MTN işində Əliyevin məsuliyyəti

ilham eldarBu qədər kadr «brak» çıxırsa, deməli, hökumət yerində deyil

Ölkədə maraqlı proseslər gedir. Daha doğrusu elə bir proses gedir ki, hakimiyyət komandasının siması tam açılır.  Deməli, əvvəlcə hər hansı bir şəxsi böyük vəzifəyə gətirirlər, var-dövlət sahibi olmasına şərait yaradırlar, fəxri adlarla təltif edirlər, bu şəxsin qohum-əqrəbasına geniş imkanlar yaradırlar və bu şəxs “vurulan” kimi  cinayətkara çevrilir.

Bəli, dünənə qədər xalqa böyük şəxsiyyət, öz işinin öhdəsindən gələn peşəkar kimi təqdim edilən adamlar istefaya göndərilən kimi qanunsuz əməlləri ortaya qoyulur.

Məsələn, uzun müddət Azərbaycanın Müdafiə Naziri olmuş, müxtəlif ordenlərlə təltif edilmiş Səfər Əbiyev vəzifədən gedəndən sonra məlum oldu ki, Müdafiə Nazirliyində ciddi korrupsiya var, adamlar vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Hətta Müdafiə Nazirliyinin müxtəlif strukturlarında araşdırma aparıldı, xeyli vəzifəli şəxs həbs edildi.

Təbii ki, ölkənin bütün sahələrində olduğu kimi, Müdafiə Nazirliyində də ciddi korrupsiyalar baş verib. Amma nə hikmətdirsə, bu cinayət əməllərinin üstü yalnız cavabdeh şəxslər “vurulandan” sonra açılır. Ancaq, uzun illər idi  mətbuat ordudakı neqativ hallardan yazırdı. Hökumət sözçüləri isə bunu qərəz, dövləti gözdən salmaq istəyən qüvvələrin planı kimi təqdim edirdilər.

Yaxud Avropa Birliyindəki səfirimiz Arif Məmmədovun taleyinə nəzər salaq. Adam 20 ildir ki, Azərbyacanı təmsil edir. Amma hakimiyyətin müəyyən addımlarını tənqid etdi və ən ağır ittihamlarla üz-üzə qaldı. Siyavuş Novruzov onu “erməni” adlandırdı, prokurorluq bu illər ərzində Arif Məmmədovun  külli miqdarda yeyintiyə yol verdiyini iddia etdi və barəsində cinayət işi açıldı. Bəli, dünənə qədər ən kristal adam kimi təqdim edilən Arif Məmmədovu məlum statusundan sonra vətən xaininə çevirdilər.

Bugünlərdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu YAP haqqında tənqidi fikirlər səsləndirdi və dərhal qarşı tərəfdən cavab gəldi ki, Eldar Sabiroğlu vəzifədə olarkən ermənilərə məxfi informasiyalar ötürürmüş.

Bir müddətdi Nəqliyyat Nazirliyi ətarafında “qara buludlar” gəzişir. Avtovağzal Kompleksi çat verir, Dəmiryolu Nazirliyin kurasiyasından çıxarılır və digər strukturlar da yavaş-yavaş alınır. Necə olur ki, bir adam nazir təyin edilir, qohum-əqrəbası yüksək vəzifələrə, mükafatlara layiq görülür, ölkənin nəqliyyat sektoru bu adama həvalə edilir və 20 ildən sonra “o yarıtmaz adamdı” təbliğatı aparılır… Əgər bu adam yaxşı kadr deyilsə, niyə bu posta gətirilir və uzun illər bəh-bəhlə təqdim edilir?

Indi isə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu “vurdular”. Bəzi generallar həbs edilib, hətta keçmiş nazirin özünün həbs olunması xəbəri də yayılıb. Üstəlik, bəzi millət vəkilləri Eldar Mahmuodovu kəskin tənqid etməyə, onun fəaliyyətindəki nöqsanları sadalamağa başlayıb. Hətta Eldar Mahmudovun korrupsiya əməllərindən danışanlar da var.

Bütün bunları niyə sadalayırıq və bu yazının əsas canı nədir?

Əvvəla məlum olur ki, hakimiyyət komandasında heç kimin təmiz olmadığını hakimiyyət özü etiraf edir. Bəli, ölkə başçısı səviyyəsində etiraf olunur ki, bütün kadrlarımız korrupsioner, yarıtmaz, yararsızdır. Ölkənin ən strateji postlarını tutmuş, uzun illər dövlətin sütunlarına “qarovul” çəkmiş adamlar “brak” çıxır. Deməli, bu hakimiyyətin komandası haqqında yazılanlar, deyilənlər həqiqətdir. Deməli, YAP hakimiyyəti ən strateji postlara ən yararsız adamları yerləşdirib.

Ikincisi və ən əsası budur ki, baş verənlərin birbaşa məsuliyyətini ölkə başçısı daşıyır. Çünki, bu adamları vəzifəyə təyin edən, onları “Şərəf”ləndirən, “Şöhrət”ləndirən, bu adamların fəaliyyətinə uzun illər “əla” deyən məhz ölkə başçısı olub. Bəli, Ilham Əliyev geniş müşavirələr keçirib, bu adamlara “ölkəni düzəldin” tapşırığı verir. Bir müddətdən sonra isə həmin adamlar haqqında  “ölkəni dağıdırlar” təqdimatı verir.

Əminliklə demək olar, sabah Səhiyyə Naziri, Ekologiya Naziri, Idman Naziri və digərləri də vəzifədən azad edilsə, nəticə eyni olacaq. Yəni bu adamlar haqqında da “tərcümeyi-hal” yazılacaq.

Bir daha qeyd edirik ki, biz bu adamların günahsız olduğunu iddia etmirik. Əksinə, bu komandanın korrupsiya üzərində bərqərar olduğunu bildiririk. Sadəcə olaraq demək istəyirik ki, vəzifəli şəxslərin “vurulduqdan” sonra “cinayətkar” kimi təqdim edilməsi, hakimiyyəti yönətənlərin özlərinin  ifşasıdır. Deməli, bu adamların kimliyi uzun illər bəlli olub, sadəcə olaraq indiki məqamda maraqlar toqquşub.

Bir sözlə, baş verənlərə ilk növbədə ölkə başçısı cavab verməlidir. Necə olur ki, uzaqgörən, dünya liderlərinin paxıllıq etdiyi prezidentin ətrafındakılar korrupsioner, xəyanətkar çıxırlar? Əgər ölkə başçısının bütün təyinatlarının altından “pis qoxu” gəlirsə, bu ölkənin taleyi necə olacaq?

Necə ki, bir idmançının qızıl medal qazanmasını “Ilham Əliyevin uğuru” kimi təqdim edilər, eləcə də bütün istefaya göndərilən kadrların korrupsioner çıxmasına görə də Ilham Əliyev məsuliyyət daşımalıdır.

Fakt budur ki, komandanın “vurulan” üzvlərinin heç biri haqqında rejimoloqlar müsbət xarakteristika vermir.

Akif