Suriyaya hərbi müdaxilə gündəmə gəldi

ABŞ Suriyadakı səfirini geri çağırdı

Bəşər Əsədə isə «Səddamdan dərs götür» çağırışı oldu

Qəzzafinin öldürülməsindən və Liviyada NATO əməliyyatlarının dayandırılmasından sonra Suriyada Əsəd rejiminə qarşı eyni ssenarinin təkrarlanması gündəmə gəlib. Iordaniyada keçirilən Dünya Iqtisadi Forumunda çıxış edən amerikalı senator Con Makkeyn Suriyaya hərbi müdaxilənin qaçılmaz olduğunu söyləyib. Hələ ki, senatorun təklifinə nə rəsmi, nə də hərbi mənbələrdən münasibət bildirilib.
Bununla yanaşı, ABŞ Suriyadakı səfiri Robert Fordu geri çağırıb. Türkiyənin “Hürriyyət” qəzetinin yazdığına görə, Fordun paytaxt Dəməşqdən təhlükəsizlik məqsədilə geri çağırıldığı açıqlanıb.
ABŞ səfirinin geri çağırıldığı haqda Qərb diplomatları məlumat verib. Maraqlı burasındadır ki, səfirin geri çağırılması Suriyada hərbi əməliyyatlara başlamağın vaxtının gəlib çatdığına dair səslənən fikirlərin təklif edilməsilə eyni vaxta təsadüf edib.
Bu arada, Iraqın şimalındakı regional kürd müxtariyyətinin baş naziri Berhan Saleh Əsəd rejimini ciddi islahatlara başlamağa və vətəndaşlara qarşı zorakılığı dayandırmağa çağırıb. O, Bəşər Əsədin Səddam Hüseynin başına gələnlərdən dərs almalı olduğunu söyləyib: “Səddam Hüseyn rejimi qədər zalım bir rejim yox idi. Ancaq sonunda Səddam asıldı”.