Ziya Məmmədovun ortağı barədə şok faktlar

«AQ Inşaat Servis»in sahiblərindən olan Qulam adlı şəxs vaxtilə dövlət çevrilişinə görə istintaqa cəlb olunubmuş

“AQ Inşaatçı Servis” MMC-nin sahibləri barədə yeni məlumatlar əldə etmişik. Qeyd edək ki, ötən həftə Respublika Prokurorluğu MMC-nin sabiq direktoru Şakir Əliyevin həbs olnuması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Şakir Əliyev cəmiyyətin direktoru vəzifəsində çalışarkən dələduzluq yolu ilə vətəndaşların 1 milyon 243 min manat pulunu mənimsəyib.
Lakin “Azadlıq”ın apardığı araşdırmalar nəticəsində məlum olmuşdu ki, Şakir Əliyev sabiq direktor olmayıb. O, həbs edilənədək bu vəzifədə çalışıb. Amma Şakir Əliyevin həbsindən sonra MMC-nin sahibləri istintaqda onun sabiq direktor kimi qələmə verilməsinə nail olublar.
MMC-nin sahiblərinə gəlincə, bunlar nəqliyyat naziri Ziya Məmmədovun biznesində əhəmiyyətli rol alan Akif və Qulam adlı şəxslərdir. Cəmiyyətin adındakı “A” və “Q” hərfləri də bu şəxslərin adlarının baş hərfləridir.
Dünən əldə etdiyimiz məlumatlara görə, Qulam vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra “Gənclik”də “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulama verib. Bu şəxs barədə ilginc faktlardan biri vaxtilə onun dövlət çevrilişinə görə istintaqa cəlb olunmasıdır. Goranboylu olan Qulam keçmiş briqada komandiri Rasim Əkbərovla sıcaq münasibətləri olub. Briqada komandiri Heydər Əliyevə asi olanda Qulam da ona dəstək verib. Bu onun “Əkbərov işi”lə bağlı aparılan istintaqa cəlb olunması ilə nəticələnib. Lakin naməlum səbəblərdən Qulam sudan quru çıxa bilib.
Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu posta təyin olunmasında da Qulamın mühüm xidmətləri olub. Həmçinin Goranboyun sabiq deputatı Gültəkin Hacıyevanın 2010-cu il parlament seçkilərindən kənarda saxlanılmasında da Qulamın rolu var.
“AQ Inşaat Servis”in digər sahibi Akifə gəlincə, o, keçmiş polis olub. Onun vaxtilə Gəncə aeroportunun rəisi vəzifəsində çalışdığı bildirilir. Məlumatlarda həmçinin qeyd olunur ki, Akiflə Qulam arasında bir müddət narazılıq yaranıb. Lakin MMC-nin adında hələ də Akifin adının baş hərfinin saxlanıldığına görə problemin yoluna qoyulduğunu söyləmək mümkündür.

Informasiya şöbəsi

HƏMÇININ BAX:

Ziya Məmmədovun ortağı həbs edildi