
Son məlumatlara görə, 279 nəfər ölüb, 1300-ə yaxın yaralı var
Amma ölülərin sayının 1000 nəfərə qədər artacağı istisna olunmur
Türkiyədə dəhşətli zəlzələ baş verib. Oktyabrın 23-də yerli vaxtla 13.41-də Van şəhərində qeydə alınan zəlzələnin gücü 7,2 bal olub. Son rəsmi məlumatlara görə, zəlzələnin baş verdiyi Van və ətraf kəndlərdə 279 insan həyatını itirib. Yaralıların sayı isə 1300-ə yaxındır. Vanın Erçiş rayon mərkəzində 80-ə yaxın çoxmərtəbəli bina çöküb, dağıntıların altında sağ və vəfat etmiş insanların olduğu istisna deyil. Türkiyəli mütəxəssislər ölülərin sayının 700-1000 nəfərə qədər arta biləcəyini deyiblər.
Erçiş rayonuna gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da dağıntılar altında qalanların olduğunu və ölülərin sayının arta biləcəyini dilə gətirib. O, Vanın kəndlərində olan kərpic evlərin böyük əksəriyyətinin uçduğunu qeyd edib. Rəcəb Tayyib Ərdoğan dünən axşama qədər Azərbaycan, Iran və Bolqarıstandan humanitar yardımın gəldiyini bildirib.
Ilk yardım Azərbaycandan gəldi
Xatırladaq ki, Türkiyəyə ilk yardım göndərən ölkə isə Azərbaycan olub. “Hürriyyət” qəzetinin yaydığı məlumata görə, çərşənbə axşamı Izmirdə baş tutacaq təməlqoyma mərasimində iştirak etmək üçün Türkiyəyə səfər etməyi planlaşdıran Azərbaycanın dövlət başçısı Ilham Əliyevin təlimatıyla Fövqəladə Hallar Nazirliyi bu ölkəyə 2 təyyarə avadanlıq və 140 nəfərlik xilasedici göndərib.


150 dustaq zəlzələdən “faydalandı”
Bu arada, zəlzələ nəticəsində Vandakı “M” Tipli Qapalı Həbsxananın dağıldığı və 150 qədər məhkumun qaçdığı da məlum olub. Sonradan məhkumların 50 nəfəri təlaşa düşərək qaçdıqlarını deyiblər və geri qayıdıblar. 100 məhkum isə axtarılır.
25 saat sonra yaşanan ilk möcüzə


Zəlzələnin ən güclü hiss edildiyi və daha çox dağıntılar olan Vanın Erciş kəndində 13 yaşlı Hilal Altınkaynak təxminən 25 saatdan sonra dağıntılar altından sağ çıxarılıb. Səhra xəstəxanasına yerləşdirilən Hilal Altınkaynak dağıntılar altında qalan anası və qardaşlarının qurtarılmasını istəyib.
Van gölü daşa bilər
Son 10 ildə Türkiyə ən güclü zəlzələ baş verən dövlətlərdən biridir. CNN telekanalının məlumatına görə, Van gölünün suyu daşa bilər. Televiziyanın meteorologiya mütəxəssisi Reynold Volf Van gölünün belə seysmik xassəyə malik olduğunu bildirib: “Van gölünün suyunun yerini dəyişməsi, əsasən qərb tərəf olmaqla, yaxın bölgələrin su altında qalmasına səbəb ola bilər”.


Irəvan Türkiyəyə “yardım əlini” uzatdı
Ermənistan Türkiyəyə Van bölgəsində baş vermiş zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün öz yardımını təklif edib. Bu barədə Ermənistan prezideni Serj Sərkisyanın teleqramında bildirilir: “Çox hörmətli cənab prezident! Vanda dağıntılar və insan tələfatı ilə müşayiət olunan zəlzələnin baş verməsi xəbərini dərin kədər hissi ilə qarşıladım. Bildirirəm ki, Ermənistanın xilasedicilərdən ibarət xüsusi təyinatlı qrupu ən qısa zamanda zəlzələnin episentri olan əraziyə gedərək xilasetmə işlərinə başlaya bilər”.
Ankaradan Israilin təklifinə rədd cavabı


Türkiyə zəlzələnin fəsadlarının aradan qaldırılmasıyla bağlı Israilin yardım təklifini qəbul etməyib. “Kanal 2” telekanalına açıqlama verən Israilin müdafiə naziri Ehud Barak zəlzələdən ziyan çəkmiş insanlara yardım etmək təklifilə çıxış etdiklərini deyib. Lakin Türkiyə tərəfi bu yardımdan imtina edib. Nazir onu da əlavə edib ki, təklifləri qüvvədədir və əgər Türkiyə ehtiyac görərsə, Israil kömək göstərməyə hazırdır.



