Tunisdə ilk azad seçki

Bu ölkənin “AK Parti”si irəlidədir

Bu ilin əvvəlində diktaturaya qarşı inqilabın baş verdiyi Tunisin dövlətçilik tarixində ilk azad seçki baş tutub. Seçkinin ilkin nəticələrinə əsasən, xeyli müddət ölkədə qadağan olunan islamçı partiya seçkidə daha çox səs toplayıb. Asayişin təminatına hərbçilərin nəzarət etdiyi sekçi zamanı kiçik pozuntulardan savayı heç bir zorakılıq qeydə alınmayıb.

İlk seçkidə minlərlə müşahidəçinin iştirak etdiyi bildirilir. Ölkəsinin gələcək konstitusiyasını yazacaq və ölkənin yeni hökumətini təyin edəcək 217-üzvlük assambleyanın səsverməsi böyük insan axını ilə müşahidə olunub. Səs verənlər arasında baş örtüyü taxmayan qadınlar, keçmiş siyasi məhbuslar, “Facebook” kimi sosial şəbəkələrdə “Ərəb baharı”nın “katalizatorları” olmuş gənclər iştirak edib.

Yekun qərarın 2 gün ərzində veriləcəyi bildirilsə də, bir çox mənbələr artıq islamçı “Ennahda”nın qələbə çaldığını bildirib.

6 nömrəli Əl Mənzəh rayonunda seçki məntəqəsində baş örtüklü həyat yoldaşı və qızı ilə səsvermədə iştirak verən “Ennahda” partiyasının lideri Rəşid Qannuçi səsvermənin “Tarixi bir gün” olduğunu qeyd edib, Tunisin ikinci dəfə dünyaya gəldiyini bildirib.

Bununla belə, adı çəkilən liderin kütlə önündə peyda olması birmənalı qarşılanmayıb. Kütlədən bir neçə nəfər, “Londona qayıt”, “Rədd ol” , “Sən terrorçu və qatilsən” kimi şüarlar səsləndirib.

22 il Britaniyada sürgündə olan Qannuçi partiyasının Türkiyə baş naziri Rəcəp Tayyib Ərdoğanın bərqərar etdiyi müasir islamizm əsasında qurulduğunu və cəmiyyətin idarəçiliyində İslam dəyərlərinin hakim olmayacağını bildirib (anspress).