Lerikdə ölən iki körpəni ataları boğubmuş

Lerikdə iki azyaşlı bacının yatıb-durmaması barədə “Azadlıq”ın ötən sayında məlumat vermişdik. Məlum olub ki, bir və iki yaşlı bu uşaqları doğma ataları qətlə yetirib. Bu barədə Lerik rayon prokuroru Salman Səmədov “anspress”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, oktyabrın 23-də Lerik rayonunun Kürdəsər kəndində iki azyaşlı – 2009-cu il təvəllüdlü Dilbər və 2010-cu il təvəllüdlü Filizi öldürənin onların doğma ataları olduğu müəyyənləşdirilib.
“35 yaşlı Əmrah Xıdır oğlu Süleymanov oktyabrın 23-də gecə yaxınlıqdakı kənddə toydan evə sərxoş gəlib. Həyat yoldaşı ilə ailə-məişət zəminində mübahisə edərək, qadını evdən qovub. Daha sonra özü ilə gətirdiyi içkini içib və yatmaq istəyib. Bu vaxt körpələr ağlamağa başlayıb. O da uşaqların səsinə əsəbiləşib və balıncla uşaqları boğub”, – deyə Salman Səmədov vurğulayıb.
Qeyd edək ki, Əmrah Süleymanov artıq həbs olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Xatırladaq ki, azyaşlı Dilbər və Filiz oktyabrın 23-də səhər saatlarında yataqlarında ölmüş vəziyyətdə aşkarlanıb. Körpələrin ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün onların meyitləri məhkəmə-tibbi ekspertizası tərəfindən müayinə edilib. Əmrah Süleymanov əvvəlcə cinayətini gizlətməyə çalışıb və polisə yalan ifadə verib: “Yoldaşım yemək bişirmişdi, axşam yedik. Sonra uşaqlara peçenye verdim, yedilər. Yatdıq. Səhər yoldaşım dedi ki, uşaqlar ölüb. Körpələri durub tərpətdim, gördüm uşağın balacası göyərib, ölüb. O birisi də durmur. Gördüm bədəni istidir, amma uşaq durmur, gözlərini yumub”.