Nizami Piriyev “Qazprom”la üzülüşdü

nizami-piriyev

Bu şirkətdən qaz alınması Metanol Zavodu üçün sərfəli deyil

AzMeCo (Azərbaycan Metanol Zavodu) Rusiyanın “Qazprom” şirkətindən qazın alınmasını dayandırıb.

AzMeCo-dan “Report”a verilən məlumata görə, dünya bazarında metanolun qiymətinin aşağı düşməsinə görə mövcud müqavilədə nəzərdə tutulan qiymətlə “Qazprom” şirkətindən qazın alınması zavod üçün sərfəli deyil.

Mövcud qiymətlərlə qazın alınmasına davam etmək, istehsalın zərərlə işləməsinə səbəb olur, ona görə də ”Qazprom” şirkətindən qazın alınmasını dayandırmaq haqqında qərar qəbul olunub”, – deyə AzMeCo-dan bildirilib.

Müqavilənin qüvvədə olduğu vaxt ərzində AzMeCo 100 milyon kubmetrdən çox qaz alıb.

Bu il sentyabrın 11-də AzMeCo Rusiyanın “Qazprom Export” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Qazprom” AzMeCo-ya ildə 2 milyard kubmetr həcmində qaz satmalı idi. “Qazprom”un satacağı bu təbii qaz Qaradağ metanol zavodunun tam gücü ilə işləməsini 100 faiz təmin edəcəkdi.

AzMeCo 2007-ci ildə yaradılıb və 2013-ci ilin dekabrında istismara verilib. Zavodun istehsal gücü ildə 720 min ton təşkil edir.

Zavod iş adamı Nizami Piriyevə məxsusdur. Nizami Piriyev Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə hədəfə gələn iş adamlarındandır. O, Beynəlxalq Banka külli miqdarda borcu olduğuna görə DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılmışdı. Bir müddət sonra isə borcunun müyyən hissəsini ödədiyinə görə sərbəst buraxılıb. Bəzi iddialara görə, Nizami Piriyevin banka 1 milyard manat borcu var imiş.