzgündür.
Qəzzafi öz siyasətinin qurbanı oldu
– Liviyadakı hadisələrin diktatorun qətli ilə yekunlaşması demokratiya uğrunda mübarizə aparanların qüsuru sayılır. Digər tərəfdən isə ekspertlərin bəziləri vurğulayır ki, əslində Qəzzafinin yetişdirdiyi cəmiyyətdə belə olayın baş verməsi təəccbülü deyildi?
– Qəzzafi hakimiyyəti özü bu yolu seçdi. Qəzzafi həm xalqın, həm də beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq vətəndaş müharibəsi yolunu seçdi və on minlərlə dinc insanı qurban verdi. Qəzzafiyə bir neçə dəfə təklif olunmuşdu ki, danışıqlar yolu ilə avtoritarizmdən diktaturaya keçid reallaşsın. Bütün bunların fonunda Qəzzafinin ailəsinə də müəyyən təhlükəsizlik zəmanəti verilirdi. Qəzzafi özü bundan imtina etdi və bildirdi ki, sona qədər prezidentlik postu uğrunda xalqı ilə müharibə aparmağa hazırdır. Əvvəlcə Qəzzafi qonşu ölkələrdən muzdlu əsgərləri gətirərək xalqını qırmağa başladı. Bütün baş verənlərin baiskarı Qəzzafi özü idi. Qəzzafi özü prosesləri bu həddə, vətəndaş müharibəsi səviyyəsinə qaldırdı. Vətəndaş müharibəsi olan yerdə isə proseslərin bu cür sonluqla nəticələnməsi təəccüblü deyil. Qəzzafi öz siyasətinin qurbanı oldu. Təbii ki, əsir düşmüş Qəzzafini qətlə yetirmiş insanları müəyyənləşdirib, mühakimə etmək olar. Çünki əsiri qətlə yetirmək Cenevrə konvensiyasına ziddir. Bunu hamı anlayır. Amma hamı onu da anlayır ki, vətəndaş müharibəsi getdiyi bir zamanda, Qəzzafi öz xalqını amansızcasına qıranda onun özünə də qarşı belə amansızlığın olacağını gözləmək olardı.
Azərbaycanın demokratiyadan başqa seçimi yoxdur
– Ərəb dünyasındakı proseslər başlayan zaman Azərbaycanın da daxil olduğu demokratik dəyişikliklərin baş verə biləcəyi ölkələrin xəritəsi cızılmışdı. Sizcə, hazırda prosesin davamı necə olacaq və növbədə hansı ölkələrdir?
– Şəxsən mən istəməzdim ki, Azərbaycanda demokratiyaya keçid ərəb ölkələrindəki kimi olsun. Dünya təcrübəsində demokratiyaya keçidin üç yolu var. Birinci yol yuxarıdan islahatlar vasitəsilə həyata keçirilir. Hakimiyyətin özü ölkədə lazımi islahatları aparır. Ikinci məxməri inqilablar yoludur. Bu, seçkilər zamanı baş verir. Ukrayna, Gürcüstan buna misaldır. Bu yolda qarşıdurmalar olsa, onlar cəmi bir neçə həftə çəkir və itkilər də daha az olur. Nəhayət, üçüncü yol Tunis, Misir, Liviyadakı hadisələrin təkrarıdır. Təbii ki, ən yaxşı yol yuxarıdan islahatlarla demokratiyaya keçiddir. Təəssüflər olsun ki, hələ bu istiqamətdə heç bir addım atılmır. Qalan iki yol arasında seçim edəndə düşünürəm ki, 2013-cü ildə seçkilərdən sonra demokratiyaya keçid Azərbaycan xalqı üçün ən məqbul variant olardı. Bu yol demokratiyaya keçidin nisbətən ağrısız baş verməsi üçün gərəkdir. Azərbaycan həm müsəlman dünyasının, həm Avropa ailəsinin, həm də keçmiş SSRI məkanının üzvüdür. Yəni mütləq deyil ki, Azərbaycanda məhz müsəlman dünyasında baş verənlər təkrarlansın. Azərbaycan başqa yolla da demokratiyaya keçə bilər. Azərbaycanın demokratiyadan başqa seçimi yoxdur. Bu keçidin imkan qədər tez və ağrısız olmasını istəyərdim.
– Sizcə, Liviyada baş verənlərdən mövcud diktatorlar dərs götürəcəklərmi?
– Adətən diktatorlara belə hadisələr dərs olmur. Dünya təcrübəsində elə hallar var ki, avtoritar rejimlər zamanı islahatlar aparılır və bir müddətdən sonra ölkə yeni bir səviyyəyə qalxır. Təəssüflər ki, bu, istisna hallardır. Düzdür, ərəb dünyasında baş verən hadisələr dünya tarixində yeni bir səhifədir. Ola bilsin ki, baş verən hadisələr daha böyük proseslərə səbəb olsun. Yaxın gələcək göstərəcək ki, bu hadisələrdən kim hansı dərsi götürdü və hansı yolu seçdi.
Siyasi islahatların 3 şərti
– Sizcə, Ilham Əliyev hazırkı komanda ilə islahatlar apara bilərmi?
– Xeyr. Islahatı aparmaq üçün üç vacib şərt lazımdır. Birincisi, liderin özünün siyasi iradəsi olmalıdır. Zorla heç kimi islahatçı etmək olmaz. Ikinci vacib amil komanda amilidir. Lider islahatları istəyə bilər, amma onun siyasi komandası yoxdursa, o, bu islahatları reallaşdıra bilməyəcək. Çünki bu komanda daim müqavimət göstərəcək və geci-tezi ya islahatlar alınmayacaq, ya da komandanı dəyişmək məcburiyyəti yaranacaq. Nəhayət üçüncü şərt real şəraiti nəzərə alaraq islahatlarla bağlı vahid strategiya olmalıdır. Çünki birinci və ikinci şərt təmin ediləcəyi təqdirdə islahatlar reallığa uyğun, ardıcıl aparılmasa uğursuzluğa düçar ola bilər.
– Eldar bəy, ABŞ dövlət katibinin müavini Börnslə görüşünüz zamanı insan haqlarını pozan məmurlara qarşı sanksiyaların tətbiq olunmasını təklif etmisiniz. Bu təklifə reaksiya necə oldu?
– Mən bu təklifi təkcə Börnslə yox, başqa diplomatlarla görüşümdə də qaldırmışam. Mən gənclər təşkilatları ilə mütəmadi təmasda olmağa çalışıram. Eyni zamanda gənclərin məhkəmələrində də iştirak edirəm. Dalğaçı gənclərin, Emin Millinin, Bəxtiyar Hacıyevin, Cabbar Savalanlının, Elnur Məcidlinin və digər gənclərin məhkəmələrində iştirak etmişəm. Gəldiyim nəticə odur ki, sifarişlə cinayət işi qaldıran hüquq-mühafizə orqanlarının əməkdaşları, hakimlər fərdi məsuliyyət daşımalıdırlar. Bu məsələləri diplomatlarla görüşümdə qaldırmışam. Onların reaksiyalarına gəlincə, mən görüşlə bağlı öz mövqeyimi mətbuata açıqlayıram. Qarşı tərəfin müzakirələrlə bağlı mövqeyindən sitat gətirməyi sevmirəm. Hər halda deyə bilərəm ki, diqqətlə bu arqumentləri dinləyirlər.
– Sizcə, beynəlxlaq təşkilatlara siyasi məhbus siyahısı təqdim olunduğu kimi sanksiya tətbiq olunası məmurların siyahısı da təqdim edilə bilərmi?
– Əlbəttə. Əslində, bizim tələbimiz ondan ibarətdir ki, bu məmurlar Azərbaycan qanunlarına əməl etsinlər. Bundan başqa, yerinə yetirilməli olan beynəlxalq öhdəliklər də mövcuddur. Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanda kağız üzərində gözəl qanunlar var. Azərbaycanda demokratik cəmiyyətin qurulması üçün hüquqi bazanın 70-80 faizi qanunlarda var. Problem ondadır ki, bu hüquqi baza işləmir.
Xəyal



